525.Az

"Vətən boy ata bilməz iftixarı olmasa"


 

"Vətən boy ata bilməz iftixarı olmasa"<b style="color:red"></b>

2 fevral Azərbaycan gəncliyinin şərəfli bayramıdır.

Bəmbəyaz qara bürünmüş dünya körpə təbəssümünə bənzəyir. Bu soyuq fevral günündə Azərbaycan gəncliyi bir illik uğuruna yekun vurur. Bu bayram həm də gəncliyə böyük qayğı, diqqət göstərən, gəncliklə nəfəs alan, qəlbi qurub-yaratmaq eşqi ilə çırpınan  fədakar insanların bayramıdır. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov məhz belə insanlardan biridir. Böyük alim, bənzərsiz şəxsiyyət, könlü, gözü vətən sevgisi, Azərbaycan sevdasıyla dopdolu insan!

Bütün həyatı boyu istedadlı gəncliyə diqqət, qayğı göstərən, onlara geniş meydan verən Abel müəllim Bakı Dövlət Universitetində demokratik bir ab-hava, münbit mühit yaradıb. Tələbələr doğma universitetin gündəlik həyatında yaxından iştirak edirlər. Bu qaynar təhsil ocağı son 20 ildə Avropanın qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Bütün bu uğurlarda akademik Abel Məhərrəmovun müstəsna xidməti var.

Abel müəllim dərin intuisiyaya, müşahidə qabiliyyətinə malik həssas ürəkli bir insan, görkəmli alim, dövlət xadimi, böyük vətəndaşdır.

 O, Bakı Dövlət Universitetinin taleyinə, bəxtinə çıxmış nadir şəxsiyyətlərdəndir. Azərbaycan Dövlət Universitetinin keçdiyi şərəfli yolda Abel müəllimin öz dəst-xətti, imzası var. Sadəlik, səmimiyyət, ürək genişliyi, xeyirxahlıq, şəxsiyyətindəki təvazö, uşaq saflığı, hər bir tələbəyə ata sevgisi, ata qayğısı!..  Bütün bunlar bu bənzərsiz insanı xarakterizə edən cizgilərdir.

Akademik Abel Məhərrəmovun şəxsi nümunəsi  universitetimizi hər bir tələbənin isti evinə, ocağına çevirib. Vətən sevgisi Abel müəllim üçün su, hava, günəş kimidir. Bir ömür boyu yaşatdığı bu müqəddəs sevgini, fədakarlığı, can yanğısını o, universitetin hər bir tələbəsində, hər bir magistrində görmək arzusundadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünün gəncliyinə ünvanlanmış: "Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm" sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.

Akademik Abel Məhərrəmov möhtərəm prezidentimizin bu çağırışından  gəncliyə olan böyük inamından və sevgisindən ilham alaraq həmişə gəncliyin yanındadır.

Abel müəllim yaradıcı bir insan, əsl təbiət vurğunudur. Onu qurucu, yaradıcı, ilhamverici rektor adlandıranlar yanılmırlar. 1999-cu ildən üzü bəri rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin həyatında olan sıçrayış çoxlarını heyrətə gətirmişdi. Doğma universitetimiz tanınmaz dərəcədə gözəlləşmişdir. Ulu öndər Heydər Əliyevin Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı böyük arzularını həyata keçirənlərin ən ön cərgəsində gedən Abel müəllim Bakı Dövlət Universitetinin ərazisini təbiətin canlı guşəsinə çevirmişdir. Sıralanmış sərv ağacları, bəzək kolları, yaşıl çəmənliklər, güllər, çiçəklər, bütövlükdə bu gözəllik səltənəti həm də gəncliyə bir təbiət dərsi, ana yurdu sevmək, göz bəbəyi kimi qorumaq mesajıdı.

Gənclər üçün əziz olan bu gündə mən də keçdiyim günləri, doğma universitetlə bağlı günləri xoş xatirələrlə yada salıram. 2012-ci ildə doktorant və gənc tədqiqatçıların konfransında 1-ci yerə layiq görülməyimə görə doğma universitetimizə, sevimli rektorumuz, gəncliyin yaxın dostu, himayəçisi Abel müəllimə borcluyam. Hər dəfə bu sevimli insanla görüşəndə hiss və həyəcanlarımı boğa bilməmişəm. Abel müəllim bunu dərhal hiss etmiş, mənə böyük diqqət, qayğı göstərmiş, ürək-dirək verib. Onun böyüklüyü, sadəliyi, səmimiliyi, ürək genişliyi, ata qayğısı qəlbimi fərəhlə, qürurla doldurub. Bu böyüklük, nəciblik, ürək genişliyi, tək-tək insanlara xas olan ali xüsusiyyətlərdir.

Abel müəllim gəncliklə nəfəs alır. Onlarla aydın sabahlara addımlayır. Coşğun fəaliyyəti, elmi potensialı, yaradıcılıq enerjisi, can yanğısı, vətən sevgisi bu gün universitetdə təhsil alan Azərbaycan sevdalı yüzlərlə tələbələrə sirayət edir. Heç şübhəsiz gəncliyə ötürülən enerji, təsir gücü bu parlaq şəxsiyyətin, elm fədaisinin şəxsi nümunəsi bir növ "master klass" dərsləridir. Səngərdəki əsgər vətən hüdudlarını yer kürəsində qoruyan ali baş komandan ilə fəxr etdiyi kimi doğma, Bakı Dövlət Universitetinin tələbələri də sevimli rektorları ilə qürur duyurlar. Çünki o hər bir tələbənin, hər bir magistrin ən yaxın dostu, məsləhətçisi, yol göstərənidir.

Kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Yusif Məmmədəliyev mükafatı laureatı, şöhrət ordenli, akademik Abel Məhərrəmov ali təhsil ocaqlarımızın flaqmanı sayılan Bakı Dövlət Universitetində gənclik üçün sağlam bir mühit yaradıb. Bu qabaqcıl təhsil ocağında həm də minlərlə vətən əsgəri yetişir. Bu gənclərin hər biri doğma Qarabağımızı düşmən əsarətindən xilas etmək üçün hər an döyüşə atılmağa hazırdır.

Belə bir unudulmaz nəğmə var: Hardan başlanır Vətən?

Düşünürəm ki, böyük insanların ürəyindən, qəlbindən başlanır Vətən. Gənclərin, tələbələrin böyük qayğıkeşi, akademik Abel Məhərrəmov kimi insanların.

Günel MƏLİKLİ
BDU-nun siyasi elmlər üzrə doktorantı

 





02.02.2017    çap et  çap et