525.Az

"Gənclər elmi və bədii ədəbiyyat işığında" layihəsinə yekun vuruldu


 

"Gənclər elmi və bədii ədəbiyyat işığında" layihəsinə yekun vuruldu<b style="color:red"></b>

İsmayıllı rayon mərkəzində yerləşən "Heydər Əliyev Mərkəzi"ndə "Gənclər elmi və bədii ədəbiyyat işığında" adlı layihənin yekun tədbiri keçirilib.

2016-cı il noyabr ayından etibarən 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda həyata keçirilən "Gənclər elmi və bədii ədəbiyyat işığında" adlı layihənin əsas məqsədi məktəblilərin elmi və bədii təfəkkürünün inkişaf etdirilməsi, onların elmi yaradıcılıq qabiliyyətlərinin, intellektual potensialının daha da artırılmasıdır.  Bu məqsədlə rayon məktəblərində sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirlər həyata keçirilib, təlimlər, seminarlar təşkil olunub.

Layihə pilot olaraq üç məktəbdə - İsmayıllı şəhəri 1 saylı tam orta məktəbində, Təzəkənd tam orta məktəbi, Topçu kənd tam orta məktəblərində keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra RİH-nin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açılış nitqi ilə qonaqları salamlayaraq, layihənin əhəmiyyətini qeyd edib.

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən elm və ədəbiyyat siyasətindən, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlardan geniş söz açıb. Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq elminin və ədəbiyyatın inkişafı sahəsindəki fəaliyyətdən də bəhs olunub və Gənclər elmi və bədii ədəbiyyat işığında" layihəsinin bu sahədə böyük əhəmiyyətə malik olduğu, məktəblilərin elmə və bədii yaradıcılığa həvəsləndirilməsindəki rolu diqqət mərkəzinə çəkilib. Tədbirdə Azərbaycanın regionlarında elmin, təhsilin və bədii yaradıcılığın inkişaf etdirilməsində ziyalıların vəzifələrindən danışılıb.

Nizamı adına Ədəbiyyat İnstitutunun əməkdaşı, layihənin rəhbəri Gülnar Yunusova çıxış edərək layihə haqqında, onun mahiyyəti və məqsədi haqqında ətraflı məlumat vermiş,  eyni zamanda, başa çatmış proqramın mühüm nəticələri və əsas statistik göstəricilərini diqqətə çatdırmışdır. Layihənin təlimçisi fil.ü.f.d., dosent Bəsirə Əzizəliyeva layihənin yekun nəticələrini və həyata keçirilmiş təlimlərdə əldə olunan yekunlardan və qarşıda duran vəzifələrdən bəhs etmişdir.

AMEA Nizami adına Ədəbiyyat İnstitututunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin müdiri Bədirxan Əhmədov "İsmayıllı ədəbi mühiti" adlı məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən İsmayıllı rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov layihənin icrası prosesində formalaşan əməkdaşlıq münasibətlərinin yeni nəslin formalaşmasındakı əhəmiyyətini diqqət mərkəzinə çəkib. Layihənin əsas icraçılarından olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin direktoru Gündüz Qədirov, Topçu məktəbinin direktoru Xavər Allahverdiyeva, Təzəkənd məktəbinin direktor müavini Ağalar Bədəlov çıxış edərək layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin təşkilinə göstərilən maraqdan, Şagird elmi cəmiyyətinin, ədəbiyyat dərnəklərinin, dərsdənkənar tədbirlərin müasir imkanlarından söz açıblar.

Tədbirdə müxtəlif məktəblərdə təhsil alan və ədəbiyyat həvəskarı olan şagirdlər Gülsüm Əsgərli, Aynur Hüseynova, Zərifə Həlimova, Nazənin Kazımova, Arifə Gərayeva rayonun yetirməsi olan şairlərin şeirlərini əzbər söyləyiblər.

Tədbirin sonunda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagird sertifikatlarla təltif olunub. İnşa müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar verilib.

Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil olunan və sərgidə nümayiş etdirilən 200-dən çox kitab və jurnal "Heydər Əliyev Mərkəzi"nə, məktəb kitabxanalarına və şagirdlərə hədiyyə edilib.

 





09.02.2017    çap et  çap et