525.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni tədbirlər keçirdi


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni tədbirlər keçirdi<b style="color:red"></b>

Fevralın 9-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN Xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçirilib.

Yarışda 8 komanda iştirak edib.

Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açıq elan edərək “ASAN Xidmət” mərkəzləri arasında təşkil olunan atıcılıq yarışının vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev isə çıxışında xidmətin “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin işini müsbət qiymətləndirərək, birgə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Fəxri qonaq kimi tədbirdə iştirak edən paralimpiya çempionu İlham Zəkiyev isə öz  çıxışında xidmətin ötən müddət ərzində fəaliyyətini yüksək dəyərləndirib.

Fevralın 10-da isə Səfərbərlik xidməti Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.

Tədbirdə icra hakimiyyətinin başçısının müavini İlqar Dadaşov, Səfərbərlik Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Səfərbərlik xidmətinin fəaliyyətinin beş illiyi münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan icra başçısının müavini İ.Dadaşov gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib.

Səfərbərlik Xidmətinin rəisinin müavini general-mayor N.Orucov isə çıxışında xidmətin 5 il ərzində mühüm uğurlara nail olduğunu qeyd edib.

Öz növbəsində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri E. Həsənli qeyd edib ki, Səfərbərlik Xidməti ötən 5 il ərzində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirib, cəmiyyətin gözləntilərini doğruldub.

Ceyhun ABASOV

 





11.02.2017    çap et  çap et