525.Az

Şərəfli həyat yolunun layiqli yolçusu


 

Şərəfli həyat yolunun layiqli yolçusu<b style="color:red"></b>

Dilimizə ərəblərdən keçən "kamil" sözü bütöv, qüsursuz, mükəmməl insan mənasını ifadə edir. Bu yüksək mənəvi keyfiyyətlərin hamısını özündə birləşdirən dostum Kamil həkim məhz belə insanlardandır.

Uzun illərdir, əhalinin sağlamlığı keşiyində dayanan istedadlı həkim müqəddəs bir xeyirxahlıq yolunun layiqli yolçusudur. Onunla ilk dəfə 2001-ci ilin aprel ayında tanış olmuşuq. Ağcabədi rayon prokurorunun müavini vəzifəsinə yenicə təyin olunmuşdum. Həmin vaxt bərk xəstələndim. "Təcili yardım" stansiyasına müraciət etməli oldum. Özünü köməyimə çatdıran  Kamil həkimin dəqiq müayinəsi və müalicəsi sayəsində tezliklə sağalıb, ayağa qalxdım. Elə həmin vaxtdan onun qayğıkeşliyi, alicənablığı aramızda möhkəm dostluq əlaqələri yaranmasına səbəb oldu. Sonralar ailəvi dostluğa çevrilən bu əlaqələr hazırda da uğurla davam etdirilir.

Kamil həkim haqqında ancaq xoş sözlər söyləyə bilərəm. Mən respublikamızın bir çox rayonlarında işimlə əlaqədar xeyli insanlarla, həkimlərlə təmasda olmuşam. Lakin Kamil həkim kimi insana, həkimə az rast gəlmişəm. Adamlarla səmimi rəftarı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri onu gözümdə həmişə ucaldıb. Ağcabədidə çalışdığım 10 il ərzində Kamil həkimə müraciət edən şəxslərin hamısından yalnız xoş sözlər, razılıqlar eşitmişəm. Bütün bunlar məni daim qürurlandırıb, sevindirib,dostluq əlaqələrimizi daha da möhkəmləndirib.

Dostluq münasibətlərimiz zamanı Kamil həkimin gözəl bir ailə başçısı, valideyn olduğunu da yəqin etmişəm.Üç qız atası olan Kamil həkim halal zəhmətlə olduqca tərbiyəli,savadlı övladlar böyüdüb,boya-başa çatdırıb, hər birinə ali təhsil verib,ev-eşik sahibi edib.Məhəmməd peyğəmbərə (s)görə, 3 qız övladı böyüdüb tərbiyə verən,ev-eşik sahibi edən,  onlardan nəzərini çəkməyən şəxs cənnətlik hesab olunur. Zənnimcə,Kamil həkim belə xoşbəxt valideynlərdəndir. Öz nəzərlərini övladlarının, nəvələrinin üzərindən əskik eləməyən bu gözəl insan, mən deyərdim ki, sağlığında ikən cənnətinə qovuşub.

Fransız yazıçı Anatol Frans demişkən, ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yaşada bilər. Bu mənada, əminəm ki, dostum Kamil Haqverdiyev öz ömrünü övladlarının, nəvələrinin ömründə yaşadacaq. Mən Kamil həkimə, onun ailə üzvlərinə bundan sonra da ləyaqətli ömür anları,xoşbəxtlik, yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram.

Əsgər BƏKİROV
Keçmiş ədliyyə müşaviri, prokurorluq veteranı

 





02.02.2017    çap et  çap et