525.Az

Cocuq Mərcanlıya qayıdış planı erməniləri təşvişə salıb


 

İŞĞALÇI REJİM AZƏRBAYCANIN QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ ATDIĞI ADDIMLARDAN QORXUYA DÜŞÜB

Cocuq Mərcanlıya qayıdış planı erməniləri təşvişə salıb<b style="color:red"></b>

Son dövrlər Ermənistan hakimiyyəti və onun havadarları Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımları böyük narahatlıqla izləyir.
 
Aprel döyüşlərindən bu yana ölkəmizin əldə etdiyi hərbi üstünlüyü qoruması, siyasi müstəvidə isə "Qarabağa qayıdış" strategiyasına uyğun olaraq işğaldan tam azad edilən Cəbrayılın Cocuq Mərcanlı kəndində infrastrukturun bərpa edilməsi, üstəlik, Bakı Sülh Platformasının yaradılması və ölkəsində təqiblərə məruz qalan Sarkisyan əleyhdarları - erməni fəallarının bu təşəbbüsə qoşulması işğalçı rejimi qorxuya salıb. Bu səbəbdən Ermənistan hakimiyyəti baş verən bu prosesləri görməzdən gəlir, nəzarət etdiyi yerli mediada işıqlandırılmasının qarşısını almağa çalışırdı. Son günlər mütəmadi olaraq Ermənistan cəbhə xəttində həyata keçirdiyi diversiya hücumları da ölkəmizin atdığı addımlara cavab xarakteri daşıyırdı. Lakin hər dəfə ağır itkilər verərək geri çəkilməyə məcbur olan düşmənin bu təxribat cəhdləri də iflasa uğradı, özünüifşadan başqa mahiyyət daşımadı.

İndi isə ermənilər Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistandan "müvəqqəti sığınacaq" alması ilə bağlı xəbərlər tirajlamağa başlayıblar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, "Tolişi Sədo" qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatı"nın üzvü müraciətində guya "Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub".

Göründüyü kimi, Ermənistan hakimiyyəti bununla Azərbaycanda yaşayan millətlər arasında etnik zəmində qarşıdurma, ölkədə xaos yaratmağa çalışır. Əsas məqsəd isə beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ problemində "haqlı" olduqlarını, Azərbaycanda guya qeyri-millətlərə qarşı ayrı-seçkilik və təqiblərin həyata keçirildiyini göstərməkdir. Yəni, Sarkisyan rejimi dolayısıyla "ermənilər azərbaycanlılarla birgə yaşaya bilməzlər" fikrini Şahin Mirzəyevin tutduğu əməllə "təsdiqləməyə" çalışır. Halbuki, bir şəxsin öz dövlətinə xainlik edərək belə bir addımı atması heç bir halda bu fikrin təsdiqini özündə ehtiva edə bilməz. Çünki bu, Azərbaycanda bərabər hüquq çərçivəsində, mehriban şəkildə yaşayan talış, ləzgi və digər millətlərə qarşı ən böyük haqsızlıqdır.

Əldə etdiyimiz məlumatlara görə, əslən Lerik rayonun Kəlvəz kəndindən olan Şahin Mirzəyev isə əvvəllər Müsavat Partiyasının üzvü olub, partiyadan ayrılması səbəbini guya etnik ayrı-seçkiliklə üzləşməsi kimi izah edib. Daha sonralar Talış Mədəniyyət Mərkəzinə qoşulan Şahin Mirzəyev özünü separatçı adlandırmaqdan belə çəkinməyib. Onun Talış Mədəniyyət Mərkəzində fəaliyyəti də əsaslı şübhələrə səbəb olub. Zaman-zaman onun fəallığının arxasında qara niyyətlərin durması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Şahin Mirzəyev Azərbaycan vətəndaşlığından çıxarılan Əlikram Hümbətovun yaxın adamı kimi tanınır. Onun "Tolişi Sədo" qəzetinin əməkdaşı olduğu bildirilsə də, adıçəkilən mətbu orqanın baş redaktoru Hilal Məmmədov bu faktı təsdiqləməyib. 

Mövzuya münasibət bildirən "Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri, "Strateq.az" saytının redaktoru Xəqani Səfəroğlu qeyd edib ki, talış xalqının Azərbaycan kimi qədim, misilsiz, içində xalqlarının qardaş kimi çiyin-çiyinə yaşadığı dövləti var: "Min illərdir bir yerdə yadelliyə qarşı vuruşublar, sevinclərinə seviniblər, vayına ağlayıblar. "Talış Ermənistandan sığınacaq istədi" yazıları adamı ağrıdır, bu torpaq uğrunda canını vermiş minlərlə talış şəhidinin ruhunu sızladır. Satanın, qaçanın, kökünə xor baxanın milləti olmaz. Talışın başqa dövləti yoxdur. Talışın dövləti Azərbaycandır. Ya bir yerdə bu ölkə ilə birgə böyüyəcəyik, ya da kül olacağıq. Xalqımın əzabları üzərində siyasət qurmaq istəyənləri isə lənətləyirəm. Ermənistana qaçan Azərbaycan vətəndaşıdır. Bu ölkənin çörəyinə, suyuna tüpürüb, arxa çevirib. Burda qalanlar isə milyonlardır. Bizi bölmək utopiyadır, bizi düşmən etmək xülyadır. Burada qalacağıq, bir yerdə olacağıq. Dövlətimizi heç kimə vermək niyyətimiz yoxdur! Əzizlərim, bir-birinizdən möhkəm yapışın".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, qardaşlarımız talışlar, kürdlər və ləzgilər Qarabağ müharibəsində şücaət göstəriblər, qəhrəmancasına həlak olublar, indi də səngərlərdə Azərbaycanı canlarıyla, qanlarıyla qoruyurlar: "Elə nəşini geri qaytardığımız, qeyri-bərabər döyüşdə bir neçə işğalçını məhv edən və prezidentin fərmanı ilə milli qəhrəman adına layiq görülən Çingiz Qurbanov da Qusar rayonunun sakinidir. Ermənistan hakimiyyəti kəşfiyyat maşının köməyi ilə illərdir Azərbaycanda millətlər arasında qarışıqlıq salmaq istəyir. Alınmır. Bir ara kürdləri işğal altındakı Laçına yerləşdirmək istəyirdi, bu təxribatları da alınmadı. Ancaq hər millətdən xəyanətkarlar olur".

E.Şahinoğlu hesab edir ki, milliyyətcə talış olan keçmiş Azərbaycan vətəndaşının ailəsiylə birgə Ermənistanda məskunlaşdırılması İrəvanın təxribatçı planının bir hissəsidir: "Bu rəsmi İrəvanın bir növü Azərbaycanın ədalətli mövqeyini qəbul edən də Sülh Platformasına qoşulan və "Dağlıq Qarabağ Azərbaycana aiddir" deyən ermənilərə cavabdır. Bu platformaya onlarla erməni qoşulub, Ermənistanda məskunlaşan keçmiş Azərbaycan vətəndaşı isə cəmi bir "nümunədir". Buna baxmayaraq, ehtiyatlı olmalıyıq, Ermənistan hakimiyyətinin təxribatlarına aldanmayaq, sosial şəbəkələrdə hansısa millətin ünvanına ifadələrimizdə korrekt olaq".

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə "Yeni Müsavat"a  deyib ki, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur: "Hətta dünyanın ən böyük ölkəsində milli azlıqlara yanaşma, Azərbaycandakı yanaşma ilə müqayisə olunmur. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan heç kim belə addım atmazdı".

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bildirib ki, bu hadisə Azərbaycanı sevməyənlərin bir oyunudur: "Bəzən deyirlər ki, heç bir millət tam pis və ya yaxşı ola bilməz. Ancaq bu, ermənilərə aid deyil. Bu millət bütövlükdə xəstə toplumdur. Ermənistana sığınan adama gəlincə, bu hadisə talış adına ləkədir. Bilirsizmi ki, Qarabağ savaşında nə qədər talış şəhid olub? Təkcə talış deyil, ləzgi və digər millətin oğulları da Azərbaycanın bütövlüyü uğrunda şəhid olublar. Kimliyindən asılı olmayaraq, düşməndən imdad diləmək yaraşmayan bir hərəkətdir. Belə başa düşürəm ki, erməniyə sığınan adam da xəstədir. Guya o, başqa yerə getsəydi sığınacaq alıb yaşaya bilməzdi? Bu, Azərbaycanı sevməyən, Əlikram Hümbətov kimilərin bir oyunudur".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, bu, ermənilərin Azərbaycana qarşı Dağlıq Qarabağda apardığı separatizm siyasətinin tərkib hissəsidir. O, "azvision"a bildirib ki, məhz buna görə ermənilər çalışırlar ki, talışlar və ya digər etnik qrupların separatist meyllərini alovlandırsınlar: "Özlərini haqlı göstərmək üçün Azərbaycana qarşı cəbhə yaratmaq istəyirlər. Bütün bunlar ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün əlavə arqumentlər əldə etmək niyyətindən irəli gəlir. Özlərinin separatist hərəkətlərinə haqq qazandırmağa çalışırlar".

Ceyhun ABASOV

 





14.02.2017    çap et  çap et