525.Az

Fevralda 1,6% inflyasiya qeydə alınıb


 

Fevralda 1,6% inflyasiya qeydə alınıb<b style="color:red"></b> Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4% artıb.
 
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0% artıb.
 
Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, alma, armud, limon, portağal, naringi, banan, kələm, göyərti, xiyar, kartof, soğan, sarımsaq, yerkökü, çuğundur, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma, yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları,  zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, kompüterlər, dəftərxana ləvazimatları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, mebel və döşəmə örtüklərinin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 





14.03.2017    çap et  çap et