525.Az

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir


 

"PREZİDENTİN İMZALADIĞI SƏNƏD AZƏRBAYCANDA HÜQUQİ İSLAHATLARIN YENİ MƏRHƏLƏSİNİN ELANIDIR"

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir<b style="color:red"></b>

Məlum olduğu kimi, fevralın 10-da prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.

Sözügedən sərəncamı zəruri edən bir sıra şərtlər var. Ekspertlərin verdiyi məlumatlara görə, Azərbaycan Respublikasında dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili zərurətə çevrilib. Çünki məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. Bundan başqa, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən, iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs-qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir.

Sərəncamın məqsədi isə cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: birincisi, məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri, ikincisi, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının prezidenti kənar təsir hallarının tam istisna olunması üçün yalnız qanunun tələblərinin rəhbər tutulmalı olduğunu məhkəmələrin diqqətinə çatdırıb.

Sərəncamı aktual edən digər məqamlardan digərləri penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsidir.

Bütün bu istiqamətlər üzrə kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün "yol xəritəsi" olacaq.

Dövlət rəhbəri İlham Əliyevin imzaladığı sərəncamla bağlı danışan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qeyd edib ki, imzalanan sərəncam prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: "Bu Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir".

F.Ələsgərov AZƏRTAC-a bildirib ki, aparılmış təhlillər göstərir ki, bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir: "Bu halların qarşısının alınması məqsədilə istintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri yalnız müstəsna hallarda müvafiq əsaslar mövcud olduqda tətbiq edilsin".

Şöbə müdirinin sözlərinə görə, həbs-qətimkan tədbirinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətidir: "Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən məhkəmələrə həbs-qətimkan tədbirlərinin seçilməsi məsələləri ilə əlaqədar təsir etmək cəhdləri ilə bağlı Prezident Administrasiyasına məlumatlar daxil olur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti məhz bu kimi neqativ halların tam istisna olunması üçün məhkəmələrə həbsin seçilməsi ilə bağlı yalnız qanunun tələblərini rəhbər tutmalı olduqlarını xüsusi vurğulayıb. Sərəncamda, həmçinin Ali Məhkəməyə həbs -qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilməsi tövsiyə edilib".

F.Ələsgərov deyib ki, penitensiar müəssisələrdə infrastrukturun yenilənməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, məhkumların və həbs edilmiş şəxslərin elektron qeydiyyatını aparacaq yeni informasiya sisteminin təşkil edilməsi tapşırıqları verilib: "Penitensiar xidmətin peşəkar kadr korpusunun tam formalaşdırılması, etibarlı mühafizəsinin təşkil edilməsi üçün komplektləşdirilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması məqsədilə həmin müəssisələrdə yeni istehsal sahələrinin yaradılmasına dair tapşırıqlar verilib, bu işə sahibkarların cəlb edilməsinin təşviq olunması üçün tədbir görülməsinin zəruriliyi vurğulanıb. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarətin gücləndirilməsinə dair ayrıca göstərişlər verilib".

Şöbə müdiri əlavə edib ki, artıq sərəncamın icrası ilə bağlı işlərə başlanılıb: "Prezidentin verdiyi tapşırıqların icrasına ciddi nəzarət həyata keçiriləcək və əminəm ki, gözlənilən nəticələr əldə olunacaq".

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin imzaladığı bu sərəncamı hüquq müdafiəçiləri yüksək qiymətləndirirlər: "Hesab edirəm ki, məhz bu sənəd Azərbaycanda hüquqi islahatların yeni mərhələsinin elanıdır. Ümumiyyətlə Azərbaycanda məhkəmə-hüquq, penitensiar xidmət, insan hüquqları sahəsində bir sıra islahatlar həyata keçirilib. Lakin bu sənədin qəbulu ilə biz bu prosesin sistemli olaraq həyata keçiriləcəyinin şahidi olacağıq. Çünki qanunvericilikdə mövcud olan bir sıra boşluqlar bəzi hallarda qanunla nəzərdə tutulan ayrı-ayrı hüquqi akt və müddəaların işlək mexanizminin olmaması ilə nəticələnirdi. İndi isə müvafiq sərəncamdan irəli gələn məsələlərin icrası ilə həmin boşluqlar doldurulacaq və qanunvericilikdə nəzərdə tutulan bütün müddəalar aktiv vəziyyətə gətiriləcək".

Sənədin özəllikləri barədə danışan Ş.Camalov bildirib ki, prezidentin imzaladığı sərəncam gələcəkdə məntəqə tipli cəzaçəkmə müəssisələrinin statusunu müəyyən etməyə kömək edəcək: "Əvvəllər Azərbaycanda cəzanın daha çox həbslə bağlı hissəsi gündəmdə olurdu. Bundan sonra isə məhkumların islah işlərinə cəlb edilməsi də aktuallıq daşıyacaq. Əslində bu müddəa ölkə qanunvericiliyində mövcud idi, lakin işlək mexanizmi yox idi. Hazırda isə qəbul olunan müvafiq sərəncama uyğun olaraq bu sahədə yeniliklərin şahidi olacağıq".

Hüquq müdafiəçisi hesab edir ki, penitensiar sistemin fəaliyyətinin daha da səməriləşdirilməsi baxımından prezidentin imzaladığı sərəncamın mühüm əhəmiyyəti var: "Sənəddən irəli gələn məsələlərin icrasına başlandıqdan sonra, yaxın zamanlarda biz görülən işlərin məntiqi nəticələrinin şahidi olacağıq".

Hüquqşünas Vüqar Babayev isə qeyd edib ki, prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı bu sahədəki problemlərin həlli yolunda mühüm addımdır. O, "Trend"ə bildirib ki, dövlət başçısının bu addımı cəmiyyətdə cəza sisteminin yumşaldılmasında bir çox müsbət dəyişikliyə səbəb olacaq: "Cəza siyasətinin yumşaldılması istiqamətində işlər aparılmaqdadır. Avropa hüquq məkanının bir parçası olaraq, Azərbaycanda cəzaların liberallaşdırılması cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması, əsas insan hüquqlarından biri olan azadlıq hüququnun, şəxsiyyətə hörmət prinsipinin inkişaf etdirilməsi baxımından çox önəmlidir. Xüsusilə qeyd etmək yerinə düşər ki, qətimkan tədbirlərinin seçilməsi zamanı bir çox hallarda onların arasında ən ağırı olan həbs-qətimkan tədbirinin seçilməsi cinayət hüququ sahəsində fəaliyyət göstərən hüquq müdafiəçiləri üçün ən ağrılı məqamlardan biridir".

V.Babayev bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin istər Azərbaycan, istərsə də bu məhkəmənin yurisdiksiyasına daxil olan digər ölkələr tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinin pozuntusunu tanıdığı işlərin təhlili də onu göstərir ki, cinayət işlərinin ibtidai istintaqı zamanı tanınan hüquq pozuntularının əksəriyyəti təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi və onun icra edilməsi ilə bağlıdır: "Azərbaycanın Cinayət Prosessual Məcəlləsində təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi qaydaları və şərtləri müəyyən edilib, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum Qərarlarında qətimkan tədbirlərinin seçilməsinin praktik şərtləri izah edilib. Sadalanan sənədlərdə həbs-qətimkan tədbirinin təqsirləndirilən şəxs barəsində müstəsna hallarda seçilməli olması, buna məhz şəxsiyyət və dövlət əleyhinə ağır və xüsusilə ağır cinayətlərin törədilməsi zamanı digər qətimkan tədbirlərinin seçilməsinin mümkünsüz olduğu zaman yol verildiyi göstərilib. Lakin buna baxmayaraq, bir sıra hallarda yenə də qətimkan tədbirləri seçilərkən əsassız olaraq həbs-qətimkan tədbirləri seçilir və təqsirləndirilən şəxslərin hüquqları pozulurdu. Burada həm həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq məhkəmələrə müvafiq təqdimat və vəsatətlər verən cinayət təqibi orqanlarının, həm də bu təqdimatları təmin edən məhkəmələrin rolu az deyil".

Hüquqşünasın fikrincə, bu baxımdan sözügedən sərəncam insan hüquqları və əsas azadlıqlarının müdafiəsinin Prezidentin birbaşa diqqətində saxladığı məsələlərdən və onun daxili siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərdi: "Sərəncam doğurduğu hüquqi nəticələrlə yanaşı, qeyd edilən istiqamətdə daha humanist siyasətin həyata keçirilməsi üçün siyasi iradənin olduğunu bir daha təsdiq etdi".

Ceyhun ABASOV

 





15.02.2017    çap et  çap et