BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MDB, BALTİKYANI ÖLKƏLƏR VƏ GÜRCÜSTAN TƏLƏBƏLƏRİNİN BEYNƏLXALQ FORUMU ÖZ İŞİNƏ BAŞLADI
Mətbuatda xəbər verildiyi kimi, Bakı Slavyan Universiteti Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələri Dövlətlərarası humanitar əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə 2013-cü ilin 14-18 aprelində MDB, Baltikyanı ölkələr və Gürcüstan tələbələrinin “Sülh göyərçinləri” Beynəlxalq Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edir.
Forumun mövzusu: “Postsovet məkanında dövlət dilləri ilə rus dilinin qarşılıqlı münasibətləri”dir.
BSU-nun ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirdiyi bu Forum ali təhsil müəssisələri, pedaqoji və tələbə cəmiyyətləri, gənc alimlər, elm, mədəniyyət, təhsil, maarif sferasının nümayəndələri, layihədə iştirak edən ölkələrin gənclik və maarif sahələri üzrə ekspertləri arasındakı qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və Azərbaycan həqiqətlərinin təbliğinə və nümayişinə mühüm töhfədir.
Forumun işində MDB məkanında millətlərarası ünsiyyət dili kimi rus dilinin rolu, inteqrasiya prosesləri zəminində MDB, Baltik ölkələri və Gürcüstanda həyata keçirilən gənclər üzrə siyasətin prioritet sferaları, humanitar əməkdaşlığın möhkəmlənməsi sahəsində MDB, Baltikyanı ölkələr və Gürcüstanda gənclərin rolu və s. kimi mövzular müzakirə olunacaq. Tədbirə 12 xarici ölkənin 15 universitetindən 50 iştirakçı qatılıb.
Forum öz işinə başlamazdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.
Forumun təntənəli açılışı 15 aprel tarixində BSU-nun Akt zalında baş tutdu. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev forum iştirakçılarını salamlayaraq, xalqların birgəyaşayışı ilə bağlı toplanmış təcrübənin əhəmiyyətindən, millətləarası və mədəniyyətlərarası əlaqələr sferasında mədəni və tarixi ənənələrin qorunub-saxlanılmasının vacibliyindən söz açdı. BSU-nun fəaliyyəti və zəngin xarici əlaqələri haqqında Forum iştirakçılarını məlumatlandıran rektor postsovet məkanında rus dilinin rolu və missiyası haqqında danışdı.
Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri N.E.Patskyeviç Forumun Azərbaycanda məhz BSU-da keçirilməsini diqqətəlayiq məqam hesab etdi. Bildirdi ki, “ulu öndər Heydər Əliyevin müdrik qərarının nəticəsində yaradılmış BSU hazırda ciddi nəticələr göstərir. BSU təkcə slavyan ölkələrinin deyil, eyni zamanda digər ölkələrin də mədəni arxipelaqına çevrilib”. Patskyeviç çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan bu gün beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Rus dilinin vacibliyini nəzərə çatdıran səfir forumda müzakirə olunacaq mövzuların olduqca maraqlı olduğunu bildirdi. İştirakçıları təbrik edən cənab səfir bir daha forumun işinə uğurlar arzuladı.
Azərbaycan Respublikasının təhsil nazirinin müavini Qulu Novruzov forum iştirakçılarına Azərbaycanda təhsil sahəsində görulən işlərdən bəhs etdi və forumu əlamətdar mədəni hadisə kimi dəyərləndirdi.
BSU-nun Kölgə Kabinetinin rəhbəri, II kurs magistrantı Almaz Axundova “Sülh göyərçinləri”ni Küləklər şəhərində, Odlar diyarında salamlamaqdan məmnun olduğunu bildirdi və BSU-nun tələbələri adından forumun işinə uğurlar arzuladı.
Milli Məclisin üzvü, BSU-nun İngilis dili kafedrasının müdiri S.Fətəliyeva öz çıxışında bildirdi ki, forumun Azərbaycanda keçirilməsi xüsusi önəm daşıyır. “Belə ki, digər millətlər uzun illər Azərbaycanda dostluq və qardaşlıq mühitində yaşayıblar. Biz fəxr edirik ki, bu ənənə indi də davam edir. Gənclər siyasəti Azərbaycanın yürütdüyü siyasətin mühüm tərkib hissəsidir. Bizim gənclər bu diqqət və qayğını daim öz üzərlərində hiss ediblər. Bu gün gənclərimiz bütün sahələr üzrə öz fəallıqlarını nümayiş etdirilər və Azərbaycan siyasətinin irəliləyən qüvvəsinə çevriliblər”.
Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.D.Doroxin foruma dəvətə görə təşəkkürünü bildirdi və hər şeydən əvvəl esse müsabiqəsində qalib gəlmiş 50 tələbəni təbrik etdi. Bildirdi ki, Azərbaycanda rus dilinin inkişafı ilə bağlı böyük işlər görülür ki, bu da Heydər Əliyevin vaxtilə apardığı düzgün siyasətin nəticəsidir. “Bu təcrübədən yalnız yararlanmaq lazımdır” deyən səfir Doroxin forum iştirakçılarına uğurlar arzuladı.
Tacikistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Z.O.Saidov tələbələrin ölkələr arasında mədəni körpülərin yaradıcıları olduğunu dedi.
Milli Məclisin deputatları A.Mollazadə, E.Axundova, yazıçı N.Rəsulzadə də forumun əhəmiyyətindən danışaraq, bu tədbiri əhəmiyyətli hadisə kimi səciyyələndirdilər.
Forumda iştirak edən ölkələrin nümayəndələri öz çıxışlarında Bakıda keçirilən Beynəlxalq tələbə forumunda iştirak etdiklərindən məmnun olduqlarını bildirdilər və forumun işinə uğurlar arzuladılar.
Sonda esse müsabiqəsinin qaliblərinə fəxri fərmanlar təqdim edildi.
Forum çərçivəsində iştirakçıların BSU-nun “Səfir saatı” klubunda Niderland krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Ayren Uyterdlindlə görüşü, Heydər Əliyev Fondu ilə tanışlığı nəzərdə tutulub.
Forum ayın 18-dək, “Rus dili MDB məkanında inteqrasiyanın katalizatoru kimi”, “KİV, mədəniyyət, təhsil və elmdə rus dili” və “MDB məkanındakı humanitar inteqrasiya proseslərində tələbələrin və gənclərin rolu” adlı bölmələrdə öz işini davam etdirəcək.
Günay ƏLİYEVA
çap et