525.Az

Qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ayrıca qanun olacaq


 

Qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ayrıca qanun olacaq<b style="color:red"></b>

"Qonşu xalq və bir sıra digər xalqlar tərəfindən qeyri-maddi mədəni irsimiz illər, əsrlərdir ki, mənimsənilib. Daha da konkretləşdirməli olsaq, qeyri-maddi mədəni irsimiz əsrlər boyudur farslaşdırılır".

Bunu mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva dilə gətirib.

O, deyib ki, bu haqda fikirlərini bir müddət öncə üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında da səsləndirib. "Bir daha qeyd edirəm ki, "Vikipediya"ya baxsaq görərik, dahi şairimiz Nizami Gəncəvi gah farslaşdırılır, gah kürdləşdirilir. "Vikipediya"da bir yerdə də Nizaminin bizə-Azərbaycan xalqına məxsusluğuna rast gələ bilməzsən. Eyni zamanda, orta əsrlər ədəbiyyatımız, farsdilli ədəbiyyatımız, fars dilində yazıb-yaradan ədiblərimiz fars qeyri-maddi mədəni irsi kimi dünyaya təqdim edilir. Bunlar da olduqca yolverilməz və qəbuledilməzdir.Bunlar bizə məxsusdur, bizim milli-mədəni sərvətlərimizdir. Kimsə buna sahib çıxa, özününküləşdirə, farslaşdıra bilməz. Kimsəyə belə bir haqq da verilməyib. Bunun qarşısını almalıyıq, bunun qarşısı alınmalıdır. Odur ki, YUNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasından irəli gələrək, Azərbaycanda da bu yöndə ayrıca müstəqil qanun hazırlamalı və qəbul etməliyik. Yəni, "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanunumuz olmalıdır. Buna çox böyük ehtiyacımız var"-deyə, G. Baxşəliyeva sonra bildirib.

MM-in Mədəniyyət komitəsinin  sədri, akademik Rafael Hüseynov da mətbuata açıqlamasında bu məsələnin onun və komitənin gündəmdə olduğunu bildirərək qeyd edib ki, qeyri-maddi mədəni irsimizin qorunması məsələsi ilə bağlı ya ayrıca qanunun hazırlanması, ya da "Folklor nümunələrinin qorunması haqqında" qanuna ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur. "Əgər görsək ki, yeni qanuna ehtiyac yoxdur, o zaman  10-15 dəyişikliyi hazırlayıb, adıçəkilən qanuna sığdırmağa, onu daha təkmil hala gətirməyə çalışacağıq. Yox, əgər görsək ki, məsələlər daha genişdir, daha əhatəlidir, onları mövcud qanuna sığdırmaq, yerləşdirmək mümkün deyil, o zaman yeni, müstəqil qanun layihəsi hazırlayıb, onu müzakirələrə təqdim edəcək və qəbuluna nail olmağa çalışacağıq. Əslində, mövqelər də  daha çox yeni qanunun hazırlanması üzərində çulğalaşıb, yəni, bu varianta üstünlük verənlər daha çoxluq təşkil edir. Bu baxımdan da, bu məsələnin üzərində işlənilir və yaxın zamanlarda son qərar veriləcək"-deyə, komitə sədri sözlərinə əlavə edib.

Sözügedən komitənin sədr müavini, professor Jalə Əliyeva isə öz növbəsində müstəqil qanun layihəsinin hazırlanmasının və müzakirələrə çıxarılaraq, qəbul olunmasının tərəfdarıdır. O da belə hesab edir ki, Azərbaycanın ərazilərinin bir hissəsi işğala, mənimsəməyə məruz qaldığı kimi, mədəni və tarixi abidələri, qeyri-maddi mədəni irsi də işğala, təcavüzə, mənimsəməyə məruz qalıb və bu baxımdan da, mədəni irsə sahiblik üçün mütləq bu yöndə ayrıca qanunun qəbuluna ehtiyac var: "Mən də belə hesab edirəm ki, bu məsələ hansısa qanunla dəyişikliklə ehtiva olunmamalı, əksinə, müstəqil qanunla tənzimlənməlidir".

Kamil HƏMZƏOĞLU

 





31.01.2017    çap et  çap et