525.Az

“Ueldanovun saxlanma şəraiti Avropa standartlarına uyğundur”


 

“Ueldanovun saxlanma şəraiti Avropa standartlarına uyğundur”<b style="color:red"></b> Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda həbsdə olan digər Rusiya vətəndaşı Marat Ueldanov ətrafında yaranan vəziyyətə münasibət bildirib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova M. Ueldanovun istintaqının davam etdiyini söyləyib: "O, əvvəlki kimi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. Rusiyanın Azərbaycandakı səfirliyinə daxil olan məlumata görə, Marat Ueldanovun saxlanma şəraiti Avropa standartlarına cavab verir. Ueldanovun sağlamlıq vəziyyəti ümumilikdə qənaətbəxşdir. Onun səhhətinin pisləşdiyi barədə bir çox məlumat yayılıb, ona görə də biz xüsusi olaraq bu məlumatları yoxladıq. Yazılanlar doğru deyil. Rusiya vətəndaşı tibbi yardım alır. Əlimizdə bunları təsdiq edən materiallar var. Vətəndaş Ueldanova dövlət tərəfindən vəkil təyin olunub. İlkin istintaq zamanı o, özü bu vəkili seçib”.
 
M. Zaxarova qeyd edib ki, Azərbaycan tərəfi ilə bu məsələyə dair müxtəlif səviyyələrdə danışıqlar aparılır: “Bakıdakı Rusiya səfirliyinə bu məsələni xüsusi nəzarətdə saxlamaq və yeni məqamlar barədə dərhal məlumat vermək tapşırılıb. Nəzərinizə bir məqamı da çatdırmaq istəyirəm ki, səfirliyimizin əməkdaşlarının indiyədək Ueldanova baş çəkməməsi ilə bağlı məlumatlar da yalandır. Rusiya səfirliyinin əməkdaşları vətəndaş Ueldanova iki dəfə baş çəkiblər: ötən il iyulun 28-də və dekabrın 16-da. Axırıncı görüş iki saat çəkib. Növbəti görüşə hazırlıq gedir. Xahiş edirik ki, bu məsələnin həssaslığını nəzərə alaraq doğru olmayan məlumatı yaymamaqdan ötrü bizimlə əlaqə saxlayasınız". 
 
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.
 





15.02.2017    çap et  çap et