525.Az

Prezidentin "Əl-Cəzirə" televiziyasına müsahibəsi ciddi rezonans doğurdu


 

"DÖVLƏTİMİZ BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRMƏK İSTƏYİR Kİ, MÜSƏLMAN ÖLKƏLƏRİ ÖZ ARALARINDA ƏMƏKDAŞLIĞIN YENİ, ORİJİNAL VƏ SƏMƏRƏLİ FORMALARINI QURA BİLƏR"

Prezidentin "Əl-Cəzirə" televiziyasına müsahibəsi ciddi rezonans doğurdu<b style="color:red"></b>

Məlum olduğu kimi, prezident İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasına müsahibə verib.

AZƏRTAC-ın məlumatına görə, ilk olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll yolları ilə bağlı suala cavab verən dövlıııət başçısı qeyd edib ki, Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir: "Bir çox əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabının nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə Sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edildi. Çünki XIX əsrdəki köçürülmədən sonra bu vilayətin əhalisinin 70 faizini ermənilər, 30 faizini isə azərbaycanlılar təşkil edirdi. Beləliklə, Azərbaycanın bu qədim və ayrılmaz hissəsi muxtariyyət statusu aldı və Sovetlər İttifaqının dağılması ərəfəsində Ermənistan separatçıları Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkata başladı, dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etdilər, kəndlərimizi yandırdılar, evlərimizi dağıtdılar və təkcə Dağlıq Qarabağı yox, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında yerləşən yeddi rayonu da işğal etdilər. Bu təcavüz və işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatlar bir çox qərar və qətnamələr qəbul etdi, xüsusilə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur və biz burada Azərbaycana qarşı ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, 20 ildən çox vaxt keçmişdir. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Oxşar qərarlar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı tərəfindən də qəbul edilmişdir. Bütün bu qərarlar, qətnamələr Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir".

Daha sonra Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən danışan prezident qeyd edib ki, enerji resurslarımıza gəldikdə, hesab edirəm ki, biz enerji siyasətimizi uğurla həyata keçiririk: "Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilmişdir. Beləliklə, biz artıq yüz faiz əmin ola bilərik ki, mövcud infrastruktur bizim üçün və digərləri üçün yetərli olacaq. Yeri gəlmişkən, biz artıq nefti Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə, tankerlərlə Xəzər dənizi ilə və bizim boru kəmərləri sistemi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik. Növbəti inkişaf mərhələsi biz nəhəng qaz yataqları aşkar etdikdə başladı. Bizə investisiyaları cəlb etmək və həmçinin qaz boru kəmərləri tikmək lazım idi. Beləliklə, bu proses bir neçə il bundan öncə başladı və bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan "Cənub Qaz Dəhlizi" layihəsini icra edirik. Bu, Azərbaycanı bizim qonşu ölkələr vasitəsilə Avropa bazarları ilə birləşdirən üç boru kəmərinin tikintisindən ibarətdir. Birinci boru kəməri Azərbaycan və Gürcüstan arasında olan Cənubi Qafqaz boru kəməridir. İkinci boru kəməri Trans-Anadolu kəməri - TANAP-dır. Bu boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanaraq bütün Türkiyə ərazisindən keçir. Üçüncü boru kəməri isə Trans-Adriatik boru kəməri - TAP-dır. O da Yunanıstan-Türkiyə sərhədindən Albaniyaya, sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. Beləliklə, bu, ayrı-ayrı hissələrə bölünmüş vahid boru kəməri layihəsidir. Eyni zamanda, Azərbaycanın nəhəng qaz yatağının işlənilməsi bu layihəni Avropada ən böyük layihələrdən biri edir. Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirilir. Bu layihə bizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq. Çünki Avropanın daha çox qaza ehtiyacı var. Onun iqtisadiyyatı daha çox qaz təchizatını tələb edəcək və bu gün Avropanın qaz təchizatları mövcud mənbələrlə məhdudlaşır. Beləliklə, bizim mənbə yeni və böyük mənbədir. Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək".

Azərbaycanın böyük enerji və nəqliyyat layihələrini Türkiyə ilə sıx əməkdaşlıq şəraitində həyata keçirdiyini deyən dövlət başçısı vurğulayıb ki, Türkiyə bizim üçün qardaş ölkədir: "Bizim çox sıx münasibətlərimiz var. Türkiyə və Azərbaycan, o cümlədən, bizim dostluğumuz nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan amildir. Çünki Azərbaycanın enerji resursları birinci olaraq Türkiyəni əlavə enerji ilə təchiz edir, eyni zamanda, bu enerji resursları Türkiyə vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bizim əsas neft boru kəmərimiz Ceyhanda, Aralıq dənizinin sahilində bitir. Eyni zamanda, TANAP-Trans-Anadolu kəməri. Bu ad artıq özlüyündə kəmərin mahiyyətindən xəbər verir. Buna görə də nəqliyyat və enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığı bu nəhəng layihələrin icrası üçün çox önəmlidir və ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr və xalqlarımız arasındakı qardaşlıq münasibətləri bu layihənin uğurlu icrası üçün əsas amildir".

Azərbaycanın İslam ölkələri, Ərəb dünyası ilə münasibətlərə toxunan prezident onu da qeyd edib ki, bu münasibətlər bizim üçün hər zaman prioritet olub: "Mən bir çox ərəb ölkələrinə rəsmi səfərlər etmişəm. Bizim əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə böyük həmrəylik nümayiş etdirmişdir və biz bunu yüksək qiymətləndiririk. Qətər ilə münasibətlərimiz də bizim üçün böyük əhəmiyyət kəsb edir və doğru qeyd etdiyiniz kimi bu, ikitərəfli format və həmçinin Körfəz ölkələri ilə əməkdaşlıq formatıdır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və bir çox başqa ərəb ölkələrinə uğurlu səfərlərim və Qətərə planlaşdırılan səfərim bu əməkdaşlığı gücləndirəcək. Biz ərəb ölkələrindən daha çox adamın ölkəmizə gəlməsini istəyirik. Yəqin bilirsiniz ki, biz bu yaxınlarda Körfəz Əməkdaşlığı ölkələrinin vətəndaşları üçün bütün viza tələblərini aradan qaldırmışıq. Qətərin Əmiri, Əlahəzrət Azərbaycanda rəsmi səfərdə olub. İndi isə mənim növbəmdir. Bizim Əlahəzrətlə çox yaxşı şəxsi, mən deyərdim ki, dost münasibətlərimiz var. Biz bir çox iqtisadi layihələr üzərində işləyirik. Biz Əlahəzrətin Bakıya səfəri zamanı birgə iqtisadi komissiyanın yaradılması barədə razılığa gəlmişik və o, artıq fəaliyyətə başlayıb. Bu yaxınlarda Qətərin xarici içlər naziri Bakıda səfərdə olub və onlar bu görüşü keçiriblər. Komissiya əsas diqqəti iqtisadi əməkdaşlığımızın praktiki məsələləri üzərində cəmləşdirəcək. Biz qarşılıqlı ticarətin səviyyəsini artırmaq istəyirik. Biz sizin digər ölkələrdən aldığınız məhsulları Qətərə daha çox ixrac etmək və həmçinin daha çox idxal etmək istəyirik. Eyni zamanda, biz birgə investisiya layihələri ilə bağlı əməkdaşlığa dair danışıqlar aparırıq. Bəlkə də investisiya üçün birgə bir qurum yaratmaq da olar. Çünki bəzən elə olur ki, Qətər ilə Azərbaycan bəzi ölkələrdə həmsərmayəçi olurlar, lakin bu, əlaqələndirilmiş siyasət vasitəsilə edilmir, necə deyərlər, fərdi addımlar vasitəsilə həyata keçirilir. Lakin biz bunu əlaqələndirə və öz investisiyalarımızla yeni bazarlara birgə daxil ola bilərik. Biz güclü ölkələrik və əlbəttə ki, ərəb qardaşlarımızla əməkdaşlığımızın mühüm amili xalqlar arasındakı əlaqələrdir. Çünki biz ərəb dünyasında daha çox tanınmaq istəyirik. Biz gənc ölkəyik, cəmi 25 yaşımız var. Biz Sovet İttifaqının dəmir pərdəsi ilə müsəlman dünyasından ayrılmışdıq. 25 yaxşı yaşdır, lakin gənc yaşdır, biz tanınmalıyıq və siyasi, iqtisadi, mədəni əlaqələr vasitəsilə daha çox tanına bilərik. Bu, bizim üçün və düşünürəm ki, ərəb tərəfdaşlarımız üçün də çox yaxşı olacaq və bir daha iqtisadi, siyasi maraqlarımıza xidmət edəcək və müsəlman dünyasının birliyini gücləndirəcək. Çünki biz bilirik ki, bu birliyi görmək istəməyən qüvvələr var, onlar müsəlmanları ayırmaq, müsəlman dünyasında, necə deyərlər, xaos yaratmaq istəyirlər və təəssüf ki, bəzən bu, baş verir. Bizim siyasətimiz bizi bütün bunlardan qorumaqdan ibarətdir. Bizim bu il elan etdiyimiz "İslam Həmrəyliyi İli", fikrimcə, bu işlərin həyata keçirilməsinə kömək edəcək".

Prezidentin fikirlərinə münasibət bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "525"ə bildirib ki, dövlət başçısı mütəmadi olaraq xarici kütləvi informasiya vasitələrinə müsahibələr verir. Onun sözlərinə görə, budəfəki müsahibə isə daha uğurlu və əhatəli idi: "Çünki burada ölkə prezidenti Azərbaycanda elan olunan "İslam Həmrəyliyi ili"nin geniş izahını verib, müsəlman dövlətləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Prezident bildirib ki, xristian Ermənistan dövləti müsəlman Azərbaycanının torpaqlarının 20 faizini işğal etməsinə İslam Əməkdaşlıq təşkilatı ciddi reaksiya versə də, bəzi qonşu dövlətlər Ermənistanla əməkdaşlıq siyasəti yeridərək müsəlman həmrəyliyinə və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarları sayğı göstərmirlər. Dövlət başçısı, həmçinin, qeyd edib ki, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə bu il Azərbaycanda keçirilən İslam Oyunlarının ciddi töhfələri olacaq. Azərbaycan bu böyük məsuliyyəti öz üzərinə götürüb".

Politoloq qeyd edib ki, Azərbaycan bununla İslam dünyasına öz töhfəsini vermək niyyətindədir: "Dövlətimiz bütün dünyaya nümayiş etdirmək istəyir ki, müsəlman ölkələri öz aralarında əməkdaşlığın yeni, orijinal və səmərəli formalarını qura bilər. Bu mənada, Bakıda keçiriləcək İslam Oyunları xüsusi əhəmiyyət daşıyır. Bu yarış həm də sivilizasiyalar arasındakı münasibətlərə töhfə olacaq".

Q.Hüseynli onu da bildirib ki, prezident müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə də xüsusi toxunub: "Dövlət başçısı İlham Əliyev Ermənistanın təcavüzkarlıq siyasətindən geniş bəhs edib. Son zamanlar bəzi dövlətlərin, xüsusilə problemin nizama salınmasında məhsul olan həmsədr ölkələrin Ermənistana himayədarlığı ucbatından işğalçı ölkə daha da həyasızlaşıb, danışıqlar masasında kənara çəkilib. Bu da problemin sülh yolu ilə həlli yolunda ciddi əngəllər yaradıb. Lakin prezident İlham Əliyev qeyd edib ki, bunlar bizi əsla qorxutmur. Azərbaycan onsuzda əlində imkanlardan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək. Ölkə başçısı keçən ilin aprel döyüşlərinə istinad edərək vurğulayıb ki, Azərbaycan ordusunun nəyə qadir oluğunu Ermənistana sübut etdik. Ermənistan bizim səbrimizi sınağa çəkməsin deyə Azərbaycan prezidenti bir növ həm işğalçı ölkəyə, həm də onu müdafiə edən dövlətlərə mesaj göndərib".

Politoloq bildirib ki, prezidentin "Əl-Cəzirə" televiziyasına müsahibəsi ciddi rezonans doğurub: "Bir sıra ölkələr Azərbaycan prezidentinin bu çıxışını yüksək qiymətləndirir, İlham Əliyevin yüksək siyasi intellektə, geniş siyasi təcrübəyə malik olduğunu, dünyada gedən prosesləri dərindən bildiyini və bu mənada, öz ölkəsini uğurla idarə etdiyini qeyd edirlər".

Ceyhun ABASOV

 





21.02.2017    çap et  çap et