525.Az

Tərtər batalyonundan bəhs edən film təqdim edildi


 

Tərtər batalyonundan bəhs edən film təqdim edildi<b style="color:red"></b>

Tərtər rayon Mədəniyyət Mərkəzində Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolundan bəhs edən “Batalyon” filminin təqdimatı olub. Dövlət sifarişi ilə çəkilən sənədli film “Yaddaş” studiyasında lentə alınıb.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almas Sultanzadə torpaqlarımızın müdafiəsində iştirak edən Vətən övladlarına xalqımız və dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, dövlət sifarişi ilə Qarabağ mövzusunda çəkilən bədii, sənədli filmlər, bu filmlərin vaxtaşırı olaraq ölkənin müxtəlif bölgələrində nümayiş etdirilməsi haqqında məlumat verib.

Tədbir iştirakçıları sonra “Batalyon” sənədli filmini izləyiblər. Təqdimatdan sonra filmin rejissoru Nizami Abbas ekran əsərinin çəkilişində əməyi olanlara, o cümlədən Tərtər batalyonunun veteranlarına təşəkkürünü bildirib.

Tərtər batalyonunun sabiq komandirlərindən olan Pənah Məmmədov çıxış edərək, batalyonun döyüş yolundan, şəhid silahdaşlarının qəhrəmanlıqlarından bəhs edib, filmin yaradıcı heyətinə müharibə veteranlarının minnətdarlığını çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında tərtərlilərin respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb. Bildirib ki, tərtərlilər bu gün də düşmənin cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, öz doğma torpaqlarında mətn dayanıblar.

M.Məmmədov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında filmin əhəmiyyətini yüksək qiymətləndirib, bu cür ekran əsərlərinin ərsəyə gəlməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, “Yaddaş” studiyasına təşəkkürünü bildirib.

Tədbir “Qəhrəman Tərtərim” mahnısının sədaları ilə başa çatıb.

Əsgər və zabitlərimizi qələbəyə ruhlandırmaq, onlarda hərbi-vətənpərvərlik hissini daha da gücləndirmək məqsədilə həmin gün rayon ərazisindəki “N” saylı hərbi hissədə də “Batalyon” sənədli filminin nümayişi keçirilib.

 





07.03.2017    çap et  çap et