525.Az

Gənc aşıqlara fəxri diplomlar təqdim olundu


 

Gənc aşıqlara fəxri diplomlar təqdim olundu<b style="color:red"></b>

Yanvarın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Folklor ənənələrinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncləşən sazım” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri Aşıq Fəzail Misginli aşıq sənətinin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbirin məqsədi xalqımızın əsrlər boyu qoruyub saxladığı və inkişaf etdirdiyi aşıq sənətini təbliğ etməkdir. Layihə aşıq sənətinin bölgələrdə geniş yayılmasını təşkil etməklə sənətə yeni simaların gəlməsinə, gənclərdə bu sənətə marağın artırılmasına və istedadların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.

Tədbirdə 15-30 yaş həddində aşıqların ifasında “Yanıq Kərəmi”, “Baş sarıtel”, “Misri”, “Şəşəngi”, “Dilqəmi”, “Qəhrəmani”, “Şirvan müxəmməsi”, “Naxçıvan gözəlləməsi”, “Cəlili”, “Orta sarıtel”, “Kərəm gözəlləməsi”, “Hüseyni”, “Baş müxəmməs” havaları səsləndirilib.

Sonda gənc aşıqlara Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları təqdim olunub.

 





28.01.2017    çap et  çap et