525.Az

Cahangir Məmmədlinin 75 yaşına...


 

Cahangir Məmmədlinin 75 yaşına...<b style="color:red"></b>

Azərbaycan media sahəsində peşəkar jurnalistlər çoxdur.

Doğrudur, zaman, mühit bəzən öz işini görür və indi Azərbaycanda mətbuat azadlığının elə bir çağıdır ki, kim istəsə jurnalistikaya gəlir, özünə qəzet, sayt açır. Lakin çox təəssüf ki, bu axın bir tərəfdən peşəkarlığı zəiflədir, digər tərəfdən "jurnalistin" qərəzli, təmənnalı, Mətbuat Şurasının termini ilə desək, "reketçilik" fəaliyyəti cəmiyyətdə narazılıqla qarşılanmaqdadır.

Hiss olunur ki, narazılıq yaradan bu tip jurnalistlərin böyük bir hissəsinin nəinki jurnalist təhsili, heç hər hansı bir savadı da yoxdur. Və belə halda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş peşəkarların həmişə yeri görünür. Çünki bu fakültənin vaxtı ilə bünövrəsini qoyan, onu günümüzə təmiz və şəffaf bir təhsil sistemi kimi gətirən professor Nəsir İmanquliyev, professor Şirməmməd Hüseynov, Həsən Şahgəldiyev, Seyfulla Əliyev, professor Famil Mehdi, Nəriman Zeynalov kimi ustad müəllimlər, böyük alimlər elə bir məktəb yaratmışlar ki, o məktəb heç vaxt öz siqlətini itirə bilməz. Həm də ona görə ki, universitet və fakültə mühitində bu gün də o məktəbin layiqli davamçıları var. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov məktəbinin davamçıları sırasında mən Cahangir Məmmədlini çox etibarlı, müəllimlərinə layiq, sevgi ilə yanaşdığı Bakı Dövlət Universitetinə layiq bir müəllim, alim və praktik jurnalist kimi lap yaxından tanıyıram. Amma yox... bir dəfə bu "lap yaxından tanıyıram" məsələsində qəribə bir "tanımamazlığım" olub: Bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Prezidiumunda komissiyanın baxdığı dissertasiya işlərinin təsdiqi prosesi gedirdi. Sıra gəlib Cahangir Məmmədlinin doktorluq dissertasiyasına çatdı. Komissiya üzvləri də şahiddirlər ki, mən bu anda təəccübümü gizlədə bilmədim. Üzümü mərhum akademikimiz, AAK-ın sədri Arif Mehdiyevə tutub təəccüblə dedim:

- Arif müəllim, doğrusu, mən bu Cahangir Məmmədlini iyirmi il bundan əvvəlin doktoru bilirdim.  Necə yəni o, hələ indi doktor olur?

Əslində, deyəsən mənim bu təəccübüm həm sədr üçün, həm də prezidiumun üzvləri üçün Cahangir Məmmədlinin əsl alim olduğu, doktorluq elmi dərəcəsinə çoxdan layiq olduğu mesajı kimi təsir etdi və onun dissertasiyası dərhal təsdiq edildi. Elə o gün kuluarda söhbət zamanı mərhum akademik, prezidiumun sayılan-seçilən üzvü Tofiq Hacıyev də mənə etiraf etdi ki, sən demə o da bir dəfə BDU Elmi Şurasında kafedra müdiri seçilən Cahangir Məmmədlinin hələ elmlər namizədi (o vaxtkı terminlə) olduğunu biləndə eyni təəccübünü bildirib. Mənim bu "tanımamazlığımı" bu anda həm də ona görə xatırladıram ki, Cahangir Məmmədli doktorluq anına kimi xeyli miqdar elmi, publisistik kitabın, dərsliklərin, dərs vəsaitlərinin, yüzlərcə elmi məqalənin müəllifi kimi universitet mühitində, habelə ictimai mühitdə çoxdanın doktoru kimi qəbul olunmuşdu.

 Cahangir müəllim hər şeydən əvvəl bir universitet müəllimidir. O, heç də adi müəllimlərdən deyil. Öz fəaliyyətində elmi və praktik işi paralel aparan bir alim - pedaqoqdur. Onun müsahibələrindən birində belə bir fikir yadımdadır: "Hansısa başqa bir sahədə ola bilər, amma jurnalistikada müəllimin özünün praktik yaradıcılığı yoxdursa, o, heç vaxt auditoriyada uğur qazana bilməz". Cahangir Məmmədli bu işdə özünün iki müəlliminə oxşadı: "Bakı" və "Baku" kimi iki nüfuzlu qəzetin yaradıcısı və redaktoru, alim, pedaqoq və praktik jurnalist Nəsir İmanquliyevə və bu gün də həm müəllimlik, həm də alimlik - tədqiqatçılıq məktəbinə söykəndiyi Şirməmməd Hüseynova. Təsadüfi deyil ki, Cahangir Məmmədli bu iki böyük jurnalistin yaradıcılıq fəaliyyətini özünün neçə-neçə elmi-publisistik məqaləsində tələbə minnətdarlığı ilə təhlil etmiş, qiymətləndirmişdir. O özünün professor Şirməmməd Hüseynov haqqında yazılarından birində bu böyük tədqiqatçı alimi, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək qiymətləndirdiyi və "Şərəf" ordeni ilə təltif etdiyi Ş.Hüseynovu özünün talismanı adlandırmışdır. Professor Ş.Hüseynovun 90 yaşı münasibətilə C.Məmmədli ona həsr olunmuş "İstiqlalın  işığında" adlı mükəmməl bir kitabı müəlliminə minnətdarlıq hissi ilə ərsəyə gətirib çap etdirmişdir.

Bir halda ki, söhbət onun müəllimlərindən, özünün dediyi kimi, "talismanlarından" düşdü, onda bir faktı da xatırlamaq istərdim. Professor Nəsir İmanquliyevin 100 illik yubileyi zamanı İctimai Televiziyanın "Yadigarlar" proqramına Cahangir müəllimlə məni dəvət etmişdilər. Biz ikimiz də Nəsir müəllimi həm universitet həyatından, həm də bir dövlət xadimi və peşəkar jurnalist kimi lap yaxından tanıyırıq. Mən Nəsir müəllimin həm də bir dost və sirdaş kimi məişət həyatına da bələd idim. Teleproqramda biz onu alim və pedaqoq, milli jurnalistikamızın bir çox yeni istiqamətini formalaşdırmış redaktor və dəyərli övlad atası, nəvələrinin babası olaraq bir ailə başçısı kimi də tamaşaçıya təqdim etdik. Mən onda bir daha Cahangir Məmmədlinin içində unudulmaz müəlliminə böyük bir hörmət, minnətdarlıq duyğusu gördüm...

Cahangir Məmmədli hansı yöndə fəaliyyət göstərir göstərsin, ilk növbədə universitet müəllimidir. Tale elə gətirib ki, biz ikimiz həmyaşıd olaraq universitet həyatına, az qala eyni vaxtda gəlmişik. Və bir də tale elə gətirib ki, Bakı Dövlət Universiteti bir sıra fakültələri ilə nə qədər yer dəyişsə də, mənim çalışdığım Şərqşünaslıq fakültəsi və onun çalışdığı Jurnalistika fakültəsində bütün "köç" əməliyyatlarında həmişə eyni məkana düşmüşük. Bizim dostluğumuzun bir səbəbi də bu eyni məkanlılıqla bağlı olub.

Mən onun universitet sevgisindən bəhs etmək istərdim. Yenə onun müsahibələrindən birində dediyi belə bir fikrini xatırlatmaq istərdim: "Universitet qutsal bir məkandır. Mən heç vaxt bu qutsal məkanı heç yerə dəyişməmişəm və dəyişməyəcəm. Vəsiyyət də etmişəm ki, öləndə məni elə bu qutsal məkandan götürsünlər".

Cahangir Məmmədli təmizliyinə, universitetə, dövlətçilik prinsiplərinə sədaqətinə görə BDU-nun bir neçə ciddi təşkilatlarında təmsil olunur: o, Jurnalistika fakültəsində dekan əvəzi, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, Universitet Elmi Şurasının, Seçki Komissiyasının, metodşuranın üzvü kimi fəaliyyət göstərir. Biz onunla tez-tez iki mühüm universitet təşkilatında görüşürük: Elmi Şurada və Seçki Komissiyasında. Cahangir müəllim universitet Elmi Şurasının ən fəal üzvüdür. İclasların əksəriyyətində  mən onun qoyulan problemə münasibətinin şahidi oluram. Onun bu çıxışları öz prinsipiallığı, vacibliyi və irəli sürdüyü ideyalarının səmərəliliyi ilə çox zaman alqışlarla qarşılanır.

Yuxarıda qeyd etdiyim Seçki Komissiyasının sədri kimi mən Cahangir müəllimə - üzv olduğu bu qurumda obyektiv sözünə güvəndiyim bu professora tez-tez söz verirəm. Onun ağsaqqal sözü bu iclaslarda hər kəsin təqdirinə səbəb olur.

Cahangir Məmmədli sədaqətli bir azərbaycançıdır. Onun içində olan Vətən sevgisi tələbələrinin də qəlbinə hopur. Cahangirin ədəbi-tənqidi məqalələri toplanmış və lap bu günlərdə çap olunmuş "Dünya sözə qalacaq..." adlı maraqlı bir kitabını oxudum. Oxudum deyəndə, onsuz da o məqalələrin əksəriyyətinə mən "525-ci qəzet"dən bələdəm. O məqalələrin əsas mahiyyəti ondadır ki, C.Məmmədli bir ədəbiyyat adamı kimi, ancaq oxucunu kamilləşdirən əsərləri təhlil edir və bu anda biz onu bir azərbaycançı, bir vətəndaş kimi görməkdəyik.

Cahangir Məmmədli həm də ictimai adamdır. Onun elmi, pedaqoji, ictimai fəaliyyətini nəzərə alıb da hörmətli Prezidentimiz onu özünün şəxsi təqaüdünə layiq görmüşdür.

Cahangir Məmmədli jurnalistikadakı nəzəri və praktik bacarığını artıq 12 ildir ki, ictimai teleradio kimi cəmiyyətə xidmət edən bir qurumda Yayım Şurasının sədri olaraq praktikaya tətbiq etməkdədir. Bu teleradionun cəmiyyət həyatına təsirində, ictimai maraq prinsiplərinə sədaqətində Cahangir Məmmədlinin də əməyi az deyil.

İndi Cahangir müəllimin 75 yaşı tamam olur. Mənim də gözümün qabağında universitetə gələn, bu universiteti bitirib elə onun auditoriyalarında özü də müəllim kimi birdəfəlik ömrünü tələbələrinə bağlayan, universitet ictimaiyyəti tərəfindən həmişə xüsusi hörmətlə qarşılanan bu səmimi insana, azərbaycançıya və nəhayət, mənim çox sevdiyim bu dostuma bundan sonra da uzun illər və xoşbəxtlik arzulayıram.

 





31.01.2017    çap et  çap et