525.Az

Azərbaycan prinsipial mövqeyindən əl çəkməyəcək: "paket həll" qəbulolunmazdır


 

"DAĞLIQ QARABAĞ ƏTRAFINDAKI RAYONLAR BOŞALDILMAYANA QƏDƏR MÜHARİBƏNİN QARŞISINI ALMAQ MÜMKÜN OLMAYACAQ"

Azərbaycan prinsipial mövqeyindən əl çəkməyəcək: <b style="color:red">"paket həll" qəbulolunmazdır</b>

"Prezident İlham Əliyev bir neçə il əvvəl belə belə bir sualı gündəmə gətirmişdi: "Ermənistan hərbçisinin Ağdam və Füzulidə nə işi var?".

Bu sualın mənası o idi ki, Azərbaycan ordusu artıq Dağlıq Qarabağın ətrafının işğalı ilə barışmayacaq və Ermənistan ordusuna bu istiqamətdə təzyiqi artıracaq. Bu ərəfədə Ermənistan ordusu Dağlıq Qarabağa bitişik işğal altındakı rayonlarda hərbi təlimlərə başladı. Həmin təlimlər zamanı Azərbaycan hərbçiləri Ermənistan ordusunun helikopterini vurdu. Bu artıq Azərbaycan ordusunun strategiyasının dəyişməsinin başlanğıcı idi. 2016-cı ilin aprel ayında baş verən genişmiqyaslı toqquşma da bu strategiyanın tərkib hissəsi idi". Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, "atəşkəsi kim pozur və kim pozdu" sualının aktuallığı getdikcə azalacaq: "Hazırki vəziyyətdə atəşkəs daima pozulacaq. Çünki bölgədə şərtlər və Azərbaycanla Ermənistan arasında hərbi balans dəyişib. Azərbaycan silahlanmaya on milyardlar dollar xərcləyir. Ermənistan Azərbaycanın aldığı qədər silah əldə edə bilmir və bu onun cəbhə bölgəsindəki mövqelərini istər-istəməz zəiflədir".

E.Şahinoğlunun fikrincə, Azərbaycan bu silahları məhz ona görə alır ki, Dağlıq Qarabağdakı Ermənistan ordusuna təzyiqi artırsın: "Ermənistan və Minsk Qrupu həmsədrlərinin özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər müharibənin qarşısını almaq mümkün olmayacaq. Ancaq gələcək müharibənin baş verməməsi üçün nə Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı rayonların azad olunmasını sürətləndirir, nə də həmsədr dövlətlər - ABŞ, Fransa və Rusiya rəsmi İrəvanı belə bir addım atmağa məcbur edirlər. Ermənistan hakimiyyəti razılaşma əsasında ilkin olaraq bir neçə rayonu azad etsəydi, bu sülh yolunda ciddi irəriləyiş olardı və cəbhə bölgəsində uzun müddətə sakitlik yaranardı. Ancaq rəsmi İrəvan bu addımı da atmağa hazır deyil".

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafında işğal altında saxladığı rayonlardan şantaj məqsədilə istifadə edir: "Şantaj bundan ibarətdir: "Azərbaycan əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referenduma razılaşsın, bundan sonra Ermənistan ordusu tədricən Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilər". Bu münaqişənin "paket həll" variantıdır ki, rəsmi Bakı bu prinsipi heç zaman qəbul etməyəcək. Çünki statusu müəyyənləşdirəcək referenduma bəri başdan razılaşmaq gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq. Bakının "Dağlıq Qarabağ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını müəyyənləşdirən referendum keçirə bilər" prinsipini isə İrəvan qəbul etmir".

Fevralın 25-də cəbhə bölgəsində yenidən ciddi toqquşmanın qeydə alındığını xatırladan mərkəz sədri deyib ki, rəsmi məlumatlara görə, bu döyüşdə Azərbaycan 6 hərbçisini itirdi: "Bu hadisədən bir gün sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhə bölgəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yaydılar. Bəyanatdakı bütün cümlələr əvvəlki bəyanatlarda olduğu kimi təkrarlanırdı. Sadəcə, bəyanatda bir cümlə fərqli idi: "Bəzi cəsədlər neytral zonada qalıb".

Eyni cümləni Ermənistandakı saytlar da yazdılar. Həmin saytlarda iki ölkə arasında informasiya müharibəsini əks etdirən belə bir sual da var idi. "Əgər Azərbaycan hərbçiləri hücuma keçməyiblərsə, azərbaycanlı hərbçilərin cəsədləri necə olub ki, neytral zonada qalıb?" Bu sualın cavabı budur ki, işğal davam etdikcə Ermənistanı və Dağlıq Qarabağı rahatlıq gözləmir. Doğrudur, son döyüşdə Azərbaycan ordusu itkiyə məruz qaldı. Ancaq Ermənistan hakimiyyəti onu da anlayır ki, Azərbaycan ordusu bu itkilərin əvəzini çıxacaq. Bu müdafiə naziri Zakir Həsənovun "hər şəhid olan hərbçimizin əvəzində qarşı tərəf onqat itki verəcək" konsepsiyasına uyğundur. Növbəti zərbəni Azərbaycan ordusu vurmalıdır".

E.Şahinoğlu onu da qeyd edib ki, erməni saytlarının və həmsədrlərin yazdıqları "neytral zona" Azərbaycana məxsus və Dağlıq Qarabağa aidiyyatı olmayan ərazilərdir: "Digər tərəfdən həmsədrlərin "neytral zonadakı cəsədlər var" ifadəsi ona işarədir ki, 25 fevralda atəşkəsi Azərbaycan ordusu pozub. "Atəşkəsi biz pozmamışıq" deməklə müdafiə mövqeyinə keçməyin əhəmiyyəti qalmayıb. Əhəmiyyətli o olar ki, "Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər gərginliyin azalacağına heç bir təminat yoxdur" və ya müharibəyə tam hazır olduğumuz halda "Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına 3 ay vaxt veririk. Bu müddət bitdikdən sonra torpaqların azad olunması əməliyyatı istənilən gün və saat başlaya bilər" kimi açıqlama üzərində çalışmalar başlansın. Həmsədr dövlətlər Ermənistan hakimiyyətinə "mərhələli həll" planını qəbul etdirib, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirlər. Belə olan halda müharibə davam edəcək. Bir il ərzində Azərbaycan ordusu strateji Lələtəpə yüksəkliyini işğaldan azad etdi, bundan sonra "Qayıdış" proqramının (Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərin geri qaytarılması) tərkib hissəsi kimi işğal altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti işlər başladı. Məqsəd 25 ildən sonra məcburi köçkünləri Cocuq Mərcanlıya qaytarmaqdır. Azərbaycan cəmiyyəti bu uğurların davam etdirilməsini tələb edir".

Ermənistan prezidentinin Brüsselə səfərini xatırladan politoloq bildirib ki, səfər zamanı Serj Sarkisyan Karnegi Mərkəzində çıxış edib: "Ermənistan prezidenti ölkəsinin hərbi gücü haqqında xeyli nağıl danışdıqdan sonra belə bir sual səsləndirib: "Necə olur ki, BMT üzvü olmayan Kosovo ATƏT-lə əməkdaşlıq sayəsində dövlət institutlarını formalaşdırır, eyni hüquq isə Dağlıq Qarabağa verilmir?". Sərkisyan daha sonra deyib ki, Ermənistan Kosovonun müstəqilliyini tanımasa da, öz üzərinə ATƏT-də düşən maliyyələşdirmə vasitəsilə faktiki Kosovonun müstəqlliyi prosesində iştirak edir. Onu dinləyənlərdən biri Sərkisyana sual verməyib ki, belə olan halda Ermənistanın Kosovonun müstəqilliyini tanımasına hansı faktor mane olur? Axı Dağlıq Qarabağın "müstəqlliyinə" çalışan İrəvan nədən Kosovo ilə bağlı fərqli mövqe tutur, Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşır? Bu mənada Serbiyanın Azərbaycandan nə fərqi var? Səbəbi sadədir, İrəvan Rusiyadan qorxur. Moskva birmənalı milli təəsübkeşlikdən çıxış edərək Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir, Kosovo adlı dövlət tanımır, onun vassalı Ermənistan da bu siyasətdən kənara çıxa bilmir. Ona görə də bir gün Kreml İrəvana desə ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır, İrəvan buna da riayət etmək məcburiyyətində qalacaq. Sadəcə, Kremlin İrəvandan belə bir tələbi yoxdur".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində apırılan işlər, xarici işlər nazirlərinin görüşləri nəticə vermir. O, "mətbuat.az"a bildirib ki, həmçinin, son günlər cəbhədə yaranan gərginliklər prezidentlərin görüşü məsələsini gündəmə gətirsə də, qəti razılaşma yoxdur: "Bu gün cəbhədə belə vəziyyət yaranıbsa və Ermənistanda aprel ayının 2-də keçirəcəkləri seçki platformasında əsas məqam kimi qondarma "Dağlıq Qarabağ Respiblikası"nın müstəqilliyi götürülübsə, bu məsələ heç cür həll oluna bilməz. Məlum olduğu kimi, ermənilər qondarma bir referendum keçiriblər. Həmin referendumda əsas məqsəd "Qarabağ" sözünü yığışdırıb, qondarma "arsax" Respublikası yaratmaq və onun ətrafında müəyyən sərhəd kommunikasiyalarının quraşdırılmasından ibarət idi. Belə bir şəraitdə hansı danışıqdan söhbət gedə bilər? Azərbaycan öz sözünü bütün beynəlxalq tribunalarda deyib. BMT Təhlükəsizlik Şurasının işğalçıların zəbt olunan ərazilərdən çıxarılması ilə bağlı qətnaməsi var. Heç bu da yerinə yetirilmir. Bu gün keçmiş səhra komandiri Serj Sarkisyan və onun komandasının Azərbaycanın ərazi bütövlüyünü tanımaq fikri yoxdursa, hansı danışıqdan söhbət gedə bilər? Düşünürəm ki, biz öz sözümüzü demişik. Bu gün də hər hansı bir görüşdən imtina etmirik. Madrid prinsiplərinə uyğun olaraq, işğalçıların ərazidən çıxarılması, sonradan status məsələsinə qayıdılması, hətta belə bir vəziyyətdə sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisində olması belə müzakirə obyekti ola bilər".

Ekspert bildirib ki, aprel ayının 2-nə kimi vəziyyət gərginləşməyə doğru yönələcək: "Çünki Ermənistanın öz daxilində də, seçkilərlə bağlı siyasi məsələlərdə də qütbləşmə meydana gəlib. Artıq qərb klanı ilə rusiyapərəst qüvvələr arasında qütbləşmə var. Düşünürəm ki, belə bir vəziyyətdə Sarkisyan və digər rəhbərlər açıq şəkildə öz fikirlərini ortaya qoya bilməzlər. Əsas məqam ondan ibarətdir ki, dünya ictimaiyyəti BMT və digər qurumlar səviyyəsində Ermənistana ciddi təzyiq göstərməlidir".

Ceyhun ABASOV

 





02.03.2017    çap et  çap et