525.Az

İranlı Mühacirlər Cəmiyyətinin təklifi: 20 Yanvarı Azərbaycan Şəhidləri Günü kimi qeyd edək


 

İranlı Mühacirlər Cəmiyyətinin təklifi: <b style="color:red">20 Yanvarı Azərbaycan Şəhidləri Günü kimi qeyd edək</b>

Yenə yanvarın iyirmisidir. Paytaxtımızın bütün yolları sübh tezdən Şəhidlər Xiyabanı ilə kəsişir.

Rayon mərkəzlərində, qəsəbə və kəndlərdə şəhidlərin şərəfinə ucaldılan abidələr önündə də qələbəlikdir. İzdihamın - yüzlərin, minlərin əllərindəki qərənfillər, çələnglər Vətən övladlarının ölməz qəhrəmanlara hüsn-rəğbətinin, xatirələrinə əbədi ehtiramlarının bariz təcəssümüdür. Ötən illərin fəxarət duyuran tendensiyasının bu axına da hakim kəsildiyi şəksizdir: Şəhidlər üçün ağlamazlar, göz yaşı tökməzlər.

Daha qərənfillər də ağlamır. Sanki onlara da bəllidir ki, şəhidlik əbədilik rəmzi olduğundan mütilik, göz yaşları ruhu incidər, hansı amalın yolunda canın qurban verildiyini unutdurar.

Ömrümüzdən xərclədiyimz 27 il təsdiqləyib ki, biz bir millət olaraq nikbinliyimiz, qətiyyətimiz və dönməzliyimiz sayəsində suveren dövlətimizin bərpası ilə kifayətlənməmiş, dünyanın siyasi xəritəsindəki əbədiliyinə beynəlxalq inamı yarada bilmişik. Şəhidlik şərbətini içən igidlərimizin ruhları Vətəni, azadlığımızı çiyinlərində saxlayan möhtəşəm dayaqlardır. Əbədi, sarsılmaz dayaqlardır. Görün onları əvəzləməyi, çiyinlərini müqəddəs ağırlığın altına verməyi özlərinə şərəf sayan nə qədər könüllümüz növbədədir. Ötən ilin Aprel Zəfəri bir daha göstərdi ki, belə potensiala malik xalqın torpağı işğal altında qala bilməz. Məsələnin tam həllinin sadəcə vaxta, zamana ehtiyacı var.

Şəhidlər həm də bəşəri ucalığa, əbədi yaşama görə bizlərdən qat-qat  zirvələrdə olan  müqəddəs insanlardır. Sinnlərindən bir əsr sonra belə onlar şəhadətə qovuşduqları yaşda qalacaqlar. Bizlərin isə ömrünə illər calanmaqdadır. Üstəlik hər il 20 Yanvarda onların ruhları qarşısında hesabat vermək öhdəliyimiz mövcuddur.

Ölkəmizdə bir sıra əlamətdar günlər, bayramlar var. Zənnimcə ikisinin yeri boş görünür. Biri Azərbaycan Şəhidləri Günü, digəri Ümummilli Zəfər Bayramıdır. Olaylar göstərir ki, erməni işğalçılarının zəbt etdikləri əraziləri könüllü tərk etmələri variantı nisbidir. Bu missiya özünü yeni-yeni qələbələrə kökləyən Azərbaycan Ordusunun üzərindədir və sonuncu düşməni sərhədlərimizdən qovacağı gün tariximizə Ümummilli Zəfər Bayramı kimi yazılacaq. Təbiidir ki, döyüşlər itkilərsiz, şəhidlərsiz keçməyəcək. Və parlaq salnaməyə 70 il əvvəl çiyinlərində silah Arazın bu tayına, doğmalarına pənah gətirən "21 Azər" Hərəkatı iştirakçıları övladlarının, nəvələrinin də yeni adları həkk ediləcəkdir.

Dediklərimə qətiyyətlə inanın. Sözümüzü respublika miqyasındakı şəhidlər xiyabanlarına sizləri ani ziyarətə dəvət etməklə sübuta yetirmək iqtidarındayıq. Bakıda 20 Yanvar Xiyabanında əbədi ünvanını tapan 22 yaşlı Saleh Poladi. Əmisi - Arazın o tayında "21 Azər" idealları uğrunda həlak olan Saleh Poladi ilə eyni yaşda idi. 25 il əvvəl Salyanın ilk şəhidi Azər Əzizağa oğlunu son mənzilə yola saldıq. Fədai Abbasqulu Abbərinin nəvəsinin mərasiminə İranda yadelli işğalçılara qarşı döyüşlərdə həlak olan şəhidin atası-babasının qardaşı da gəlmişdi.

Mingəçevir şəhər 13 saylı orta məktəb fədai Əlihüseyn müəllimin oğlu Noel Ahəngərinin, Tərtər şəhərinin iri küçələrindən biri pulemyotu ilə onlarca düşməni gəbərdən zabit Famil Qulaminin adını daşıyır. Milli Qəhrəman, "Azadlıq uğrunda mübariz" fəxri adlarına, orden və medallara layiq görülən yüzləri nümunə gətirməklə misalları davam etdirmək mümkündür. Lakin əsl mətləbə qayıtmaq istərdik.

20 Yanvara "qara yanvar" deməyə heç vaxt dilim, qara hərflərlə yazmağa əlim gəlməyib. İgid qanının rəngi bəllidir. Qırmızı həm də mübarizlik, şəhidlik rəmzidir. Hələ 110 il əvvəl Səttərxan fədailərinin dili ilə deyilən bənddə sinədən axan qanın: "Əsgəranıq ki, hünər göstərib ənam alırız!" bənzətməsini yada salmaq kifayətdir.

20 Yanvarın beynəlxalq imperializmin nökəri M.Qorbaçovun SSRİ-nin dağıdılmasına yönələn ssenarisində yer alan sabotajların, xalqlar arasında süni ədavət və düşmənçiliyin genişləndirilməsinə istiqamətlənən qırğınların tərkib hissəsi olduğu söylənildi. Bu faciənin həmin yolda baş məşq, ən qanlı səhifə olduğu göstərildi.

Bildirildi ki, əgər Ümummilli Liderimiz Heydər Əliyev kimi xalqlar arasında əmin-amanlığın təminatçıları hadisələrdən əvvəl hakimiyyətdən uzaqlaşdırılmasaydı proseslər ən azı belə dramatik şəkil almazdı.

Yığıncaqdan əvvəl təklif olundu ki, 20 Yanvar Beynəlxalq Şəhidlər Günü kimi qeyd edilə bilər. Ehtiramla yanaşılaraq XX əsrin total dəhşətləri xatırlandı. Bildirildi ki, gərək Əlcəzairdə Fransanın əsarətindən qurtulmaq istəyən xalqın canlarından keçən 3 milyonunun, Qrenadanın dövlət müstəqilliyini ABŞ təcavüzkarlarından qoruyarkən şəhadətə qovuşan prezident Moris Bişopun və silahdaşlarının, son nəfəsinətək döyüşmüş sabiq Çili rəhbəri Salvador Alyandenin... haqlarına şərik çıxasan. İranda 1978-ci ilin Qanlı Dekabrı da xatırlandı.Həmin qün ölkənin iri şəhərlərində 4000 nəfər dinc adam şəhid oldu. Onlar 2500 ilin şahlıq rejiminə son qoymaq istəyiblər. Nəticəyə gəldik ki, 20 Yanvar - Azərbaycan Şəhidləri Günü kimi təsis edilməlidir. Çünki həmin tarix ümummilli statusa daha çox haqq edən  gündür. Yenə o taylı, bu taylı aspektə, ən azı yüzillik tarixə nəzər salındı. Həhayət 20 Yanvarın üzərində dayanıldı.

Gəlin bizlər də tarixə ekskursiya edək. Öncə Səttərxanı (1905-1911-ci illərin İran inqilabı), Şeyx Məhəmməd Xiyabanini (1918-1920-ci illər) xatırlayaq. Onlar yaşadıqları dövlətin ərazi bütövlüyünə xələl gətirməyən Azad Azərbaycan ideallarına köklənmişdilər. Əldə silah daxili və xarici düşmənlərə qarşı döyüşlərdə şəhid oldular. Seyid Cəfər Pişəvərinin 1945-1946-cı illərdə qurduğu Milli Hökumət də bölücülük iddialarını qəbul etmirdi, fəqət bir xalqın azad nəfəs almasını hər şeydən üstün tuturdu. Nəticəsi bu oldu ki, on minlərlə azadlıqsevər bir gündə dara çəkildi, güllələndi, üç yüz min nəfər İranın ilan mələyən cənubuna, səhralığına ailəliklə sürgün olundu.

Bəli, dekabrın 12-si həm "21 Azər" Hərəkatının qələbəsi, həm də süqutu günüdür. Qələbə ifadəsi təbii ki, nikbinlik rəmzi kimi bizə daha yaxındır. Ona görə 20 Yanvarın üzərində dayanılması məqbul sayıldı. İranlı Mühacirlər Cəmiyyəti də belə hesab edir ki, 20 Yanvar dünyaya səpələnmiş əlli milyonluq azərbaycanlının Şəhidlər Günü kimi tarixinə qızıl hərflərlə salınmağa layiq günüdür. Bu bizim təklifimizdir. Müzakirəsi və nə dərəcədə qəbul olunması bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müzakirəsində və səlahiyyətində olan məsələdir. 

Şəhidlərə ağlamayın
Ah-naləyə baş daşı da tab gətirməz
Şəhidlərə göz yaşları axıtmayın
Selə, suya baş daşı da tab gətirməz
Siz ey Vətən övladları
Həm o taylı, həm bu taylı qanadlarım
Nə qədər ki, torpaqlar var əsarətdə
Nə qədər ki, şəhid ruhu xəsarətdə
İli ilə calamayaq
Gəlin yazaq tarixə biz Zəfər Günü
Bu xoş xəbər şahidlərdən şəhidlərə
Salam olsun!
Bir əbədi müjdə olsun!

Bakı şəhəri, 20 Yanvar 2017-ci il

 





26.01.2017    çap et  çap et