525.Az

“Zəlzələ ocaqlarındakı proseslər neft-qaz yataqlarında çatlar əmələ gətirir”


 

“Zəlzələ ocaqlarındakı proseslər neft-qaz yataqlarında çatlar əmələ gətirir”<b style="color:red"></b> “Neft-qaz yataqları ilə zəngin olan Xəzərdə potensial gücə malik zəlzələ ocaqları da var”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
Q. Yetirmişli ki, bildirib ki, Abşeron və Bakıda hiss olunan yeraltı təkanlar da Xəzərdə olan zəlzələ ocaqları ilə bağlıdır.
 
Onun sözlərinə görə, Xəzər həm palçıq vulkanları, həm də zəlzələ ocaqları ilə çox zəngindir: “Cənubdan şimala qədər Xəzərdə zəlzələ ocaqları var. Bu da dərinlik qırılmaları ilə əlaqədardır. Xəzərdə dəniz dibi seysmik stansiyalar yoxdur. İlkin olaraq üç belə dəniz dibi stansiya alınsa da, bu günə qədər onları quraşdırmaq mümkün olmayıb. Onların yerləri müəyyən olunub, amma müəyyən çətinliklərlə bağlı hələ də quraşdırılmayıb. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Xarici mütəxəssislərlə bu istiqamətdə danışıqlar aparılır. Hansısa böyük bir qrant layihəsi çərçivəsində bu işləri başa çatdırmaq mümkün olar. Bu, bizim üçün çox mühümdür. Çünki dəniz dibinin dərinlik quruluşunun öyrənilməsi, potensialının müəyyənləşdirilməsi, tomoqrafiyası, kommunikasiya xətlərinin qurulmasında riskin qiymətləndirilməsi, seysmik mikro-rayonlaşdırılması çox vacibdir”.
 
Q.Yetirmişli əlavə edib ki, hər bir ocaqda baş verən zəlzələ istər-istəməz dənizdəki “Günəşli”, “Azəri”, “Çıraq” neft-qaz yataqlarına təsir edir. Xəzərdəki zəlzələ ocaqlarında gedən proseslər nəticəsində neft-qaz yataqlarında müəyyən çatlar əmələ gəlir, parçalanma gedir: “Neft yatağı daxilində çatlar əmələ gəlirsə, yataqdakı neftin hər hansı bir istiqamətə axını olacaq”.
 





09.02.2017    çap et  çap et