525.Az

Ömrün qutsal mənası


 

PROFESSOR RAFİQ NOVRUZOVUN 65 YAŞINA

Ömrün qutsal mənası<b style="color:red"></b>

Bilmirəm, təsadüfdür, yoxsa nəşriyyatın, müəllifin seçimi belə olub: kitablarının üz qabığındakı şəkillərdə Rafiq müəllim həmişə gülümsəyir. Bir şirin, istiqanlı, kişi şəxsiyyətindən və müdrikliyindən yoğrulmuş təbəssüm sənə boylanır.

Rafiq müəllimin üzünə baxıb onun ömrünə qiymət vermək olar. Onun üzü adamı aldatmır, əksinə, üzünün nurundan başqasının içinə bir rahatlıq, hüzur dolur. Onun olduğu məkana (kafedrasına,kabinetinə) ovqatsız girirsən, işıqla, ümidlə dolub çıxırsan. Onun yanında mənasız monoloqlara, darıxdırıcı, ölü sükuta yer yoxdur...

Rafiq müəllimi bir insan kimi səciyyələndirəndə mütləq ailəsinin, nəslinin adı çəkilir, rəhmətlik Manaf həkimin  mötəbər şəxsiyyətini xatırlayırlar. “Elə kişinin elə də oğlu olar” - deyirlər. Təbii ki, bundan biz də qürurlanırıq. Taleyimizə belə dostun düşdüyünə çox sevinirik.

Rafiq müəllim gözəl və maraqlı ailə başçısıdır, oğlu Rəhman adətən Qərb romanlarına xas olan maraqlı, dinamik  süjetqurma instinki olan, rus dilində yazan istedadlı yazıçıdır. Onun bir romanına önsöz də yazmışam. 

Gəncliyində, universitetin ən dəbli geyinən, ən fəal tələbələrindən biri olmuş bu insanın indi bu qədər səbirli olmasına bəzən heyrətlənmişəm. İçindəki Şərq müdrikliyindən, təsəvvüfdən gələn səbrə, bütün yamanlıqlara qarşı səbrlə, yaxşılıqla cavab verməsinə təəccüblənmişəm...

Rafiq müəllim dövlətimizin, dilimizin və mənəviyyatımızın yüksək səviyyəli təbliğatçısıdır. Onun dərin hazırlığı, rus dilini mükəmməl bilməsi və  pozitiv insani aurası dilimizə xaricdə də sevgi qazandıra bilib. O, bir neçə il Kiyev Milli Linqvistik Universitetində (2012-2014) və Belarus Dövlət Pedaqoji Universitetində (2010-2012) “Azərbaycan dili və mədəniyyəti” mərkəzlərinə rəhbərlik edib. Həmin universitetlərin rəhbərliyindən və səfirlərimizdən gələn təşəkkür məktubları bunun təsdiqidir.

Rafiq müəllim “yol sınağından “ çıxmış kişilərdəndir. Onunla yoldaşlıq etmək, yola çıxmaq ömrün unudulmaz hadisəsidir.  Rafiq müəllimlə yolda olmaq özünü tanımağın üsuludur, hətta pis adamlar haqqında belə müsbət düşünürsən...

Humanitar elmlərin müqayisəli ədəbiyyatşünaslıq, tərcüməşünaslıq peşəkar araşdırma sahələri olsa da, ezoterika , antorpologiya, etnopsixologiya kimi sahələri professorun geniş maraq və araşdırma çevrəsinə daxildir. Qədim Misir kahinliyi, brahmanizm,  daosizm, zərdüştilik, ezoterik  xristianlıq dünyagörüşünü əks etdirən Çinin, Hindistanın, İranın müqəddəs və fəlsəfi mətnləri və ezoterik ədəbiyyatı ilə sistemli şəkildə ilgilənir. Bu mövzuda Moskvada, Almaniyada bir neçə kitabı  nəşr olunub: “Qərb - Şərq palitrasının sintezi” (2013), “Sakral mətnlərin tərcüməsi problemi” (2012), “Zərdüştilik fəlsəfəsi” (2014), “Unudulmuş peyğəmbərin qayıdışı” (2013), “Elm və din” (A. Qirutski ilə birgə) (2013), “Şərq ornamenti” (2006).

Alman nəşriyyatının bir kitabı ilə maraqlanmasının özüm şahidiyəm. Səhv etmirəmsə, “Sakral mətnlərin tərcüməsi” əsəri idi. Almanlar kitabı yüksək poliqrafik səviyyədə nəşr etdilər.

Məni Rafiq müəllimlə bağlayan uzun illərin dostluğu olsa da, sakral-ezoterik mətnlərə sevgimiz bizi həmsöhbət etmişdir. Ezoterik söhbətlər üçün darıxanda “rəhmsizcəsinə” vaxtını alıram. “Kitabi-Dədə Qorqud” da  “yum verəyim, xanım” deyimində “yum / yom” sözünün yozumunda Tibet buddist mətnlərindən paralellər gətirib mənə kömək etdi.

Bir dəfə kafedrada (onda tərcümə kafedrasının müdiri idi) əlində karandaş qalın bir kitabı diqqətlə oxuduğunu gördüm - Əbu Reyhan Biruninin “Hindistan”  əsəri idi. Demə, Rafiq müəllim “Zərdüştliyin fəlsəfəsi” əsərini (rus dilində) yazırmış...

Bir dəfə teosofiyadan danışırdıq. Öyünmək istədim, sözarası  ona Rudolf  Şteynerin kitabını əldə etdiyimi qürurla bildirdim. Rafiq müəllim özünəxas təbəssümlə : “Şteyner məndə çoxdan var”, - dedi.

Zərdüştliyin kosmoqonik mahiyyəti, astrologiya ilə əlaqəsi, xeyir- şər təlimləri və s. monoqrafik araşdırmanın maraqlı səhifələridir. Amma kitabda Zərdüştliyin əxlaq dərsləri ilə Lev Tolstoyun mənəviyyat təlimi arasında körpü salması diqqətçəkəndir. Ümumiyyətlə, Rafiq müəllim əxlaq elmini sivilizasiya fəlsəfəsinin əsası kimi öyrənməyin tərəfdarıdır.

Mənə Rafiq müəllimlə birgə kitab üzərində işləmək xoşbəxtliyi də nəsib olub- “Tərcüməşünaslıq terminləri lüğəti” kitabını (prof. N. Tağısoyla birgə) yazmışıq. Aspirantlarına məmnuniyyətlə opponentlik etmişəm.

Rafiq müəllimlə bağlı deyiləsi sözlər o qədər çoxdur ki... Onun ömrü mənim sözlərimdən daha zəngindir və mənalıdır.

Doğum gününüz qutlu olsun, Professor!

 





06.03.2017    çap et  çap et