525.Az
İTV-nin baş direktorunun seçkisi başladı
Bu gün saat 11:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilməsi ilə bağlı iclas başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli deyib ki, MTRŞ qanunvericiliyə müvafiq şəkildə İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə müsabiqə elan edib.
Nuşirvəvan Məhərrəmli bildirib ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçiləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışında qeyd edib ki, cəmiyyətdə özünü doğruldan İctimai Televiziya və Radio Yayımları Şirkətinin üçüncü dəfə baş direktoru seçiləcək. Onun sözlərinə görə, Yayım Şurasında cəmiyyətin müxtəlif sahələrini təmsil edən ziyalılar təmsil olunur. Cahangir Məmmədli 4 namizəd arasında seçim ediləcəyini bildirib. O, həmin namizədlər barədə məlumat verib. Daha sonra namizədliyini irəli sürən iddiaçılar çıxış ediblər.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
23.04.2013
çap et