525.Az

Xoreoqrafiya Akademiyasında "Xocalı həftəsi"


 

Xoreoqrafiya Akademiyasında "Xocalı həftəsi"<b style="color:red"></b>

Bəşər tarixinin ən amansız faciələrindən və xalqımıza qarşı həyata keçirilən ən dəhşətli qırğınlardan biri olan Xocalı faciəsinin 25-ci ildönümü Bakı Xoreoqrafiya Akademiyası tərəfindən özünəməxsus tərzdə anılıb.
 
Akademiyanın rəhbərliyi tərəfindən xüsusi tədbirlər planına əsasən "Xocalı həftəsi" keçirilib.

20-24 fevral tarixlərini və Bakı Xoreoqrafiya Akademiyasının bütün təhsil pillələrini əhatə edən "Xocalı həftəsi" çərçivəsində hər gün ilk dərslər Xocalı soyqırımına həsr olunub, "Xocalı soyqırımı şagirdlərin gözü ilə" foto və rəsm sərgisi keçirilib, inşa və məqalələr yazılıb. Bununla yanaşı "Tariximizi unutmayaq" mövzusunda seminar keçirilib, "Xocalı analarının fəryadı" adlı bədii-xoreoqrafik kompozisiya və Bakı şəhəri Sabunçu rayonu Pirşağı İstirahət Mərkəzində yerləşən Xocalı şəhər 2 saylı Musiqi Məktəbi və 2 saylı Tam orta məktəbində "Biz o yerlərə qayıdacağıq" adlı ədəbi-bədii kompozisiya  nümayiş olunub.

Keçirilmiş dərslər, foto və rəsm sərgisi Akademiyada təhsil alan uşaqların vətənpərvərlik hissinin yüksək olduğu və həmin tarixi hadisələri heç zaman unuda bilməyəcəklərinə dəlalət edir.

Akademiyanın orta ixtisas təhsil pilləsinin tələbələri tərəfindən hazırlanan və Akademiyada nümayiş etdirilən "Xocalı analarının fəryadı" adlı bədii-xoreoqrafik kompozisiyada, Akademiyanın Tam Orta Məktəbin şagirdləri tərəfindən hazırlanan və Xocalı məktəbindənümayiş etdirilən "Biz o yerlərə qayıdacağıq" adlı ədəbi-bədii kompozisiyada şagird və tələbələr çıxış edərək, peşəkar ifaçılıq məharəti ilə Xocalı qətliamı zamanı baş verən hadisələri olduğu kimi bədii ifadələrlə canlandırıb.

Akademiyanın bakalavriatura və magistratura pillələrində təhsil alan tələbələr isə "Xocalı faciəsi" mövzusunda xoreoqrafik quruluşlarını açıq dərslərdə nümayiş etdirib.

"Xocalı həftəsi"nin yekunlarına dair konfransda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi beş il keçsə də, 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktının törədilməsi heç zaman unudulmayacaq. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulub, soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb. Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının və cəsarətinin nümayişidir.

Rektor Bakı Xoreoqrafiya Akademiyasında "Xocalı həftəsi" çərçivəsində keçirilmiş tədbirləri yüksək qiymətləndirib və onları gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə olduğunu bildirib.

 





28.02.2017    çap et  çap et