525.Az

Estetik əməliyyatlar niyə bu qədər populyardır?


 

CƏRRAH OĞUZ KILIÇ: "FİZİKİ QÜSURLAR İNSANIN SOSİAL HƏYATDAKI UĞURLARINA DA TƏSİR EDİR"

Estetik əməliyyatlar niyə bu qədər populyardır?<b style="color:red"></b>

Bu gün dünyada və Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır.

Həkimlərin bildirdiyinə görə, buna səbəb bu sahədə informasiyanın çoxalması, eləcə də bununla bağlı psixoloji maneələrin aradan qaldırılmasıdır. Plastik cərrahi əməliyyatlarla bağlı azərbaycanlıların ən çox üz tutduqları ölkə qardaşTürkiyədir. 

Sözügedən ölkənin tanınmış plastik cərrahı Oğuz Kılıçın fikrincə, ictimai inkişaf artdıqca insanlar öz bədən quruluşuna daha çox əhəmiyyət verməyə başlayırlar:
 
"Fiziki qüsurlar nəinki ruhun sağlamlığına və şəxsiyyətin özünə, hətta insanın sosial həyatdakı uğurlarına da təsir edir.  Bu səbəbdən estetik cərrahın bir növ insanların özünəinamını geri qazandırma cərrahı olduğuna inanıram. İllər əvvəl bu əməliyyatları ancaq sosial-mədəni və iqtisadi səviyyəsi yüksək olan zəngin zümrə edirdisə, indi artıq istəyən hər kəs bir şəkildə estetik cərrahiyə əməliyyatı etdirir. Bunu, təbii ki, cəmiyyətdə estetik şüurun inkişafı ilə izah etmək lazımdır".
 
Həkim hesab edir ki, insanlar üçün imic və görüntü çox önəmlidir: "Sahib olduğu imicin məmnunedici olması adamın özünəinamını təmin edir, onu ictimai uğurlarına müsbət təsir göstərir. Həqiqətən də, aynaya baxdığı zaman burnunun üzünə heç yaraşmadığını düşünən, hamiləlikdən sonra qarnının əvvəlki kimi düz olmadığını görən, ya da üzünün əyildiyini düşünən adamlar özlərini daha çox kompleksli hesab edirlər. Estetik cərrahın işi yalnız qığırdağın düzəldilməsi, sümüklərin bərpa edilməsi və yaxud ətin müəyyən formaya salınması deyil. O, fərdi imiciniz və görünüşünüzü də başdan şəkilləndirmək üçün sizə bir yol xəritəsi çəkə bilir".

Hazırda Türkiyə estetik əməliyyatlar sahəsində  imkanların və qiymətlərin münasibliyi ilə ən cazibədar ölkə hesab olunur. Oğuz Kılıça görə, Türkiyə estetik cərrahiyəsi dünyada etibar qazana bilib və Avropa ölkələri ilə müqayisədə keyfiyyət baxımından daha öndədir: "Ödəniş də münasibdir. Elə bu səbəbdən bizi seçən türk respublikaları arasında Azərbaycan da var. Seçilən əməliyyatlar arasında, xüsusilə, sinə estetikası (sinə böyütmə, kiçiltmə, xərçəngdən sonra sinənin rekonstruksiyası) ön sırada dayanır. Saç əkilməsi və burnun estetik əməliyyatı da tələb olunan sahələr sırasındadır".

Pərvanə SULTANOVA

 





07.02.2017    çap et  çap et