525.Az

Kiş-Alban məbədində Azərbaycan multikulturalizmi


 

Kiş-Alban məbədində Azərbaycan multikulturalizmi<b style="color:red"></b>

Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, “Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina və Çexiyanın Karlov Universitetində bu fənni keçən Roza Şəfiyeva “Azərbaycançılıq və Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi” mövzusunda mühazirə oxuyub.

İrina Kunina Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin önəmini vurğulayıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında geniş məlumat əldə etmək imkanı olduğunu qeyd edib: “Bu fənn ölkəmizin 40, dünyanın 15 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd beynəlxalq ictimaiyyəti xalqımızın çoxəsrlik tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış etməkdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizm modelini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin reallaşması istiqamətində ardıcıl səylər göstərir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin və yerli universitetlərin sayı getdikcə artır və inanırıq ki, gələcəkdə bu rəqəm daha da artacaq”.

Roza Şəfiyeva bildirib ki, sözügedən fənnin dinləyiciləri Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki əsrlərlə yaşı olan təcrübəni öyrənməkdə çox maraqlıdırlar. Pedaqoq qeyd edib ki, dərs prosesində tələbələr Azərbaycanın etnik və dini palitrası, ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, eləcə də ölkəmizdə qardaşcasına yanaşı yaşayan konfessiyalarla bağlı suallar ünvanlayırlar.

Mühazirədə Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Portuqaliya və Polşadan olan tələbələrin Azərbaycan multikulturalizmi modeli ilə bağlı sualları cavablandırılıb.

Qış məktəbinin iştirakçıları tədris vaxtından sonra yerli gənclərlə birgə əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi hesab olunan, nəinki Qafqazın , eləcə də bütün xristian aləminin ən qədim kilsələrindən sayılan Kişdəki Alban məbədini ziyarət ediblər. Tələbələr Qafqaz Albaniyası abidələrinin sərgisi ilə tanış olublar.

Günün ikinci yarısında Şəkinin tarixi yerlərinə -Xan sarayı kompleksinə, Karvansaraya gəzinti təşkil olunub. Ekskursiya zamanı Şəkinin tarixi tikililəri, Azərbaycan mədəniyyəti incilərindən sayılan şəbəkə memarlığı nümunələri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, Şəki ipəyindən hazırlanmış əl işləri, eləcə də ləziz Şəki mətbəxi tələbələrdə böyük maraq doğurub.

Gəzintidən sonra tələbələr üçün Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

 





14.02.2017    çap et  çap et