“Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunda səsləndirdiyi fikir tamamilə əsassızdır”
“Həmişə hesab etmişəm ki, öz milli dövlətçiliyinə, xalqına, Vətəninə hədsiz
sevgi və təmənnasız xidmət, haqq və ədalət ideallarına güclü bağlılıq,
dövlətinin düşmənlərinə qarşı qatı barışmazlıq əsl vətəndaşı səciyyələndirən
başlıca xüsusiyyətlərdir. Sosial statusundan, mövqeyindən və baxışlarından asılı
olmayaraq, hər bir məmur, ziyalı, siyasətçi, ictimai fəal, sadə insan öz
dövlətinə, milli maraqlara sədaqətlə xidmət etməyi bacardığı, onu inkişafa və
rifaha doğru aparan Milli Liderin ətrafında sıx birləşdiyi təqdirdə güclü dövlət
və davamlı inkişaf arzusu reallığa çevrilə bilər”. Bunu APA-ya
açıqlamasında Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov
deyib.
Ə. Həsənov daha sonra qeyd edib: “Bu birliyi
sarsıtmaq, ölkəni qarşıdurmaya, anarxiya və xaosa sürükləmək istəyən bəzi xarici
dairələrə, daxil anti-milli ünsürlərə prinsipial cavab verilməməklə, onları ifşa
etməməklə biz təkcə bu günə kimi əldə etdiyimiz mühüm uğurlara laqeydliyimizi
nümayiş etdirmirik, həm də yaratdığımız müstəqil və güclü Azərbaycanımızı
ərməğan etməyə hazırlaşdığımız gələcək nəsillər qarşısında məsuliyyətdən
yayınırıq. Buna görə də Vətənimizin təəssübü, milli və dövlətçilik maraqları,
həyati əhəmiyyət kəsb edən maddi və mənəvi resurslarımız və milli-əxlaqi
dəyərlərimiz hər bir azərbaycanlı üçün “qırmızı xətt”, keçilməz və
pozulmaz prinsip olmalıdır. Məgər erməni lobbisindən, ermənipərəst
dairələrdən qrant alaraq beynəlxalq tribunalarda bu dövlətə ləkə yaxanlar,
erməniləri məzlum, azərbaycanlıları isə vəhşi bir xalq kimi təqdim edənlər,
ölkəmizə səfər edən əcnəbilərə haqqımızda ağlasığmaz uydurmalar danışanlar və s.
milli nifrətə layiq deyillər? Azərbaycan dövlətinə təzyiq göstərən, ona
qarşı çirkab yağdıran, yeri gəldi-gəlmədi üzərinə yeriyən istənilən
daxili və xarici təşkilat, yaxud şəxs bilməlidir ki, onu xalqın
nifrəti, ziyalımızın, alimimizin, yazıcı və jurnalistimizin, millət
vəkillərinin və məmurların ictimai qınağı gözləyir. Əgər hazırda belə deyilsə,
deməli millət vəkilləri, məmurlar, ictimai xadimlər, milli media və vətəndaş
cəmiyyəti institutları öz fəaliyyətləri haqda bir qədər də
düşünməlidirlər”.
Şöbə müdiri hər zaman söylədiyi fikirlərin
arxasında olduğunu da qeyd edib: “Mənim ölkə ictimaiyyətini antiazərbaycan
mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipal vətəndaş
mövqeyi nümayiş etdirmək, yaxud belələrinə qarşı ictimai qınaq
ortaya qoymaq kimi çağırışları edərkən, guya “emosional” vəziyyətdə olmağım
haqda hörmətli Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunda səsləndirdiyi fikir,
tamamilə əsassızdır. Mən hazırda, emosiyaya qapılıb qərar vermək, yaxud mühüm
ictimai çağırış etmək, sonra da bunu emosiya ilə əsaslandırmaq mövqeyində,
yaşında və başında deyiləm. Səsləndirdiyim bəyanatlar mənim prinsipial vətəndaş,
düşünülmüş məmur mövqeyimdir və heç vaxt bu mövqedən geri
çəkilməyəcəyəm”.
çap et