525.Az

“Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə”


 

“Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə”<b style="color:red"></b>

Sabah Bakıda “Nur Art House” qalereyasında “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı foto-sərginin açılışı olacaq.

Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş fotoqraf Aydın Sadıxovun qırxa yaxın əsəri nümayiş etdiriləcək.

Fotoqrafın çəkdiyi şəkillər Portuqaliyanın tarixi şəhərlərindən əksəriyyətini əhatə edir. Bu sərgidə iştirakçılara 15-16-cı əsrlərdə böyük coğrafi kəşfləri başladan və faktiki olaraq ilk qloballaşma dalğasını yaradan dənizçi-səyyahların yola düşdüyü paytaxt Lissabon, 19-cu əsrə aid romantizm üslublu memarlıq sarayları ilə məşhur Sintra, əsrarəngiz “Bom Jesus do Monte” (Dağların Xeyirah İsası) ziyarətgahı ilə Braqa, Duoro çayı və Port Wine şərabları üçün yetişdirilən üzümlükləri ilə Porto, 12-ci əsrdə Xristian Məbəd Cəngavərləri Ordeninin tikdiyi heyranedici monastrı ilə Tomar, eləcə də eramızın birinci əsrindən qalma Roma Məbədi və 16-cı əsrdə tikilən və həyatın necə fani olduğunu xatırladan “A Capela dos Ossos” (Sümüklər Kapellası) ilə Evora şəhərindən fotolar təqdim olunacaq.

Bu sərgi 2017-ci ildə təşkil olunmuş ilk Portuqaliya mədəniyyət tədbiridir və bu sərgi ilə həm də Bakıda ilk dəfə olaraq, Azərbaycanlı bir incəsənət xadiminin Portuqaliya haqqında baxışları nümayiş etdiriləcək. Əsərləri ilə Aydın Sadıxov nəyə görə məhz bu ölkəni hədəf olaraq seçdiyi, bu ölkə haqqında təəsuratları, orda keçirdiyi vaxt ərzində nələr hiss etdiyi və Azərbaycanla Portuqaliya arasında tolerantlıq, qonaqpərvərlik və insanların istiqanlılığı kimi oxşarlıqları necə kəşf etdiyi haqda danışacaq.

Qeyd edək ki, sərginin açılışı sabah saat 19:00-da nəzərdə tutulub. Tədbirin keçiriləcəyi “Nur Art House Gallery”i İçəri Şəhər, Qəsr küçəsi 27-də yerləşir. Sərginin açılış günü Aydin Sadıxovla görüş və foto sənəti haqqında ustad dərsi keçirilməsi planlaşdırılır. Sərgi üç gün davam edəcək.

Xatıraldaq ki, keçən il Portuqaliya Nümayəndəliyi yerli tərəfdaşlarla birgə Bakıda bir neçə uğurlu mədəniyyət tədbiri həyata keçirib. Aprel ayında üç Portuqaliya rəssamının əsərləri Müasir İncəsənət Muzeyində “I wanna be adored” adlı sərgidə nümayiş etdirilib. Sentyabr ayında Portuqaliyanın “Fad’Nu” musiqi qrupu Landmarkda üç günlük konsert proqramı ilə çıxış edib və dekabr ayında “Daniel Pereira Trio’ qrupu yerli musiqiçilərlə birgə Beynəlxalq Muğam Mərkəzində konsert verib.

 





09.03.2017    çap et  çap et