525.Az

Rəssamlarımızın əsərlərində qadın gözəlliyinin tərənnümü


 

Rəssamlarımızın əsərlərində qadın gözəlliyinin tərənnümü<b style="color:red"></b>

İncəsənətin həyatımıza daxil olduğu bütün dövrlərdə onun başlıca və daimi mövzusunun insan olması danılmazdır.

İnsanın daxili aləmində hifz olunan dəyərli keyfiyyətlərin təsdiqləyicisi olan, onun gözəlliyinə müxtəlif dövrlərdə münasibət bir-birindən fərqli olub. İnsanların yaşadıqları şərait, mövcud ictimai şərtlər, onların həyat tərzi və hakim dairələrin zövqləri hər bir tarixi mərhələnin gözəllik idealının yaranmasını şərtləndirib. Bu cür inkişaf Azərbaycandan da yan keçməyib. Milli incəsənətimizin Qobustan qaya rəsmlərindən başlayaraq bu günümüzə kimi davam edən inkişafını əyaniləşdirən sənət nümunələrində mərd kişi xarakteri ilə yanaşı, qadın gözəlliyini də tərənnüm edən çoxsaylı əsərlərə rast gəlmək mümkündür. Bu gün bu mövzuya müraciətimiz isə cəmiyyətimizin hər il nikbin ruhda qeyd etdiyi 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədardır.

Əvvəlcədən deyək ki, təsviri və tətbiqi sənət sahələrində yaradılan qadın obrazları ovqat və xarakter ifadəsinə görə çox rəngarəngdirlər. Bunu şərtləndirən başlıca səbəb onların bir-birindən çox fərqli situasiyalarda və məkanlarda təsvir olunmalarıdır.

Rəssamlarımız qadın gözəlliyinin vəsfi üçün ilkin və qədim qaynaq kimi məşhur şairlərimizin əsərlərindən istifadə ediblər. Məşhur Sultan Məhəmmədin (XVI əsr) Nizaminin “Xəmsə” qəhrəmanları olan Leyli, Şirin və Fitnəni əks etdirən miniatürlərində qadınlarımız həm aşiq, həm də igid və qayğılıdırlar. Bu əsərlərdəki gözəllik dövrün estetikasına müvafiq bir qədər ideal və romantikdir.

Özündə Şərq və Qərb bədii prinsiplərini birləşdirən “Qacar üslubu” (XVIII-XIX əsrlər) rəssamlığımızda isə qadın gözəlliyi bir qədər də real və ideallaşdırılmış tutumdadır. Mirzə Qədim İrəvaninin çəkdiyi zadəgan xanımların portretlərində bunun parlaq ifadəsini görmək mümkündür.

XX əsr təsviri sənətimizin yeni bədii prinsiplərlə zənginləşməsi qadın gözəlliyinin ifadə dairəsini daha da genişləndirmiş dir. Bunu ilk olaraq Mir Möhsün Nəvvab, Əli bəy Hüseynzadə, Abbas Hüseyni, Bəhruz bəy Kəngərli və Qeysər Kaşiyevanın yaradıcılığında izləmək olar. B.Kəngərlinin kömürlə çəkdiyi bir çox portretlərində (“Azərbaycanlı xanım”, “Şirin xanım”), o cümlədən qadınlarımızı qayğılı təsvir edən məşhur “Qaçqınlar” silsiləsində də Azərbaycan xanımlarına xas gözəllik işartıları yaddaqalan ifadəsini tapmışdır.

Ə.Əzimzadənin milli etnoqrafiyamıza həsr olunmuş qrafik əsərlərində, xüsusilə də qadın toylarını təsvir edən lövhələrində də qadınlarımızın milli xüsusiyyətlərinin real və cəlbedici bədii təcəssümünü görmək mümkündür.

XX əsr Azərbaycan qadınının çoxşaxəli fəaliyyətinin qarşılığında onların daşıdıqları gözəlliklərin bədii ifadəsini müxtəlif peşə daşıyıcılığı ilə bir yerdə görmək mümkündür. Bu mənada görkəmli Vəcihə Səmədovanın aktrisa Leyla Bədirbəylini, geoloq Minurə Məmmədbəylini, imtahana hazırlaşan gənc qızı təsvir edən lövhələrdə gözəllik qaynaqları məhz onların peşə və məşğuliyyət qayğıları ilə vəhdətdə ifadə olunduğundan inandırıcı və duyğulandırıcıdırlar. Elə rəssamın həyat yoldaşı Lətif Feyzullayev tərəfindən çəkilmiş portretində də yaradıcı qadının yaddaqalan obrazını görmək mümkündür.

Görkəmli fırça ustası Oqtay Sadıqzadənin görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevaya həsr etdiyi bir-neçə portretdə qadın incəliyinin və nəcibliyinin yaddaqalan obrazı yaradılıb. Elə akademik Ömər Eldarovun mərmərdən hazırladığı “Elegiya” (“Z.Əliyevanın portreti”) əsərində də eyni insani məziyyətlərin duyğulandırıcı plastik təcəssümünü görmək mümkündür.

Tanınmış fırça ustası Maral Rəhmanzadənin həm qadın şair və aşıqlara, həm də əməkçi qadınlara həsr etdiyi qrafik lövhələrdə isə zərif cinsin lirik və fədakar obrazları ilə qarşılaşırıq.

Daha çox bənzərsiz mənzərə ustası kimi tanıdığımız Səttar Bəhlulzadənin yaradıcılığında qadınlarla bağlı çox maraqlı əsərlərin mövcudluğu isə müəllifin onların daşıdıqları çoxqatlı mənəvi-psixoloji dəyərlərin bədiləşdirilməsi istəyi ilə bağlı olmuşdur. Onun “Mənim anam” tablosunda, eləcə də nakam məhəbbət dastanının (“Leyli və Məcnun”) qəhrəmanına həsr etdiyi qrafik lövhələrdə ülvi ana məhəbbətinin, sevgisi cavabsız qalan Leyli yaşantılarının düşündürücü təcəssümünü görürük.

“Köhnə Bakı” qrafik silsiləsinin müəllifi olan Ələkbər Rzaquliyev “Azərbaycan madonnası” və “Təzə gəlin” əsərlərində ötən əsrin əvvəllərində yaşamış obrazları romantik tutuma bələməklə, ümumi təsvirin duyğulandırıcı görkəm almasına nail olmuşdur.

Tanınmış fırça ustası Elmira Şahtaxtinskaya isə qadınlarımızın gözəlliyini onları məişətdə təsvir etməklə üzə çıxarmışdır. Onun bayram hazırlığı görən qadınlarımıza həsr etdiyi lövhələr bu qəbildəndir.

Qrafika ustaları Altay Hacıyev, Cəmil Müfidzadə, Nadir Axundov, Rafiq Mehdiyev, Qafar Seyfullayev, Arif Hüseynov, Günay Mehdizadə və digər rəssamlarımızın əsərlərində qadın gözəlliyinin çox rəngarəng və cəlbedici məcmusunu görmək mümkündür.

Fərhad Xəlilov, Tahir Salahov, Baba Əliyev, Tağı Tağıyev, Gennadi Brijatyuk, Əbülfəz Fərəcoğlu, Xaqan Bayramov, Kamil Kamal, Cəlal Ağayev, Adil Əsədli, Qəyyur Yunus, Orxan Cəbrayıloğlu, Əli Verdiyev və digərlərinin müxtəlif ovqatlı rəngkarlıq lövhələrində də gözəlliyin çox dəyişkən çalarları bədii ifadəsi əbədiləşmişdir.

Həyat Abdullayeva, Tokay Məmmədov, Fuad Salayev, Nicat Məmmədov, Xanlar Əhmədov, Səid Rüstəm, Zakir Əhmədov və başqa tişə ustalarının əsərlərində isə qadın gözəlliyinin cəlbedici plastik həllini görmək olar.

Fırça və tişə ustalarımızın qadın gözəlliyinə müraciətləri davamlı şəkil aldığından hər il paytaxtımızda 8 mart bayramı günlərində sərgilər təşkil edilir. Qadın gözəlliyini duymağa və dəyərləndirməyə xidmət edən belə sərgilərin cəmiyyətin müxtəlif təbəqələrinin estetik zövqünün formalaşmasında rolu böyükdür, desək, yanılmarıq.

AzərTAc

 





06.03.2017    çap et  çap et