525.Az

Məcburi köçkünlərin problemləri dövlətin diqqət mərkəzindədir


 

"ÖLKƏ BAŞÇISI HƏR ZAMAN QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ XÜSUSİ QAYĞI İLƏ YANAŞIR"

Məcburi köçkünlərin problemləri dövlətin diqqət mərkəzindədir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 24-də prezident İlham Əliyev həm məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi, onlara vahid aylıq müavinətlərin verilməsi ilə bağlı fərman, həm də Cəbrayıl rayonunun işğaldan tam azad olunmuş Cocuq Mərcanlı kəndində infrastrukturun bərpasından sonra ilkin mərhələdə 50 ailənin öz doğma torpaqlarına köçürülməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının xüsusilə Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı qərar təkcə məcburi köçkünlər deyil, ümumilikdə ölkə əhalisi tərəfindən böyük sevinclə qarşılanıb. Çünki xüsusi qayğıya ehtiyacı olan təbəqinin sosial təminatının gücləndirilməsi ilə yanaşı Qarabağa qayıdış strategiyasının həyata keçirilməsi azərbaycanlıları erməni işğalı altında olan tarixi torpaqlarımıza bir addım da yaxınlaşdırır. Həmçinin, qeyd etmək lazımdır ki, sonuncu qərar Azərbaycanda nə qədər sevinclə qarşılanırsa, Ermənistan cəmiyyəti və siyasi hakimiyyətində bir o qədər qorxu, narahatlıq və çaşqınlıqla müşaiyət olunur. Çünki bu qərarı həm də Dağlıq Qarabağ münaqişəsi kontekstində rəsmi Bakının İrəvana sarsıdıcı həmləsi kimi qiymətləndirmək lazımdır.

Mövzu ilə bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, prezident İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını nəzərdə tutan sərəncamı hər kəsi hədsiz sevindirib: "Bununla əlaqədar bir neçə məqama diqqət çəkmək istərdim. Təsəvvür edək ki, bir azərbaycanlı iyirmi, otuz, qırx, əlli, yüz il sonra bu sərəncam ilə tanış olur. Adam nə düşünür? Torpağımız işğal olunubmuş. Demək ki, yaşadığı coğrafiyanın həssaslığı baxımından bu Vətən üçün işğal təhlükəsi var və bu təhlükəyə qarşı səfərbərlik mütləqdir. Vətənimiz dəfələrlə işğal edilib. Nə vaxtsa, olubmu ki, işğaldan azad edilmə mühüm dövlət sənədimizdə əksini tapsın? Bu, ilk dəfədir. Torpağımızı işğaldan azad edə bilirik. Millət olaraq bu təpəri özümüzdə tapırıq. Deməli, var olmağa, yaşamağa layiqik".

Deputatın sözlərinə görə, İlham Əliyevin məlum sərəncamı həm yerli ictimaiyyətə, həm də beynəlxalq aləmə mesajdır: "Yeni "aprel müharibəsi" mesajı. Əlbəttə, danışıqlar fayda verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır. Dövlət başçımız bunu dəfələrlə bildirib. "Aprel müharibəsi" onun prinsipial mövqeyinin təsdiqi idi. İmzaladığı Sərəncam isə bir kəndin işğaldan azad edilməsinin timsalında düşmən əsarətində olan hər bir kənd və qəsəbəmiz üçün qurtuluş və nicat yolunun mütləqliyinin vurğulanmasıdır".

Torpağımızın bir qarışının belə işğalda qalmayacağını deyən Ə.Amaşov bildirib ki, 2016-cı ilin "aprel müharibəsi" zamanı xalq olaraq nümayiş etdirdiyimiz əzm və iradə bunu təsdiqləyir: "Prezidentin sərəncamı da xalqın ruhundan qaynaqlanır. Sənədin preambulasına diqqət yetirək: "Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb". Bəli, xalqımız torpağını, doğma yurd-yuvasını azad görmək istəyir ki, orada yaşasın, yaratsın. Cocuq Mərcanlının bərpası ilə ərazi bütövlüyümüzün bərpasına doğru yeni yol açırıq. Yolumuz uğurlu olsun".

Deputat Sahib Alıyev isə bildirib ki, prezident İlham Əliyevin 1994-cü ildə erməni işğalından, 2016-cı ilin aprelində isə Lələ Təpənin geri qaytarılmasıyla onlardan gələ biləcək təhlükədən azad edilən Cocuq Mərcanlı kəndində yeni evlərin və məktəbin tikilməsiylə bağlı verdiyi sərəncam Azərbaycan dövlətinin qətiyyətini, özünə əminliyini və prosesin başladıldığını göstərir: "Onun adı qayıdış prosesidir.

Burada daha bir maraqlı mənzərə üzə çıxır. Baxın, ermənilər aprel döyüşlərindən sonra tərk edib getdikləri evlərinə dönmək istəmirdilər. Baxmayaraq ki, nə həmən evlərə elə böyük xətər dəymişdi, nə oranı qoyub qaçmalarından uzun bir vaxt keçmişdi, üstəlik təkcə rəhbərlikləri deyil, havadarları da onları buna sövq edərək, "gedin evlərinizdə yaşayın sizin üçün təhlükə olmayacaq" deyirdilər. Cocuq Mərcanlıda isə hələlik 50 evin tikilməsinə start verildiyi halda 190 ailə ora dönmək niyyətində olduğunu bildirir. Bu fərqli davranış bir daha onu göstərir ki, ermənilərdə özlərinə və öz dövlətlərinə azərbaycanlılarda olduğu qədər əminlik yoxdur, apreldə baş verənlərin hər an təkrarlana biləcəyini düşünürlər, həmçinin, onlar indi yaşadıqları yerlərə bizim kimi bağlı deyillər. Çünki bu torpaqlar ermənilərin olmayıb. Onlar bura gəlmədilər və təhtəlşüur səviyyəsində də bunu hiss edirlər".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov isə hesab edir ki, prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı  düşmən ölkəyə mesajdır. O, SİA-ya bildirib ki, sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi müvəqqəti olaraq kiçik yaşayış sahəsindən ibarət olacaq, daha sonra isə böyüdüləcək: "Bilirsiniz ki, ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində əldə olunan yüksəkliklər ordumuzun tam nəzarəti altındadır. Əvvəllər ermənilər həmin ərazilərə atəş aça bilərdisə, bu ərazilərin işğaldan azad edilməsi nəticəsində onlar bunu edə bilmirlər.  Dövlət başçısının sərəncamı əsasında tarixi torpaqlarından çıxarılan vətəndaşlarımız öz yurd-yuvalarına tam təhlükəsiz şəkildə qayıda biləcəklər və ermənilər də görəcək ki, Azərbaycan imkanlarından istifadə edərək öz torpaqlarında quruculuq işləri aparır, insanlar öz evlərinə qayıdır".

E. İbrahimovun sözlərinə görə, bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş torpaqlarını geri qaytaracaq və vətəndaşlarımız öz yurd-yuvalarına qayıdıb orada yaşayacaqlar: "Mən ATƏT-də olarkən orada olan erməni deputatlarına dəfələrlə sual verərək bildirdim ki, ərazilərimizi işğal etmisiz, niyə həmin ərazilərdə heç kim yaşamır? Çünki onların orada yaşamağa adamları yoxdur. Hazırda İrəvanın özündə belə erməni qalmayıb. Düşməndə işğal xəstəliyi var. Düşünürəm ki, Ali Baş Komandanın göstərişi ilə haqq-ədalət işimizi həyata keçirəcək, torpaqlarımızı sülh yolu ilə alınmasa, hərbi yolla geri qaytaracağıq. Bu baxımdan Azərbaycan prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı bu yolda ilk addım və ermənilərə bir mesajdır".

Prezidentin son günlər qəbul etdiyi digər fərmanlarla bağlı fikirlərini bildirən deputat Tahir Rzayev isə qeyd edib ki, dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar. O, "Olaylar"a bildirib ki, lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması dövlət başçısının hər zaman diqqətindədir.

Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu xatırladan deputat qeyd edib ki, ölkəmizdə bu həssas təbəqəyə göstərilən diqqət bu gün də davam etməkdədir: "Hazırda Avropa 200-300 min qaçqının əlində əsir qalıb. Bununla bağlı nə qədər münaqişələr yaranır, sərhədlər bağlanır, həmin ölkələrin daxilində qaçqın və məcburi köçkünlərə münasibət gərginləşir. Lakin Azərbaycan 1988-ci ildən bu prosesin içərisindədir. O zamandan 27  il ötməsinə baxmayaraq, ölkəmizdə olan məcburi köçkünlərin hamısı yerləşdirilib, yaşayış  şəraiti yaxşılaşdırılıb, mənzillərlə təmin edilib, hətta bəziləri fərdi evlərlə təmin olunublar. Bu o qədər də asan proses deyil. Bütün  çətinliklərə, eləcə də dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ dövlət başçısının qarşısında duran ilk məsələlərdəndir və onlara göstərilən qayğı bundan sonra da yaxşılaşdırılmalıdır".

T. Rzayev əlavə edib ki, qaçqınlar respublikanın bütün ərazilərində yerləşdiyi üçün əvvəllər onlara ayrılan xərc və kommunal müavinətlərin ayrılmasında müəyyən mübahisələr yarada bilirdi: "Bu baxımdan prezidentin fərmanı zamanında və düzgün atılan addımdır".

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, prezident İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı əslində qaçqın və məcburi köçkünlərin çoxdan gözlədiyi bir fərman idi. O, SİA-ya bildirib ki, ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir.

Deputatın sözlərinə görə, qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə, vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi: "Ona görə də belə mümkün halların olmaması üçün prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün. Düşünürəm ki, bu, Azərbaycanda sosial qayğıya ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır. Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir fərmanla həll edildi. Bununla ölkə başçısı Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqla nə qədər tamamlandığını bir daha göstərmiş oldu".

Ceyhun ABASOV

 





27.01.2017    çap et  çap et