525.Az

Kitabxanada “Gənclər gələcəyimizdir” mövzusunda görüş


 

Kitabxanada “Gənclər gələcəyimizdir” mövzusunda görüş<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gənclər gələcəyimizdir” mövzusunda görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, tədbirdə kitabxananın direktoru Tahir Sadıqov ölkəmizdə gənclər siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

H.Əliyev bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu onun gənclərə böyük qayğısının bariz nümunəsi idi.

Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub. Bu siyasətə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır.
 
Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.

Tədbirdə “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, aktyor Əli Nur, bəstəkar Elxan Rəsuloğlu və başqaları ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Sonda iştirakçılar “Azərbaycan gəncliyi, Azərbaycanın gələcəyi” adlı kitab sərgisinə baxıblar.

 





04.02.2017    çap et  çap et