525.Az

Akademik Ziya Bünyadov - böyük alim və parlaq şəxsiyyət kimi


 

Akademik Ziya Bünyadov - böyük alim və parlaq şəxsiyyət kimi <b style="color:red"></b>

Əzəli bilinməyən, sonu görünməyən tarix, yaşadığımız bu dünya Azərbaycan xalqına elə dahi şəxsiyyətlər bəxş etdi ki, onların çatdığı ocaqların istisi hələ neçə-neçə nəsillərə Günəş qədər həyat verəcək, əsrlər boyu yollarına işıq saçacaq...

Fikrimcə, dahi şəxsiyyətləri nə zaman yetişdirir, nə də tarix. Zamanı yetişdirib tarixə çevirən, tarixi də yazan dahilərdir. Bu barədə düşünüb yazmaq istəyəndə, bir daha qüdrət və zəka sahibləri: Babək, Şah Xətai, Nadir şah, Cavad xan, tarixən bizə yaxın M.Ə.Rəsulzadə, N.Nərimanov, Ulu öndər Heydər Əliyev və haqqında yazmaq istədiyim, yaddaşlarda şəxsiyyəti əfsanələşən Ziya Bünyadov kimi vətənin bütövlüyü, xalqının azadlığı uğrunda mücadiləyə qalxan dühaların mübarək ruhu qarşısında baş endirəndən sonra, ələ qələm almaq olar...

Beləcə, əvvəlcə arxivlərə, kitablara, sonra da Ziya müəllimin işıqlı simasını yaddaşlarda yaşadan insanlara üz tuturam.

Gənc və bir qədər səbrsiz oxucu bizi qınaya bilər ki, "başı min bir bəlalar çəkən" qəhrəmanınızı daha yaxından tanımaq istəyirik. Kimdir axı, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov? Elə isə, kitab oxumağa çox da meylli olmayan gənclik üçün saralmış arxiv qovluqlarını araşdıraq.

 Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində dünyaya gəlib. Bibi-Heybət alim-şeyxləri nəslindən olan atası Musa Mövsüm oğlu Bünyadov inqilabdan xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarının birində hərbi tərcüməçi olub. Atasənın sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənir, Quranı oxumağa başlayır.

Əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Ziya Bünyadov özü haqqında yazır: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülalə şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm... Mənim soyadım 15-ci ulu babamın adından götürülmüşdür - Büneddən".

Kiçik yaşlarında ciddi tərbiyə alan Ziya ailədə altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar atası Göyçaya göndərildiyinə görə, orta məktəb illərini orada keçirmişdir. 1939-cu ildə təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gəlir. Lakin tibbi komissiyadan keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirir.

Onu dərhal Bessarabiyaya (İndiki Macarıstan) göndərirlər. İkinci Dünya müharibəsi başlananda, həyatında ilk dəfə Dnestr çayı üzərindəki kiçik liman şəhəri Bəndər uğrunda döyüşə girir. İki yara alır. Hərbi xəstəxanalardan çıxandan sonra, Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçir.

Ziya Bünyadov Ukrayna və Moldova, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda mərdliklə vuruşur. Şimali Qafqazda gedən döyüşlərdə Volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya komandirlik edir. Döyüşlərin birində haqlı olduğunu sübut edərkən, rütbəcə özündənyuxarı olan komandirə qarşı çıxdığına görə cərimə batalyonuna göndərilir. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirir. Əsas qüvvələr gələnə qədər körpünü bir neçə saat düşmənin aramsız hücumlarından qoruyub saxlayır. Bu zaman 670 nəfər döyüşçüsü olan rotada cəmi 47 nəfər sağ qalır.

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Müharibə qələbə ilə başa çatdıqdan sonra Z. Bünyadov 1945-ci ilin may ayından 1946-cı ilin mayınadək Berlinin ən böyük rayonu olan Pankovda komendantın köməkçisi vəzifəsində çalışır. Berlinin təsərrüfat və mədəni həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunur.

1954-cü ilin may ayında "İtaliya İmperializmi Afrikada" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və həmin ilin avqustunda vətənə qayıdaraq, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirir.

Yuxarıda deyilənlər quru, rəsmi sənədlərdən gəlir. Bir qayda olaraq, rəsmi məlumatlar həmişə statik, cansıxıcı olur. İlk baxışdan adama elə gəlir ki, sənin qəhrəmanın haqqında çox yazılıb, hər şey deyilib. Lakin pərdənin o üzündə qərar tutan dünyasına dərindən baş vuranda, hələ deyilməyən, yazılmayan xeyli məqamların qələmə, sözə ehtiyacı olduğunu görürsən. Odur ki, indi də Ziya müəllimlə 15 ildən çox bir sahədə çalışan Cəbi Bəhramova üz tutaq. Cəbi müəllim şahidi olduğu məqamlardan, qəhrəmanımızın tükənməz elmi fəaliyyətindən, Azərbaycan xalqının düşmənləriylə, tarixi saxtalaşdırmağa cəhd edən erməni psevdoalimləri ilə apardığı mücadilə barədə dediklərini oxuyaq:

-... Ziya müəllimi 1982-ci ildən tanıyırdım. O vaxtlar Ulu öndər Heydər Əliyevin keçmiş SSRİ-nin ali təhsil ocaqlarına göndərdiyi tələbələrdən biri də mən idim. Təhsilimi başa vurduqdan sonra Milli Elmlər Akademiyasında işləməyə başladım. Çox böyük nüfuz sahibi olan Ziya müəllim həmin il "Əməkdar elm xadimi" adını almışdı. "Azərbaycan Atabəylər dövləti" əsərinə görə isə 1980-ci ildə Dövlət Mükafatına layiq görülmüşdü. Biz Ziya müəllimi yer kürəsini lərzəyə gətirən vulkana, odda bişən polada, azman palıd ağacına bənzədərdik. Ziya müəllim elə bir zirvədə qərar tutmuşdu ki, bizim hər birimiz düşünürdük, bu insanla nə zamansa görüşmək imkanımız olacaqmı? Tale elə gətirdi, mən həftənin 5 günü onu görürdüm.

Həyat yoldaşı Tahirə xanım "Ziya mənim həyatımdır" kitabında yazır ki, o zaman müharibəyə səfərbər olunan azərbaycanlıların 90 faizi rus dilini bilmirdi. Bundan istifadə edənrus şovinistləri, o cümlədən, onların əlaltısı olan ermənilər azərbaycanlıları təhqir edir, çox halda güllələyirdilər. Mircəfər Bağırov bu barədə Stalinə müraciət edir və milli diviziyalar təşkil olunur. Belə bir hadisə zamanı Ziya müəllim azərbaycanlı əsgərlərin təhqir olunduğuna etiraz edərək rus polkovnikinə atəş açıb onu ağır yaralayır. Təsəvvür edin, o vaxtlar bu, nə demək idi.

 Cəbhədən qayıdandan sonra Mircəfər Bağırovun təşəbbüsü ilə bir çox azərbaycanlı Moskvadakı Ali təhsil ocaqlarına təhsil almaq üçün göndərilir. Ziya müəllim də 1946-cı ildə N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna daxil olur...

Ziya müəllim Azərbaycanı mərd, dönməz, yenilməz bir oğul kimi sevirdi, düşmənlərimiz ondan çox qorxurdular...

Vətəninə, xalqına olan sonsuz məhəbbəti onun yazdığı əsərlərində də özünü göstərir. 60-cı illərdə qələmə aldığı "Azərbaycan VII - IX əsrlərdə" əsəri Azərbaycanın milli tarixşünaslığında əsl inqilab etdi. O, bu möhtəşəm əsəri ilə, ilk orta əsrlər tarixinin mühüm bir dövrünü elmi şəkildə ortaya qoymaqla bərabər, həm də Azərbaycan xalqının düşmənlərinə ağır zərbə endirdi. Vəfatından sonra akademikin 3 cildlik əsərlər toplusu Şərqşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Gövhər xanım Baxşəliyevanın rəhbərliyi ilə çox yüksək səviyyədə nəşr olundu.

Ziya müəllim həm də Tarix İnstitutunda orta əsrlər tarixi şöbəsinin müdiri idi. Şərqşünaslıq İnstitutuna keçməsinə baxmayaraq, Tarix İnstitutu Elmi Şurasının daimi üzvü idi. Nə az, nə çox,VII əsrdən başlayaraq XIII əsrin əvvəlinə qədər, təxminən 7 əsrlik ən çətin, ən mürəkkəb dövrü ərəb, fars və digər dillərdə olan mənbələrdə araşdıran və elmə təqdim edən bir alim vardısa, o da Ziya Bünyadov idi.

- Əməkdaşları ilə münasibəti necəydi? Sizi hərdən çək-çevirə salmırdı ki... Deyirlər, əsəbiləşəndə jarqonlardan da istifadə edirmiş...

- Böyük şəxsiyyətlərin məişət qüsurları gözə çarpmır. Ziya müəllim zəhmli olduğu qədər də sadə insan, qayğıkeş rəhbər idi. Onun qəbuluna gələndə gözləməyə heç bir ehtiyac yox idi. Hər gün səhər saat 9-un yarısında yaşadığı evdən piyada gələrdi Akademiyanın qabağına, oturardı skamyada. Bütün akademiklər, başqa institutların alimləri onun başına yığışardı. Azərbaycan elminin istedadlı nümayəndələrinə böyük hörmətlə, məhəbbətlə yanaşardı. Amma haqsızlığa dözməzdi. Kimliyindən asılı olmayaraq, günah sahibi olan adamlar ondan qorxub çəkinərdi. Sovet İttifaqında, ya da başqa ölkələrdə Azərbaycanın əleyhinə bir yazı mətbuata verilirdisə, çox keçməzdi, həmin adamın cavabını verərdi.

Ziya müəllim yeganə adam idi ki, 1989-cu il martın 14-də Dağlıq Qarabağda yerli idarəetmə qurumu təşkil olunanda qəti şəkildə bu qurumun əleyhinə çıxıb dedi: "Bu, Qarabağın Azərbaycanın əlindən alınmasıdır". 1988-ci ildən ta 1997-ci ilə qədərki dövrlər gözümün qabağındadır. O, Sumqayıt hadisələri ilə bağlı düşmən və qorxaq qüvvələrə qarşı əsl savaşa çıxdı. Onun Milli Elmlər Akademiyasının "Tarix, hüquq və fəlsəfə" seriyasında "Nə üçün Sumqayıt?" başlığı ilə məqaləsi dərc olundu. Bu məqalədə ilk dəfə olaraq ermənilərin təcavüzkar addımlarına, işğalçılıq niyyətlərinə elmi, hüquqi və siyasi qiyməti məhz Ziya müəllim verdi.

Ziya müəllim bizim Milli Elmlər Akademiyasının iclas zalında M.Qorbaçovun tapşırığı ilə Bakıya gələn akademik Saxarovun və onun ətrafında olanların məkrli niyyətlərinə necə cavab verdisə, Saxarov özünü tamam itirdi və hansı qapıdan çıxacağını tapa bilmədi.

... Mən onun şahidiyəm ki, 88-89-cu illərdə Xalq Hərəkatında olan ziyalılarAkademiyanın həyətinə yığışıb, " Ziya! Ziya!" deyə onu tələb edirdilər. Ziya müəllim 7-ci mərtəbədən düşüb onlarla görüşürdü. Hadisələrdə insanları istiqamətləndirirdi ki, millətə zərər gəlməsin, millətin övladları əbəs yerə həlak olmasın, düşünülməmiş addımlar atılmasın, yersiz hərəkətlər edilməsin. Ziya müəllim millətin ağır günlərində Azərbaycanın xilaskarı simasında yalnız Heydər Əliyevi görürdü və onun hakimiyyətə gəlməsi üçün müraciətə imza atan 91 nəfər tanınmış ziyalıdan biri idi. 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü oldu.

Akademik Ziya Bünyadov sözün əsl mənasında, millətin düşünən beyni, tarixə böyük hərflə yazılan Vətəndaşı və Qəhrəmanı idi...

Ziya müəllim müasir dövrün ictimai fikri ilə bağlı həm rus, həm də Azərbaycan dillərində bir neçə məqalə yazdı. "Qırmızı terror" kitabı sözün əsl mənasında, Sovet dövrünün həqiqətlərini açmaq üçün böyük və əhəmiyyətli açar idi. Onun hesablamalarına görə, 1936-37-ci illərdə 80 minə yaxın azərbaycanlı məhv edilmişdir. Millətin düşünən beyinlərinin repressiyası ilə bağlı ilk sözü Ziya müəllim dedi. 26 Bakı Komissarı haqqında tarixi həqiqəti üzə çıxaran "Əfsanə və əfsanə yaradanlar" əsərində akademik bildirdi ki, onlar Rusiyanın mənafeyi naminə Bakı neftini əldə saxlamaq üçün Azərbaycan xalqına qarşı cinayət törədiblər. Bu, təsadüfi xarakter daşımırdı...

Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" adlı əsərinin tarixşünaslığımızda xüsusi yeri var. Ziya müəllim 1988-ci ildə onun şərhini yazıb çap etdirdi. Elmi şərhdə Abbasqulu ağanın fikirlərinə də öz münasibətini bildirmişdi, əsərə elmi nöqteyi-nəzərdən yanaşmışdı. Bu çox diqqəti cəlb edən məqamlardan biri idi. Tədqiqat işi böyük rezonans doğurdu.

1960-cı illərin ikinci yarısında Azərbaycanın 150 il əvvəl Rusiyanın tərkibinə necə daxil olması haqqında elmi mübahisələr gedirdi. Bununla belə, 1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr yarım öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olub. Hətta, bu hadisə bayram kimi qeyd edilirdi. Bu münasibətlə Azərbaycan Lenin ordeni ilə də təltif olunmuşdu. Həmin illərdə Ziya Bünyadov bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü olaraq atılmayıb. Odur ki, tarixi həqiqəti demək lazımdır.

Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. O, Nəsiminin edam olunduğu və dərisinin diri-diri soyulduğu barədə məlumatları təkzib edir. Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığına əsaslanır. Məlumatın mətni belədir: "Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır".

Ziya Bünyadov 1966-cı ildən Ankaradakı Türk Tarix Qurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur. Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə, həmin ildə Türk Tarix Qurumunun müxbir üzvü, 1988-ci ildə isə onun fəxri üzvü seçilmişdir. Onun təşəbbüsü ilə Türk Tarix Qurumunun 40-a qədər üzvü 90-cı illərdə Bakıya dəvət olunmuşdu. İlk dəfə qardaş Türkiyənin alimləri ilə Azərbaycan alimlərinin görüşü keçirildi.

Ziya müəllimin Azərbaycan xalqına etdiyi ən böyük, müqəddəs xidmətlərindən biri də onun Qurani-Kərimi dilimizə tərcümə etməsidir. O, İslam tarixini, bu dinin nə qədər təmiz, müqəddəs bir din olduğunu çox gözəl bilirdi. Bir alim olaraq hər məsələyə elmi cəhətdən yanaşır, onun mahiyyətini insanlara çatdırmaq istəyirdi. İstiqanlı, ünsiyyətcil, söhbətcil adam idi Ziya müəllim.      

Əhvalının duru vaxtında məzəli lətifələr danışardı. Güləndə ürəkdən gülərdi. Sevinci becit yerişindən bilinər, parlayan gözlərindən oxunardı. Arxasızlara arxa olmaqdan heç usanmazdı... Başına araxçına bənzər papaq qoyardı. Dəniz sahilində xəyala dalmağı çox sevərdi.

- Son görüş həmişə yadda qalan olur, həmişə xatırlanır. Ziya müəllimlə son görüşünüzü xatırlayırsız?

- Mən onunla ölümündən bir neçə saat əvvəl görüşmüşdüm. Siyasi sənədlər arxivində müharibədən sonra Azərbaycanın neft sənayesində gedən proseslər haqqında çoxlu faktlar tapmışdım. Bu faktlar əsasən ermənilərin Mərkəzi Hökumətin nümayəndələri ilə bir yerdə Azərbaycanın neft sənayesini 50-ci illərdə ləğv etmək üçün göstərdikləri təşəbbüslə bağlı idi. Fevralın 21-də saat 12 radələrində həmişəki kimi 7-ci mərtəbəyə qalxmaq istəyəndə liftin qabağında onunla görüşdüm. Vacib bir sənədi aşkarladığımı Ziya müəllimə bildirdim. Dedi, indi Milli Məclisə gedirəm, birinci gün görüşərik. Demə, bu, son görüş imiş...

Saminə HİDAYƏTQIZI

 





28.02.2017    çap et  çap et