525.Az

“Hər biznes strukturunun rəylərini nəzərə almağa çalışırıq”


 

AZƏRBAYCANDA AMERİKA TİCARƏT PALATASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Hər biznes strukturunun rəylərini nəzərə almağa çalışırıq”<b style="color:red"></b>

Martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu bildirərək, bu konfransın da görülən işlərin növbəti bariz nümunəsi olduğunu qeyd edib. O bildirib ki, ölkəyə yatırılan investisiyaların 80 faizi 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən bu Palatanın payına düşür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını vurğulayıb.

Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələrə görə onlara öz təşəkkürünü bildirərək qeyd edib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

Nazir AmCham-la birlikdə keçirilən vergi konfranslarının artıq ənənəyə çevrildiyini vurğulayaraq, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsində müstəsna rol oynadığını, AmCham-la Vergilər Nazirliyinin münasibətlərinin səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.

Vergilər naziri vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma”prinsipidir.Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

Vergilər naziri Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasətin bundan sonra da davam etdiriləcəyini, Vergilər Nazirliyinin biznes qurumları, xüsusilə də sahibkarları təmsil edən ictimai təşkilatlar və birliklərlə partnyorluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və daha da dərinləşdirilməsində maraqlı tərəf olduğunu və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

 





11.03.2017    çap et  çap et