Məlum olduğu kimi, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Düşmən itkilərə məruz qalıb. Erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan 5 şəhid verib. İrəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutub. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.
Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12:00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürdü. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.
Fevralın 27-də isə şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə "525"ə bildirib ki, Ermənistan Dağlıq Qarabağ probleminin bütün dövrlərində özünü həmişə qeyri-ciddi, orta əsrlər dövründə yaşayan dövlət kimi göstərib: "Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, vaxtaşırı olaraq cəbhə xəttində təxribatlar törətməsi, istədiyi vaxt danışıqlar masasından geri çəkilməsi - bütün bunların hamısı yaddaşlarda qalan məsələlərdir".
Deputat qeyd edib ki, Azərbaycan hər zaman danışıqları Dağlıq Qarabağ münaqişəsinin həll yollarından biri kimi qəbul edir: "Ancaq bununla belə ortada olan reallıq Ermənistanın vaxtaşırı olaraq cəbhə xəttinə törətdiyi provakasiyalardır. Bir neçə gün bundan əvvəl 5 hərbçimizin erməni təxribatının qarşısını alarkən şəhid olması və onların cəsədlərinin geri qaytarılması prosesinin Ermənistan tərəfindən pozulması bu qəbildən olan məsələlərdir. Reallıq budur ki, Ermənistan Azərbaycanla bağlı hər hansı bir sivil münasibət ortaya qoymaq istəmir".
Ermənistanın sülh danışıqlarından imtina etdiyini deyən A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanın belə bir şəraitdə digər variantları da ciddi nəzərdən keçirməkdən başqa çıxış yolu yoxdur".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Ermənistanın cəbhə xəttindəki təxribatları gözlənilən idi: "İşğalçı ölkə müxtəlif variantda təxribatlar törətmək üçün çoxdan hazırlıq görüb".
Ermənistan cəmiyyətinin aprel döyüşlərindən sonra depressiv vəziyyətə düşdüyünü deyən politoloq bildirib ki, əhali sürətlə ölkəni tərk edir, heç kəs, xaricdəki ermənilər belə Ermənistana investisiya qoymaq istəmirlər: "Hətta baş nazir Karen Karapetyan deyib ki, onlar diasporun vəsaitini ölkəyə cəlb etməkdən ötrü yenidən danışıqlara başlamalı, erməni lobbisinə qarşı yeni yanaşma ortaya qoymalıdırlar. Qarşıdan isə Ermənistanda parlament seçkiləri gəlir. Belə bir vəziyyətdə Serj Sarkisyana hakimiyyəti əlində saxlaması üçün bu cür təxribatlar lazımdır. Sarkisyan cəbhə xəttində təxribatlar törədib Azərbaycan tərəfinin itki verməsini istəyir ki, bunu öz cəmiyyətində "qələbə" kimi təqdim edə bilsin. Ona görə də Ermənistan belə təxribatlara gedir. Hesab edirəm ki, bundan sonra da işğalçı ölkənin bu cür təxribat cəhdləri baş verəcək. Lakin bütün bu cəhdlərin hər biri uğursuzluqla nəticələnəcək".
Bəzi məsələlərdə yerli ekspertlər müstəvisində səhv yanaşmaların müşahidə olunduğunu deyən mərkəz sədri qeyd edib ki, hər şeydə Rusiyanı günahlandırmaq düzgün deyil. Cəbhə xəttində son təxribatların Sarkisyanın Brüssel səfəri ərəfəsində baş verdiyini xatırladan politoloqun sözlərinə görə, Ermənistan prezidenti dünyaya göstərmək istəyir ki, onların "güclü" ordusu var: "Keçən ilin aprel ayında Ermənistan cəbhə xəttində təxribat törətməzdən əvvəl işğalçı ölkənin müdafiə nazirinin müavini David Tonoyan gedib NATO ilə razılaşdırdı ki, Ermənistan guya müdafiə konsepsiyasından çıxıb ramedilmə, cilovlama konsepsiyasına keçir. Yəni, bunlar guya hücuma keçən Azərbaycan ordusunu ram etməlidirlər. NATO da buna "xeyir-dua" verib. 2017-ci ilin yanvarın 18-də isə Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan NATO-da idi. Bugünlərdə isə Sarkisyan Brüsselə səfər edir. Yəni, bunu deməkdə məqsədim odur ki, Ermənistan rəhbərliyinin Qərb qarşısında öhdəliyi var. Xarici dairələr bunlara deyir ki, hökmən regionda -İranla Rusiyanın qonşuluğunda çaxnaşma yaratmalısız".
Politoloq deyib ki, öz cəmiyyətimizdə bəzi məsələləri görə bilməməyimiz, ayrı-ayrı proseslərə düzgün yanaşma ortaya qoymamağımız erməniləri ruhlandırır: "Hesab edirəm ki, biz hərbi müstəvidə atdığmız hər bir addıma çox ciddi diqqət yetirməliyik. Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadə hadisəsi də ciddi tədqiq olunmalı, eləcə də buraxılan hansı səhvlərə görə ermənilərin Azərbaycan torpaqlarını zəbt etmələri dərindən öyrənilməlidir ki, işğalçı ölkə bundan sonra təxribat törədə bilməsin. Biz ermənilərin təxribatlarına elə cavab verməliyik ki, onlar aprel ayında olduğu kimi bu əməllərindən peşman olsunlar. Biz heç vaxt elə addımlar atmamalıyıq ki, aprel ayında əldə olunan böyük qələbənin üzərinə kölgə düşsün, ermənilər psixoloji cəhətdən dirilsin. Biz buna imkan verə bilmərik. Ermənilər hazırda ölüm ayağındadır. Əminəm ki, yaxın vaxtlarda Azərbaycan ordusu erməni təxribatlarına aprel ayındakından qat-qat sərt cavab verəcək".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Ermənistanın bütün davranışları, atdığı addımları sübut edir ki, işğalçı ölkə danışıqlar prosesinin davam etməsində və münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil: "Ermənistan prezidenti Serj Sarkisyanın hərbi ritorikası da bundan xəbər verir. İşğalçı ölkənin sərgilədiyi qeyri-humanist davranışlar bu ölkənin nəinki sülh prosesinə, hətta müharibə qanunlarına belə əməl etmək niyyətində olmadığını təsdiqləyir".
E.Mirzəbəyli hesab edir ki, bu proses Azərbaycan Silahlı Qüvvələrinin verəcəyi sərt cavabla nəticələnəcək.
Politoloq onu da qeyd edib ki, Sarkisyanın hərbi ritorikası ümumilikdə Ermənistanda baş tutacaq seçkilərə hesablanıb: "Erməni cəmiyyətində yalanlardan başqa heç nə verməyi bacarmayan və bütün fəaliyyətini hərbi ritorika üzərində quran, Qarabağ kartı ilə hakimiyyətə gələn Sarkisyan şübhəsiz ki, bu yolla diqqəti Ermənistandakı daxili vəziyyətdən yayındırmaq istəyir. Ermənistan rəhbərliyi təxribatlara əl atmaqla seçki prosesində mövqelərini müəyyən qədər də olsa möhkəmləndirməyə çalışır. Lakin atılan bu addımların hər hansı bir perspektivi yoxdur. Hesab edirəm ki, Azərbaycan dövləti və ordusu kifayət qədər güclüdür və istənilən təxribatın qarşısını almaq imkanındadır. Eyni zamanda, öz torpaqlarını erməni işğalından azad etmək iqtidarındadır".
Bu arada qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar. "Report"un məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin, eləcə də digər mənbələrdən məlumatına əsasən, fevralın 25-də təmas xəttində, itkilərə gətirib çıxaran ciddi atəşkəs pozuntusu müşahidə olunub.
Həmsədrlər münaqişə tərəflərini ağır silahlardan istifadə etməkdən çəkinməyə və onları əvvəlki mövqelərinə doğru geri qaytarmağa, eləcə də həlak olanların cəsədlərini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə bir gün əvvəl razılaşdırılmış şəkildə qaytarmağa çağırıblar.
Həmsədrlər həmçinin tərəflərə zorakılıqların istifadəsindən çəkinməklə bağlı öhdəlikləri xatırladıblar.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu cəbhə xəttindəki hərbi toqquşmalarla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı bəyanata toxunaraq qeyd edib ki, həmişəki kimi ümumi sözlərlə bol olan bəyanatda bir cümlə diqqətimi cəlb edib: "Bəzi cəsədlər neytral zonada qalıb". Bu cümləni erməni saytlarında da oxumuşdum. Erməni tərəfi hətta belə bir sualı da gündəmə gətirmişdi: "Əgər Azərbaycan hərbçiləri hücuma keçməyiblərsə, azərbaycanlı hərbçilərin cəsədləri necə olub ki, neytral zonada qalıb?" Yəni, həmsədrlər də separatçılar kimi atəşkəsin pozulmasında Azərbaycana işarə edirlər. Kimə işarə edirlər, etsinlər, bu onların öz işidir. Beynəlxalq aləm bilməlidir ki, Ermənistan ordu birləşmələri Dağlıq Qarabağ ətrafındakı bölgələri azad etməyənə qədər öz üzərində Azərbaycan ordusunun təzyiqini hiss edəcək. Bu sözləri bir neçə dəfə müdafiə naziri Zakir Həsənov da səsləndirib. Atəşkəs yoxdur, bitib, vəssəlam".
Ceyhun ABASOV
çap et