525.Az

“Almaniyada övladları əlindən alınan ananı hər birimiz müdafiə etməliyik”- "Səni axtarıram"


 

“Almaniyada övladları əlindən alınan ananı hər birimiz müdafiə etməliyik”-  <b style="color:red">"Səni axtarıram"</b>

Ötən həftənin bazar günü ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişində Almaniyada yaşayan azərbaycanlı Ruhəngiz Əli qızı Cəfərovanın fəryadı cəmiyyətdə ciddi səs-küyə səbəb olub. R.Cəfərovanın 3 övladının Almaniya məhkəməsi tərəfindən əlindən alınaraq başqa ailəyə verilməsi ilə bağlı acı həqiqəti göz yaşları içərisində danışması əməlli-başlı şok effekti yaradıb. Almaniyada övladları əlindən alınan azərbaycanlı ana başına gətirilən olayla bağlı Azərbaycandan kömək istəyib.

Sözügedən proqramın aparıcısı Xoşqədəm Hidayətqızı soydaşımızın “525”in müxbiri ilə söhbətdə bildirib ki, R.Cəfərova əri Elçinlə Almaniyada qaçqın statusu ilə yaşayıb. Onların həmin ölkədə 3 övladının dünyaya gəldiyini deyən X.Hidayətqızı iki il əvvəl onların arasında ailə münaqişəsinin olduğunu söyləyib: “Elçinlə Ruhəngiz dalaşıb. Səhhətinin pozulmasından şübhələnən Ruhəngiz həkimə müraciət edib. Geri qayıdarkən ər qapını onun üzünə açmayıb. Ruhəngiz məcbur olub qonşunun evinə gedib və ərinin qapını nə vaxt açacağını gözləyib. Qonşu olan həmin rus qadın da məsələ ilə bağlı polisə məlumat verib. Ruhəngiz alman dilini bilmədiyindən polis tərəfindən verilmiş sənədə imza atıb. Ruhəngizin dediklərindən belə məlum olub ki, qonşu qadın həmin sənəddə onun əri tərəfindən döyülməsi və işgəncə verilməsini yazıbmış. Bir həftə sonra ailə münaqişəsi məhkəməyə çıxarılıb. Lakin Elçin Ruhəngizə məhkəməyə getməyə icazə verməyib. Bundan sonra Almaniyada uşaq problem və hüquqlarını müdafiə edən təşkilat həmin uşaqları anadan alaraq başqa ailəyə verib. Ruhəngiz iki ildir Almaniya məhkəmələrində qalıb, amma nəticə yoxdur. Uşaqlar artıq başqa ailələrdə öz ana dillərini də unudublar. Dəhşətlisi odur ki, uşaqlardan iki qız uşağı yaşca bir az böyük olsalar da, qardaşları anadan alınarkən 10 aylıq südəmər olub. Ruhəngizin arzusu Azərbaycan dövlətinin ona köməklik etməsidir. Bizə müraciət etməsinin səbəbi də məhz budur ki, Azərbaycan dövləti uşaqlarını geri almasında ona kömək etsin”.

Aprelin 30-da son məhkəmə iclasının olduğunu qeyd edən X.Hidayətqızı ananın övladlarına qovuşmasının bu məhkəmə prosesindən asılı olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova “525”ə açıqlamasında artıq məsələ ilə əlaqədar Almaniyada yaşayan Ruhəngiz Cəfərova ilə əlaqə saxlanıldığını bildirib. O, məsələ ilə bağlı bunları söyləyib: “Onun vəkili Gültən xanımla əlaqə saxlayaraq məsələni aydınlaşdırmışıq. Vəkildən də lazımi məlumatların rəsmi şəkildə komitəyə göndərilməsini xahiş etmişik. Almaniya qanunvericiliyinə əsasən, valideynlərdən hər hansı biri uşağa qarşı zorakılıq tətbiq edirsə, ailədə uşağın əhval-ruhiyyəsinə təsir edən hər hansı bir hərəkət edilirsə, onlar valideynlikdən çıxarılır və uşaqlar əlindən alınır. Qanunvericilikdə belə bir hal da var ki, valideynlərdən hər hansı biri uşaqları baş verə biləcək zorakılıq faktorlarından qoruya bilmirsə, bu halda digər valideyn də uşaqdan məhrum edilir. Ana iddia edir ki, artıq lazımi təminatı və uşağa qarşı baş verə biləcək təhlükələrdən qoruya biləcək gücü var. Amma orada xoşagəlməz hal odur ki, uşaqların 3-ü eyni ailəyə deyil, ayrı-ayrı ailələrə verilib. Məhkəmə problemi həll etməlidir. Biz komitə olaraq rəsmi məlumatları vəkildən aldıqdan sonra ən qısa zamanda Almaniyanın müvafiq qurumlarına rəsmi müraciət edəcəyik. Komitə olaraq bütün situasiyalarda Azərbaycan vətəndaşı olan qadının uşaqlarının geri qaytarılması üçün köməklikləri göstərəcəyik. Almaniyadakı səfirliyinizə və konsulluğa da müraciət etmişik ki, onların köməkliyindən istifadə edək. Çünki hər bir halda uşaqlar anaya qaytarılmalıdır”.

Artıq QHT Əməkdaşlıq Alyansı məsələ ilə bağlı Prezidentə müraciət ünvanlayıb. Alyansdan “525”ə verilən məlumatda “Səni axtarıram” verilişində Almaniyada yaşayan azərbaycanlı qadın R.Cəfərovanın başına gətirilənləri Azərbaycan tamaşaçısının göz yaşları içərisində izlədiyi qeyd edilir: “Almaniyada övladları əlindən alınan azərbaycanlı ana başına gətirilən hadisəylə bağlı Azərbaycandan kömək istəyib. Hüquqları tapdalanmış azərbaycanlı ana gözəl bilir ki, bu gün Azərbaycan güclü bir dövlətdir və hər bir vətəndaşını qorumaq iqtidarındadır. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, o, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının prezidentidir və onları qoruyacaq. QHT Əməkdaşlıq Alyansı inanır ki, Azərbaycan Prezidenti Ruhəngiz Əli qızı Cəfərovanı da müdafiə edəcək və övladlarının ona qaytarılmasına kömək edəcəkdir.

Sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı bu hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir. Bu ədalətsiz olay Almaniya kimi hüquqi və demokratik bir dövlətdə baş verib. Həm də dil bilməməsi ucbatından öz hüquqlarını müdafiə edə bilməyən bir azərbaycanlı ana Almaniya məhkəməsinin məyusedici qərarı ilə üzləşməli olub. Bir ananın öz övladlarından ayrı salınması heç bir ölkənin məhkəməsinə, o cümlədən Almaniya məhkəmə sisteminə də başucalığı gətirmir. Ailə-məişət zəminində baş verən bir ailə münaqişəsi nəticəsində üç uşaq ata-anadan məhrum edilərək alman ailəsində böyüməyə məhkum edilib. Yaxşı hal odur ki, bir azərbaycanlı ana övladlarına sahib çıxmaq istəyir və onun sosial və psixoloji durumu məsuliyyətli və sevən bir ana olmağa yetərlidir. 30 apreldə keçiriləcək məhkəmədə hakimlərin bu məqamı ciddi nəzərə alması çox vacibdir və ümid edirik ki, məhkəmə övladlarını anaya qaytaracaq”.

Biz QHT Əməkdaşlıq Alyansı Azərbaycan Prezidentinə də müraciət ünvanlayaraq ondan Almaniyada yaşayan bir azərbaycanlı ananın faciəsinə kömək etməyini xahiş edirik: “Cənab Prezident! Ruhəngiz Əli qızı Cəfərovanın işi üzrə aprelin 30-da son məhkəmə iclasıdır. Ananın övladlarına qovuşması bu məhkəmədən asılıdır. Cənab Prezident! Siz həmişə harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının yanında olmusunuz. Çətin günlərində onlara dayaq durmusunuz. Buna görə də sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı nüfuzunuzdan istifadə edərək bu işə müdaxilə etməyinizi Sizdən rica edirik”.

QHT Əməkdaşlıq Alyansı bütün üzv təşkilatları ilə birlikdə məhkəmə tarixinə qədər qalan bir həftə müddətində Almaniyada yaşayan Ruhəngiz Əli qızı Cəfərovanın pozulmuş hüquqlarının bərpası üçün bütün qüvvələrini səfərbər edəcəyini və aidiyyatı qurumlarla işbirliyi şəraitində əlindən gələni əsirgəməyəcəyini qeyd edib: “Bu elə bir hadisədir ki, xalq öz birliyini nümayiş etdirməli və bu problemin həllində dövlətin yanında yer almalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl belə bir hadisə Hollandiyada türk qadının başına gətirilmişdi. Məsələyə Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan qarışdıqdan sonra ana öz balasına qovuşmuşdu.

Aqil LƏTİFOV

 





24.04.2013    çap et  çap et