525.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 illiyi qeyd edildi


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 illiyi qeyd edildi<b style="color:red"></b>

Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb.

A.Rəhimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin icrasını tələb olunan səviyyədə təmin etmək məqsədilə ötən beş ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib: "Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə ötən illər ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı keçirilib, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb. Görülən işlərin nəticəsi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib", - deyə A.Rəhimov qeyd edib.

Diqqətə çatdırılıb ki, görülən işlərin nəticəsi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrimizin təlimlərində hərbi birləşmələrin və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə həyata keçirib.

A.Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.

Sonra Xidmətin beş illik fəaliyyəti ilə bağlı slayd nümayiş etdirilib.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov, "Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək yubiley münasibətilə təbriklərini çatdırıb, Xidmətin beş il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.

Sonda Xidmətin bir qrup hərbi qulluqçusunun "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.

 





15.02.2017    çap et  çap et