525.Az

Aylıq müavinət alacaq məcburi köçkünlərin kateqoriyası müəyyənləşdi


 

"AZƏRBAYCANIN MƏCBURİ KÖÇKÜNLƏRLƏ BAĞLI YÜRÜTDÜYÜ SİYASƏT BMT SƏVİYYƏSİNDƏ DƏ QƏBUL OLUNUB VƏ BU SİYASƏT DİGƏR DÖVLƏTLƏRƏ NÜMUNƏ GÖSTƏRİLİR"

Aylıq müavinət alacaq məcburi köçkünlərin kateqoriyası müəyyənləşdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb.

Ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan prezidentinə məlumat vermək, prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Həmçinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

Eyni zamanda, fərmana əsasən müavinət almayacaq məcburi köçkün kateqoriyaları da açıqlanıb.

APA-nın məlumatına görə, məsələ ilə bağlı fikirlərini bildirən Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, öz ailələrini maddi baxımdan təmin edən məcburi köçkün iş adamları var və bu insanların müavinət alması, güzəştlərdən istifadə etməsi düzgün deyil.

Dövlət Komitəsinin sədri bu sahədə qənaət edilən vəsait ehtiyacı olan məcburi köçkünlər üçün yeni mənzillərin tikintisinə, yaxud mənzillərin alınmasına yönəldiləcək: "Bəzi məcburi köçkünlər var ki, böyük vəzifədədirlər. Onlar nə üçün bu imtiyazlardan istifadə etməlidirlər? Dövlət təminatında, yəni, əsgərlikdə, həbsdə olanlar üçün də bu güzəştlər ləğv ediləcək. Hüquq-mühafizə orqanlarında olan zabitlər də bu kateqoriyadan çıxarılacaq".

Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan məcburi köçkünlər üçün güzəştlərin saxlanılacağını qeyd edən Ə. Həsənov bağ, ev alıb özəlləşdirən məcburi köçkünlər üçün isə imtiyazların ləğv olunacağını açıqlayıb: "Bu məcburi köçkünlərin bir qismi artıq siyahıdan çıxarılıb, bir qismi də çıxarılacaq.  Ancaq biz çox istərdik ki, işğal altında olan rayonların İcra Hakimiyyətləri onları siyahılardan çıxarmamışdan əvvəl o insanlar özləri müraciət etsinlər. Hökumət, dövlət də o insanları kifayət qədər qiymətləndirə bilər".

Ə.Həsənov bu həftə müvafiq kriteriyalara cavab verən məcburi köçkünlərin əksəriyyətinin vahid aylıq müavinəti alacaqlarını da açıqlayıb. Dövlət Komitəsinin sədri dövlət ali məktəblərində ödənişli ixtisaslar üzrə təhsil alan qaçqın və məcburi köçkün tələbələrin ödənişdən azad edilməsinin qüvvədə qaldığını qeyd edib: "Məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınması qüvvədədir. Onlar həm də gəlir vergisinin bir hissəsindən azaddırlar. 1992-1998-ci illərdə yaşadıqları mənzillərdən mənzillə təmin olunana qədər çıxarılmaması da qüvvədədir".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, bu qərar islahat xarakteri daşıyır. O, "Azadinform"a bildirib ki, ölkədə ciddi islahatlar yoluna qədəm qoyulub: "İslahatların başlıca istiqaməti xüsusən enerji sahəsində qənaət rejimidir. Buna qədər qaçqınlara yardım üçün kommunal xidmətlərdən istifadəyə görə müəyyən limitlər təşkil edilirdi və ya çörək pulu deyilən bir vəsait anlayışı var idi. Bunlar da həm kasıb və rayonlarda hələ də şəraitsiz yerlərdə məskunlaşan, həm də şəhərdə öz biznesini qurmuş qaçqınlara verilirdi. Amma indi qaçqınların hamısı üçün qazdan, sudan, işıqdan istifadəyə görə limit deyil, 36 manat müavinət ayrılır. Düzdür, o pul ola bilər ki, kimlərinsə tələbatın ödəməsin, ancaq pul onu məcbur edəcək ki, qazdan səmərəli istifadə etsin, evdə olarkən bütün otaqların işığını yandırıb elektrik enerjisinə qənaət etməsin. Adam var ki, televizora baxır, amma suyu açıq qoyur. Təbii ki, bu tək qaçqın və məcburi köçkünlər arasında deyil, Azərbaycanın ərazisinin çox hissəsində sosializmdən qalma belə israfçılıq var".

Politoloqun fikrincə, konkret bütün qaçqınlar üçün pul miqdarının təyin edilməsi onları həm qənaət etməyə vadar edəcək, həm də qaçqınlar komitəsi ilə "Azəriqaz", "Azərsu", "Azərişıq" arasındakı mübahisələrə son qoyacaqdır: "Bundan sonra "Azəriqaz" öz qazını satıb pulunu alacaq. Qaçqın olan şəxs əgər əvvəl qaz istifadə etmək üçün limitini nəzərdə tutaraq daha çox bədxərclik etməyə meyli varıydısa, indi bu meyllər aradan qalxacaq. Hamı bir növ kommunal xidmətlərdən istifadə edərkən aylıq tələbat prinsipinə riayət edəcək və mümkün qədər qənaət etməyə çalışacaqdır. Əlbəttə bu, rayonlarda, məsələn, Beyləqan, Tərtər və bu kimi yerlərdə yaşayan qaçqınlar üçün yetərli olmaya bilər, lakin xeyli vaxtdır ki, artıq onlar da öz təsərrüfatlarını qurub və yeni şəraitə uyğunlaşa biliblər. Bu nöqteyi-nəzərdən ailədə adam başına bir neçə nəfər varsa ayrılan müavinət 100 manatı ötən bir məbləğə gəlib çıxır. Bu da kommunal xərcləri ödəmək üçün yetərli ola bilər". Politoloq hesab edir ki, verilmiş qərar düzgün qərardır: "İslahatlar gedən ölkədə limitlər, yardımlar və bu kimi məsələlər yalnız pul ödəmək vasitəsilə tənzimlənir. Və belə tənzimlənmə də insanlar arasında fərqlilik kateqoriyasını aradan qaldırır. İndiki şəraitdə bu ən düzgün çıxış yoludur".

Milli Məclisin deputatı Elman Nəsirov isə hesab edir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir. O, "Trend"ə bildirib ki, bu fərman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin həyat tərzini daha da yaxşılaşdıracaq: "Əvvəllər bu qrupa aid olan şəxslər məcburi köçkünlərə ayrılan kommunal xidmətlər üçün nəzərdə tutulan limitləri təsdiqlətmək, məcburi köçkün və onlara bərabər şəxs olduğunu sübut etmək üçün aidiyyəti qurumlara arayışlar təqdim edəndən sonra həmin limitlərdən istifadə edə bilirdilər. Amma bu fərmandan sonra həmin arayışlara ehtiyac qalmayacaq. Artıq həmin məbləğ hər kəsin plastik kartına yüklənəcək. Əvvəllər həmin şəxslərə plastik kart vasitəsilə yalnız yemək pulu ödənilirdisə, indi kommunal xidmətlərin pulu da həmin karta köçürüləcək. Bu, prosesi bir az da asanlaşdıracaq. Bu fərman bir daha onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür. Hətta 2017-ci ilin dövlət büdcəsi bir qədər yığcam olsa da, həmin büdcənin 40,3 faizi sosialyönümlüdür".

E.Nəsirov qeyd edib ki, Azərbaycan dövlətinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərlə bağlı yürütdüyü siyasət hətta BMT səviyyəsində qəbul olunub və bu siyasət digər dövlətlərə nümunə göstərilir: "Prezidentin imzaladığı bu fərman da həmin siyasətin davamıdır".

Deputat Elman Məmmədov isə "Şərq"ə  açıqlamasında özünün də məcburi köçkün olduğunu qeyd edərək, prosesin aparılması qaydasını izah edib: "Mən bir neçə il icra başçısı vəzifəsində çalışmışam. Hazırda isə qaçqın və məcburi köçkünləri təmsil edən millət vəkiliyəm. Ona görə prosesin mexanizmi haqqında məlumatlıyam. Həmin vəsait qaçqın və məcburi köçkünlərə  əvvəl də müəyyən formada ayrılırdı. "Çörək pulu" adlandırdığımız vəsait məcburi köçkünün kartına yüklənirdi, onlar bunu nağd şəkildə ala bilirdi. Kommunal xidmətlərə görə, verilən müavinətlər isə ayrı-ayrı təşkilatların hesabına köçürülürdü.  Burada belə məsələ yaranırdı ki, ailələrin bəzisi az, bəziləri çox istifadə edirdi. Bu zaman müəyyən söz-söhbət yaranırdı. İndi məqsəd ondan ibarətdir ki, dövlətimiz tərəfindən ayrılan vəsait həmin məcburi köçkünün plastik kartına yerləşdirilir. Artıq bu pul məcburi köçkünün özünün sərəncamına verilmiş olur. Həmin ailələr özləri hesablayır ki, bu verilən puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə ayıracaq. Bununla başqa iddialara yol verilməyəcək. Burada həmçinin qənaət məsələsi nəzərdə tutulub. Bu mənada hesab edirəm ki, dövlətin ehtiyaclı kateqoriyaya aid insanlara istiqamətlənən bu addımı vaxtında və məqsədəuyğun tədbirdir".

Ceyhun ABASOV

 





26.01.2017    çap et  çap et