525.Az

Sahibkarlığın inkişafına diqqət daimidir


 

"NƏZƏRDƏ TUTULAN LAYİHƏLƏRİN İCRASI NƏTİCƏSİNDƏ İXRAC POTENSİALI BÖYÜK DƏRƏCƏDƏ ARTACAQ"

Sahibkarlığın inkişafına diqqət daimidir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Konfransdakı çıxışında 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, bütün əsas vəzifələrin icra olunduğunu deyən prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşüb, qlobal iqtisadi böhran daha da dərinləşib: "Amma əvvəlki illərdə görülmüş işlər və islahatlar nəticəsində 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, bütün əsas vəzifələr icra olunub. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artıb. Keçən il yüz mindən çox daimi iş yeri yaradılıb".

Valyuta ehtiyatlarının hər bir ölkənin iqtisadi imkanlarını, iqtisadi müstəqilliyini möhkəmləndirən amil olduğunu deyən ölkə başçısı qeyd edib ki, Azərbaycanda valyuta ehtiyatları qorunub: "Halbuki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Xarici borcun artmaması üçün xarici kreditlər yalnız Azərbaycan üçün strateji əhəmiyyət daşıyan layihələrə alınmalıdır".

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcəyini deyən dövlət rəhbəri onu da bildirib ki, infrastruktur layihələri, biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və sosial infrastrukturun yaradılması vahid proqram çərçivəsində uğurla icra edilir.

2017-ci ildə qarşıda duran bütün vəzifələrin icra ediləcəyinə əminliyini ifadə edən prezident qeyd edib ki, "Azərişıq" bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir: "Azəriqaz" ilin sonuna qədər qazlaşdırmanı 94 faizə çatdırmalıdır. Səksən kəndin qazlaşdırılması minimum proqramdır. "Azəravtoyol" bu il il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı layihələr icra edəcək. 40 kənd yolu layihəsi həyata keçiriləcək. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin birinci mərhələsi başa çatmalıdır. Dövlət investisiya proqramında bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. "Azərsu" ASC bir neçə il ərzində içməli su və kanalizasiya layihələrini tam icra etməlidir. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməlidir. Bu il 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır. 160 min hektara yaxın yeni əkin sahələri yaradılacaq. Nəzərdə tutulan layihələrin icrası nəticəsində ixrac potensialı böyük dərəcədə artacaq".

Ölkə başçısı İlham Əliyevin konfransdakı çıxışına münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov "Milli.az"a bildirib ki, dövlət başçısının çıxışında diqqəti çəkən əsas məqamlar bunlardır: "Birincisi, indiyədək, yəni ki, 2004-cü ildən bəri regionların inkişafı sahəsində çox işlər görülüb və bu işlər əsas etibarı ilə əlverişli investisiya mühiti yaratmaq, iqtisadi artıma nail olmaq, sahibkarlıq fəaliyyətinin genişlənməsini təmin etmək, məhsuldarlığa çatmaq üçün bilavasitə zəruri və tələb olunan infrastrukturun yaradılmasından ibarət olub. Sözügedən infrastruktura isə yerlərdə abadlıq-quruculuq işlərinin aparılması nəticəsində əldə olunan nəticələr, 2004-cü ildən bəri sayca 26 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın, yəni yerlərdə mavi yanacaqla təminatın 51 faizdən 92 faizə çatdırılması, son 12 il ərzində təxminən 11 min kilometr avtomobil yolunun salınması, kənd təsərrüfatı sahəsində suvarma işlərini təmin etmək məqsədilə ən müasir sayca 4 su anbaranın yaradılması və sair daxildir. İkincisi, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən çox böyük məbləğdə - 2 milyard manat maliyyə dəstəyi həyata keçirilib. Belə ki, 2004-cü ildən indiyədək ölkədə sahibkarlara göstərilən məbləğdə güzəştli şərtlərlə kreditlər verilib. Bu da bütövlükdə iqtisadiyyata dəstək sayılır. Ən böyük müsbət nəticə isə ondan ibarətdir ki, növbəti kreditlərin verilməsi prosesi əvvəl verilənlərin geri qayıtması hesabına maliyyələşdirilir. Yəni ki, bir növ iqtisadiyyatın tam olmasa da, bir hissəsinin özü-özünü maliyyələşdirməsi mexanizmi işə düşüb. Üçüncüsü isə, 2014-cü ilin yayından bəri neftin qiymətinin 3-4 dəfəyədək ucuzlaşmasına baxmayaraq, hökumət çox da böyük itkilər verməyib və qarşısına qoyduğu müxtəlif proqram və məqsədləri inamla davam etdirə bilib".

Ekspert hesab edir ki, ötən il yaşanan bütün çətinliklərə baxmayaraq, vəziyyət qənaətbəxşdir: "Bu bir həqiqətdir ki, 2016-cı il əvvəlcədən də gözlənildiyi kimi, çətin il oldu. Çünki 2015-ci ildə birincisi 34 faiz, ikincisi isə 47 faiz səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş verdi, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları aşağı düşdü. Manatın dəyəri cari ilin əvvəlinədək 125 faiz ucuzlaşdı, buna müvafiq olaraq istehlak qiymətləri yüksəldi - 12,4 faiz civarında inflyasiya qeydə alındı, iqtisadi artım tənəzzülə uğradı. Lakin büdcə və özəl strukturlarda hələ hissolunacaq səviyyədə ixtisarlar baş verməyib, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi və kütləvi problem və sair yaranmayıb. Üstəlik, prezident İlham Əliyev də konfransda qeyd etdiyi kimi, Neft Fondunun ehtiyatlarını qoruyub saxlaya bilmişik. Belə ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyarddan çox əriyibsə də, neft dollarları ilə olan ehtiyatlarımız qalır. Və hətta böhranla əlaqədar, ondan dövlət büdcəsinə ənənəvi transfert 2015-ci ildə də və keçən il də qənaət edilməklə həyata keçirildi. Sözün qısası, bütün növ qlobal iqtisadi təzyiqlərə baxmayaraq, vəziyyət qənaətbəxşdir".

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı danışan P.Heydərov qeyd edib ki, bütün söylənənlərə rəğmən, görüləsi işlər hələ çoxdur:
 
"İndiyədək ölkədə regionların sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb və bütün bunlar dövlət tərəfindən müvafiq maliyyə vəsaitlərinin ayrılması hesabına həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca 4 dövlət proqramı qəbul olunub ki, bunların əsas məqsədi regionlarda qeyri-neft sektoruna aid sahələrin inkişafını təmin etmək, müvafiq infrastruktur obyektlər yaratmaq, istehsal, emal müəssisələri təşkil etmək, mövcud müəssisələrdə istehsalı genişləndirmək, həmçinin, müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektləri yaratmaqdan ibarət olub. Lakin bütün bunlara rəğmən, rayonlarımız, demək olar, yenə mərkəzdən, yəni, dövlət büdcəsindən asılı vəziyyətdədir. Bu da ondan irəli gəlir ki, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir. Ölkə üzrə bütün iqtisadi fəaliyyət ancaq mərkəzdə həyata keçirilir. Yəni, dövlət gəlirlərimizin 80-90 faizi məhz paytaxt ərazisindən təmin olunur. Regionlar üzrə gəlirlər heç 1 milyard manat da təşkil etmir. Cari ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşayırlar. Odur ki, vəziyyətdən çıxmaq üçün bundan sonra ən çox kənd təsərrüfatını inkişaf etdirmək qayğısına qalmaq lazımdır. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü məsələsi bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir.

Dövlət sosial xarakterli infrastrukturun qayğısına qala bilər və qalmalıdır. Yəni, xəstəxana və məktəb tikə və yaxud təmir edə bilər və etməlidir. Ancaq bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil. Ölkədə əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi məhz aqrar istehsalla bağlı sahələrdə - regionlarda yerləşir. Hesab edirəm, buna görə də kənd təsərrüfatı məhsulları istehsalına münasibət dəyişməlidir. Yeni mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsullarından istifadə imkanları geniş tətbiq olunmalıdır".

P.Heydərovun sözlərinə görə, konkret olaraq sahibkarlığa dəstək, onun inkişafı təkcə maliyyədən asılı hesab edilməli deyil, əlavə tədbirlər də görülməlidir: "Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir. Belə ki, nə vaxta qədər ki, biz bütün yanaşmalarda daha çox keyfiyyətə deyil, kəmiyyətə diqqət yetirəcəyik, təəssüf ki, ortalıqda quru statistik rəqəmlərdən savayı əyani olaraq göstərməyə heç bir nəticə olmayacaq".

Ceyhun ABASOV

 





03.02.2017    çap et  çap et