525.Az

Son üç ildə regionların inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd həyata keçirilib


 

Son üç ildə regionların inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd həyata keçirilib<b style="color:red"></b>

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" mərhələli şəkildə yerinə yetirilir. Beynəlxalq aləmdə baş verənlərə baxmayaraq, ölkəmizdə son 3 ildə regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd yerinə yetirilib".

Bunu  Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Fəzail İbrahimli "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən səsləndirilən fikirlərə, qarşıya qoyulan vəzifə və tapşırıqlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, keçmiş MDB məkanında və Avropa ölkələrində baş verən iqtisadi böhran, Azərbaycan manatının devalvasiyası, neftin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq, ölkəmizdə sosial proqramların heç birində axsama qeydə alınmayıb, bu istiqamətdə bütün addımlar atılıb: "Ölkə başçısının rəhbərliyi ilə ötən ilin yekunlarına dair müşavirədə, eləcə də ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında ifadə olunduğu kimi, Azərbaycan böhranı çox az  təsirlərlə adlaya bilib. Düzdür, manatın devalvasiyası ümumi işlərimizə müəyyən təsirlərini göstərə bilir, lakin Azərbaycan bu proseslərin qarşısında dayanmağı bacarır".

Millət vəkili qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün strukturların qarşısında bir vəzifə var ki, o da bu böhrandan az itki ilə çıxmaqdan ibarətdir: "Bu istiqamətdə proseslər davam edir və dünyada baş verənlər əsasında yeni addımlar atılır. Bilirsiniz ki, neftin qiymətinin ucuzlaşması neft gəlirlərimizi azaldıb. Lakin buna baxmayaraq, ölkədə həyata keçirilən bütün proqramlar yüksək səviyyədə icra olunur. Burada geriləmə, dayanma prosesi yoxdur. Sadəcə olaraq zamanın tələbinə uyğun olaraq, yeni addımlar müəyyənləşir, iqtisadi proseslər sürətləndirilir. Regionların  sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra proqramlar var ki, orada pambıqçılıq, fındıqçılıq, üzümçülüyün inkişafına xüsusi yer ayrılır. Ümumiyyətlə, regionların sosial iqtisadi inkişafına dair proqramlar əsasında kənd-təsərrüfatına verilən əhəmiyyət, sahibkarlara edilən güzəştlər ümumi inkişafa təkan verən amillərdir".

Millət vəkili Elman Məmmədov isə bildirib ki, prezident bir sıra vacib məsələlərlə yanaşı, sosial sahədə görülmüş işlərə, qaçqın və məcburi köçkünlərə dövlət qayğısından da söz açdı: "Məcburi köçkünlərə evlərin tikilməsi müxtəlif yerlərdə və bölgələrdə davam edir. Lakin bir neçə gün əvvəl  "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının" icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısının verdiyi tapşırıqlara əsasən, bu il işlər daha da sürətlənəcək". Millət vəkilinin sözlərinə görə, Bakı şəhəri ərazisində yerləşən yataqxanalar, müəyyən ictimai - sanatoriya, pansionat, lager tipli yerlər var ki, onlar qəzalı vəziyyətdə olduğu üçün məcburi köçkünlərin orada yaşaması mümkün deyil: "Bu baxımdan Azərbaycan prezidenti bir neçə gün əvvəl keçirilən müşavirədə bu istiqamətdə bir daha ciddi tapşırıqlarını verdi və bildirdi ki, məcburi-köçkünlər üçün mənzil, ev tikintisinin sürətinin artırılması diqqət mərkəzindədir. Ümumiyyətlə, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi ilə bağlı məsələ 2-3 il bundan öncə qərarlaşdırılıb. Abşeron rayon ərazisi və Bakı ətrafında qəsəbələrdə təxminən 90 min nəfərlik şəhərciyin salınması nəzərdə tutulub. Hətta bununla bağlı sənədləşmə də mövcuddur. Lakin neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşması nəticəsində ölkəmizdə bu tikintiyə başlanılması müvəqqəti olaraq dayandırılmışdı. Lakin Azərbaycan prezidentinin məcburi köçkünlərə hər zaman göstərdiyi diqqət və qayğısı nəticəsində bu məsələ daha da sürətlənəcək və prezidentin də qeyd etdiyi kimi, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesinə bu il başlanacaq. Yaxın gələcəkdə Bakı şəhərində yataqxanalarda məcburi köçkün qalmayacaq".

E. Məmmədova görə, ola bilər ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə tezliklə ərazilərimiz işğaldan azad olunar, bu mənzillər Bakıda deyil, öz tarixi torpaqlarımızda tikilər və məcbur köçkünlər öz yurd-yuvalarına qayıdarlar: "Amma bütün bunlara baxmayaraq, yenə də məcburi köçkünlərin mənzil, eləcə də sosial şəraitinin  yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir.  Bu da  alqışlanmalıdır".

Politoloq Qabil Hüseynli də dövlət baçşısının konfransda mühüm məqamlara toxunduğunu deyib. Əlavə edib ki, prezident tərəfindən qarşıya mühüm vəzifələr qoyuldu, həmçinin yeni layihələrin işə salınması ilə ölkəmizin gəlirlərinin artacağı vurğulandı: "Belə layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu layihə  Bakı-Tbilisi-Ceyhan kəmərinə bərabərdir". O xatırladıb ki, Azərbaycan ilk vaxtlar Avropa ölkələrinə 10 milyard kub metr, Şahdəniz-2 layihəsi işə düşəndən sonra 30 milyard kub metr qaz ötürəcək: "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının" icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident bu layihənin əhəmiyyətinə toxundu və çox düzgün fikirlər səsləndirdi. Cənub Qaz Dəhlizi ölkəmizə çox böyük gəlir gətirəcək. Azərbaycanın büdcə gəlirlərini 70-80 fazi artıracaq. Ona görə də biz bu qaz layihələrinə böyük ümid bəsləyirk. Əminik ki, onların işə düşməsi ilə Azərbaycanın büdcəsində gəlirləri çoxalacaq, həm də ölkə daxilində bir sıra digər layihələri maliyyələşdirmək üçün imkanlar əldə olunacaq".  Politoloq əlavə edib ki, bu qaz kəməri layihəsi az qala neft qədər gəlirli və Azərbaycana sərmayə gətirə biləcək iri bir layihədir.

PƏRVANƏ

 





07.02.2017    çap et  çap et