525.Az

Ləğvini gözlədiyimiz "Qonaqkənd tilsimi"


 

Ləğvini gözlədiyimiz "Qonaqkənd tilsimi"  <b style="color:red"></b>

Quba-Şamaxı yolu  

Məlumdur ki, Şamaxı şəhəri tarixin müxtəlif mərhələlərində paytaxt kimi tanınmışdır. Yurdumuzun şimalında giriş qapısı Dərbənddən daxil olanların bir çoxunun Şamaxıya gedişi Quba-Qonaqkənd-Şamaxı yolu olmuşdur. At yolu ilə qısalan bu yol Dədə Qorqud ərənlərinin də gediş-gəliş yolu olmuşdur.

Sonrakı əsrlərdə də xarici ölkələrdən gələn qonaqlarımız, eləcə də rus şairi M.Y.Lermontov, dekabrist yazıçı Bestujev-Marlinski bu yoldan keçmişlər. Bestujev-Marlinskinin haqqında kitab yazdığı Qaçaq Molla Nurla görüşü Təngə dərəsində olmuşdur.

Özünü qubalı adlandıran A.Bakıxanov Tiflisdə qulluqda olduğu illərdə bu yolla Qubaya-evinə və doğmalarının yanına gedib gəlmişdir.

Nəhayət,1920-ci ildə bu dağların hünərli oğlu Qaçaq Mayıl öz dəstəsi ilə bu yolda, Təngə dərəsində Sovet qoşunlarının qarşısını kəsib.

Paytaxt Bakıya köçürüləndən sonra da bu yol əhəmiyyətini itirməmişdi. Odur ki, 1900-cü illərdə Çar Rusiyası bu yolun təmirini vacib bilərək Qonaqkəndlə Xaltan arasındakı dərələrdə daş körpülər tikdirdi. Lakin yolun sonadək inşası baş tutmadı. M.F.Axundovun əsərindəki Müsyo Jordanın təbirincə desək , "cinlər, əcinnələr" mane oldu. 1905-1907-ci illərdə baş vermiş burjua-demokratik inqilabı bu yolun düzəldilməsini unutdurdu. 

Qonaqkənd rayonunun ləğvi 

Sovet hakimiyyəti illərində bu ərazidə Qonaqkənd rayonu yaradıldı. Rayonun mövcud olduğu otuz il ərzində əl əməyi ilə də olsa, yollar təmir edilir, çaylar üzərində körpülər salınırdı. 1959-cu ildə səhv bir qərar nəticəsində rayon ləğv olunaraq Quba rayonuna birləşdirildi. Bugünki Quba rayonunun ərazisinin təxminən 60 faizini təşkil edən Qonaqkənd rayonunun ərazisi birdəfəlik unuduldu. Qubada, Bakıda yüksək vəzifələrdə çalışan bu dağ kəndlərinin övladları da öz dədə-baba yurdlarından üz döndərdilər. Dağ kəndləri boşalmağa başladı. Bəzi kəndlərin adları xəritədən silindi. Quba rayonu rəhbərlərin üçün isə bu ərazi rayonun göstəricilərini geri salan bir əraziyə-artıq bir yükə çevrildi.

Ləğv olunmuş rayon mərkəzinə - Qonaqkəndə şəhər tipli qəsəbə adı verildi. Amma Quba rəhbərliyi bu ərazi üçün sovetin ət, süd, yun planlarını tələb etməkdən başqa, demək olar ki, heç bir əsaslı iş görmədi. Rayonun ləğv edildiyi 1959-cu ildən Sovet hakimiyyətinin süqutunadək ötən 32 il ərzində dəfələrlə Quba-Qonaqkənd yolunun təmiri plana düşdüsə də asfalt Təngə dərəsindən yuxarı keçmədi. Təngə dərəsindən Çayqovuşana qədərki 9 km-lik yol sanki tilsimə düşmüş idi.

Dağların qovşağında yerləşən Qonaqkənd rayonundakı kəndlərin əksərinin Qubaya yolu Təngə dərəsində birləşir. Bu ərazinin Siyəzən və Şamaxıya gedən yolları isə işlək olmadığından sıradan çıxmış, elat yoluna çevrilmişdi. Bəzi kəndlərə maşınla getmək çətinləşdiyindən,yalnız traktorla gedilirdi. Bunu görən cavanlar hərbi xidmətdən sonra kəndə qayıtmırdı.

Şəhər tipli qəsəbə sayılan Qonaqkənd isə aran kəndləri ilə müqayisədə çox geri qalırdı. Nəhayət, Azərbaycan müstəqilliyini əldə etdi. Quba-Şamaxı yolu yada düşdü, plana salındı.

Yenə Qonaqkəndin bəxti gətirmədi. Respublikada vəziyyət ağır idi. Böyük dövlətlərin Azərbaycandakı maraqları ölkədə sabitliyin yaranmasını ləngidirdi. 

Tilsim sındı 

2003-cü ildən sonra yurdumuzda ulu öndərin əsasını qoyduğu yüksəliş başladı. Azərbaycanımızın ağır keçən qışı qurtarmışdı, hər tərəfə bahar gəlirdi.

Keçmiş Qonaqkənd rayonunun ən ucqar kəndlərindən biri Xınalığa yol çəkilişi bu illərdə başladı. Baharın gəlişi bu dağların illərlə sirinsimiş buzunu əridir,tilsimi yox edirdi.

2006-cı ildə keçilməz dağların arası ilə yeni çəkilmiş asfalt yolla prezidentin Xınalığa gəlişi təkcə xınalıqlılar üçün deyil, Qonaqkənd rayonu ərazisindəki bu dağ kəndlərində ümidini üzməyib yaşayan əhali üçün də heç vaxt unuda bilməyəcəkləri böyük bir hadisə idi. Bu yol dağ kəndləri üçün Təngə dərəsindən üstün ikinci giriş oldu. Ümidlər artdı. Yenə Quba-Qonaqkənd yolu yada düşdü. Prezidentimiz bu yol üçün pul ayırdı. Yolda təmir işləri başlandı, bir neçə körpü salındı.

Lakin dünyada başlayan böhran Azərbaycana da təsirini göstərməyə başladı. Təngə dərəsindən Qonaqkəndə qədərki yolda iş səngiməyə başladı. Bu, çox çəkmədi, ötən il yenə əsaslı təmir başladı. Azərbaycanın ən yüksəkdə olan (3629 m) ziyarətgahına - Həzrət babaya gedən yolun keçdiyi Yerfi kəndinə qədərki yolda da cari təmir aparıldı.

Dağ camatının üzü gülməyə başladı. 

Arzular 

Müasir dövrdə abad yol inkişafdır. Bu dağ kəndlərinə rahat yol olmaması ucbatından bu əraziyə turistlər, dilçilər, tarixçilər, ümumiyyətlə tədqiqatçılar üz tutmurlar. 1980-cı illərədək bu kəndlərin qədim tarixə malik xalçaçılığının sorağı bir sıra xarici ölkələrdən gəlirdi. Az qala hər bir kəndinin adına xalça çeşnisi olan bu kəndlərdə xalçaçılıq ömrünü başa vurmaq üzrədir. Məşhur Qonaqkənd  ,,Qumaş" xalça fabriki isə xatirələrdə yaşayır.

Qonaqkəndin Xaltan, Dəhnə, Cimi istisuları var. Xaltan ərazisində istirahət mərkəzi ola biləcək yerlər çoxdur. Qonaqkənd meşələri taxta emalı üçün yararlıdır. Vəlvələçay, Qaraçay, Qudyalçay mənbəyini bu dağlardan alır. Aşağı kəndlər su sarıdan çox əziyyət çəkir. Bu dağların arasında su tutarları yaradıb bir çox problemləri həll etmək olardı. Babaçay, Cimiçay qum, çınqılla zəngindir. Yatağı qalxdığından Qonaqkənd üçün təhlükəyə çevrilmiş çayın qovşağında asfalt zavodu olarsa, xammal üçün uzağa gedilməz, məsələ də bununla həll ola bilər.

Hər il yay aylarında Vətənimizin ən uca ziyarətgahına - Baba dağın zirvəsindəki Həzrət babaya yüzlərlə insan gəlir. Həcc ziyarətinə imkanı olmayanların yeddi il ardıcıl olmaqla Həzrət babaya ziyarətinin savabını-mənəvi təmizlənməsini Həcc ziyarətinin savabına bərabər tutmaları bu ziyarətgahın yüksək məqamından xəbər verir.

Bəli, bu yolun işlənməsi illərlə ürəyimizdə qalan ümidlərin çiçəklənməsidir. 

Həsrətlə gözlədiyimiz gün

2006-cı ildə keçmiş Qonaqkənd rayonu ərazisinə - Xınalığa səfər edən prezidentimizin bir gün Qonaqkəndə də gələcəyi ümidi qəlbimizi sevinclə doldurur.

Tez-tez respublikamızın regionlarına səfər edən prezidentimiz hər gəlişində yeni obyektlərin açılışını edir. Hər bir rayonda Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyur. Asfalt yoldan, mavi qazdan uzaq qalan şəhər tipli qəsəbədə - Qonaqkənddə açılışların olacağı, qəsəbənin mərkəzində qoyulmuş Ulu Öndərin abidəsinin prezidentimiz tərəfindən ziyarət ediləcəyi günü bu dağlardan ayrılıb gedə bilməyən hər bir sakin intizarla gözləyir. İnanırıq ki,möhtərəm prezidentimiz İlham Əliyev yüzillik  "Qonaqkənd tilsimi"ni tamamilə ləğv edəcək, öz gəlişi ilə bu unudulmuş əraziyə bir canlanma gətirəcək. 

Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi

 





10.03.2017    çap et  çap et