525.Az

Gəncəbasarın qədim suvarma arxları bərpa edildi


 

ÖTƏN İL GÖYGÖL RAYONUNDA 36 MİN HEKTARA YAXIN ƏKİN TORPAQLARININ SUVARILMA TƏMİNATINDA ONLARIN DA PAYI VAR

Gəncəbasarın qədim suvarma arxları bərpa edildi<b style="color:red"></b>

Aqrar istehsalın əsas şərtlərindən biri heç şübhəsiz, sahələrin etibarlı suvarma təminatıdır. Bu baxımdan, yerlərdə suvarma sistemlərinin təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir.

Göygöl rayonunda da əkinə yararlı torpaqların su təchizatı ilə bağlı məsələlərin həllində istər yeni irriqasiya sistemlərinin yaradılması, istərsə də ta qədimdən mövcud olan su mənbələrinin səmərəli istismar həddinə çatdırılması diqqət mərkəzində saxlanılır.

Göygöl rayonunun ərazisi əsasən dağlıq və dağətəyi zonalardan ibarət olduğundan, buranın suvarma sistemlərinin təşkili çoxşaxəli yanaşma tələb edir. Bu isə istər yeni, istər də  uzun illər ərzində mövcud olan suvarma mənbələrinin səmərəli istifadəsinin vacibliyi məsələsini gündəmə gətirir. Odur ki, rayonda torpaq sahələrinin suvarılmasında kanallar, artezian quyuları, su nasos stansiyaları ilə yanaşı, Gəncəçay, Kürəkçay və Qoşqarçayın suyundan, o cümlədən, bu mənbələrdən gələn və müasir kanallar səviyyəsinə çadırılmış bir neçə  arxdan  istifadə edilir.

Ötən 2016-cı ildə Göygöl rayonu ərazisində 35857 hektar əkin sahələrinin suvarılması təmin edilib. O da maraqlıdır ki, tarixən  bu tərəflərin əkinlərinin suvarılmasında geniş istifadə olunan, bol su axınlı, uzunluğu 17 kilometrə çatan, hələ orta əsrlərdən Gəncə və onun ətrafında əkinçiliyin əsas suvarma təminatçılarından biri sayılan, Sovet dövründə, 1953-cü ildə təkrar istismara verilmiş Xan Arxı, həmçinin 25 kilometrlik Ərəbli Arxı ötən il hidrotexniki qurğularıyla birgə bərpa edilib, onların dib və ətraflarında betonlama işləri aparılıb və necə deyərlər, müasir standartlar çərçivəsinə salınıb. Bundan başqa Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arx və kanalları da texniki cəhətdən möhkəmləndirilib. Bu tədbirlər aqrar istehsalın müxtəlif sahələrinə aid sahələrin suvarılması işini qaydaya salıb.

"Bu mənbələrdən başqa, rayonumuzda suvarmada 253 ədəd subartezian quyusunun və 10 ədəd su-nasos stansiyasının suyundan da istifadə olunur. Ölkə başçısının tapşırıqlarına müvafiq olaraq, rayonda daha 8 ədəd subartezian quyularının qazılması istiqamətində işlər aparılır"-deyə, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirir.

Müsahibimiz ötən 2016-cı ildə Göygöl rayonunda 5 min hektara yaxın taxıl, 1400 hektara yaxın yem, 760 hektar tərəvəz və bostan bitkiləri, həmçinin 600 hektara yaxın kartof və digər əkin sahələrinin suvarılmasının təmin olunduğunu da vurğulayır.

"Hal-hazırda taxıl sahələrinin 500 hektarının birinci suvarılması başa çatdırılıb. Həmçinin rayonumuzda bu il min hektara yaxın sahədə şəkər çuğunduru əkilməsi planlaşdırılır ki, bunun da artıq 150 hektarında arat işləri aparılıb"-deyə, İ. Məhərrəmov qeyd edir.

Əlbəttə, suvarma sistemlərinin texniki göstəricilərinin yüksəldilməsi ilk növbədə fermerlərin öz təsərrüfatlarında daha çevik istehsal ritminə nail olmasını təmin edəcək.

"Ötən ildən etibarən suvarma təminatımızın yaxşılaşması əkin sahələrimizi genişləndirməyə imkan yaradıb. Mən öz təsərrüfatımda bu mövsümdə 30 hektar şəkər çuğunduru, 20 hektar günəbaxan və 5 hektar meyvə əkib-becərmişəm"-deyə, Göygöl rayonunun Qırıxlı kənd sakini, fermer Alik Abbasov bildirir.

"Su əsas şərtdir. Artezian və kanalların şaxələndirilməsi, eləcə də Şəmkirçay su anbarından rayonumuzun ərazisinə kanal çəkilməsi biz fermerlərdə gələcəyə daha böyük ümidlər yaradıb"-deyə, Göygöl rayon sakini, fermer Vahid Bayramov fikirlərini bölüşür.

Onu da qeyd edək ki,  Şəmkirçay su anbarından götürülən sudan istifadə etməklə Göygöldə daha  3,6 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edə biləcək  layihənin birinci mərhələsi yekunlaşır, ikinci mərhələdə isə müasir qapalı suvarma şəbəkəsinin işə düşməsi bu rayonda daha 3 min hektar sahənin suvarılmasına imkan verəcək.

Zakir MURADOV
Göygöl

 





26.01.2017    çap et  çap et