Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Fərhad Muradov və İsa İbrahimov ifadə verib. “Hepatit C” xəstəliyindən əziyyət çəkdiyini deyən F. Muradov özünü təqsirli bilmədiyini, hər hansı cinayət hadisəsi törətmədiyini deyib. Bildirib ki, Taleh Bağırovun təşkil etdiyi məclislərə qatılıb və onu tanıyıb. Onun din və əxlaqdan başqa mövzularda danışmasının şahidi olmayıb.
İ. İbrahimov isə Nardaran hadisələri zamanı ölkədə olmadığını, Kərbəladan Azərbaycana hadisələrdən 20 gündən sonra gəldiyini, heç bir cinayət törətmədiyini, hansı səbəbdən həbs olunduğunu bilmədiyini deyib. Bildirib ki, onda silah olmayıb və kütləvi iğtişaş törətmək istəməyib. O, Taleh Bağırovun heç bir məclisində olmadığını deyib.
Proses fevralın 17-də davam edəcək.
Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.
çap et