525.Az

"İranla Azərbaycan arasında heç bir siyasi problem yoxdur"


 

SƏFİR CAVAD CAHANGİRZADƏ: "İRAN AZƏRBAYANLI MƏCBURİ KÖÇKÜNLƏRİN TEZLİKLƏ ÖZ YURDLARINA DÖNMƏSİNİ ARZULAYIR"

"İranla Azərbaycan arasında heç bir siyasi problem yoxdur"<b style="color:red"></b>

"İran tezliklə Azərbaycanda və regionda sülhün bərqərar olmasını istəyir".

Bunu mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan Prezidentinin məcburi köçkünlərin Cəbrayılın Cocuq Mərcanlıya qayıdışı ilə bağlı sərəncamını, eyni zamanda, xarici ölkə səfirlərinin bu kəndə səfərini şərh edərkən deyib.

Səfir deyib ki,  məcburi köçkünlərin öz ata yurdlarına dönüşünü alqışlayırlar:"Ümid edirik ki, tezliklə regionda sülh bərqərar olacaq. İran tezliklə Qarabağ münaqişəsinin həllini və məcburi köçkünlərin öz ata yurdlarına dönüşünü istəyir. Çünki İran da zamanında belə bir problemi yaşayıb, qaçqın probleminin və insanların öz doğma yurdlarından didərgin olmasının nə olduğunu yaxşı anlayır. Odur ki, biz tezliklə azərbaycanlı  məcburi köçkünlərin öz ata yurdlarına qayıdışını arzulayırıq".

Səfir onu da əlavə edib ki, İran Azərbaycan torpaqlarının işğalının ilk illərində işğal olunmuş ərazilərdən  olan məcburi köçkünlərə öz yardımını göstərib:"Hətta, o zaman xeyli sayda məcburi köçkün İrana keçib və oradan yenidən Azərbaycana gəlib. Bundan əlavə  İran Qızıl Aypara Cəmiyyəti  burada məcburi köçkünlər üçün  qaçqın düşərgələri yaradıb, onlara humanitar yardımlar  edib.  İranın azərbaycanlı qaçqınlara  göstərdiyi dəsətəyə görə, zamanında Azərbaycan Prezidenti Heydər Əliyev İrana öz təşəkkürünü bildirib. Əliyev deyib ki, İran vaxtında  məcburi köçkünlərə yardım etməsəydi, onların vəziyyəti daha acınacaqlı ola bilərdi.

Ona görə də,  biz tez bir zamanda  Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasında maraqlıyıq".

İki ölkə arasındakı əlaqələrə də toxunan səfir deyib ki, İranın 13 qonşusu var. "Ancaq İranla Azərbaycan arasındakı münasibətlərin xüsusi yer var və bu əlaqələri digər  ölkələrlə olan münasibətlə eyniləşdirmək olmaz. Bu gün ölkələrimiz arasındakı əlaqələr  ən yüksək səviyyədədir. Deyərdim ki, regionda belə yüksək səviyyədə münasibətləri olan iki ölkəni misal çəkmək mümkün deyil. Bu gün İranla Azərbaycan arasında heç bir siyasi problem yoxdur və bu problemlər öz həllini tapıb. Biz bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq" - deyə, səfir bildirib.

KAMİL

 





16.02.2017    çap et  çap et