525.Az

“Dolu” filmi Naxçıvan Dövlət Universitetində


 

“Dolu” filmi Naxçıvan Dövlət Universitetində<b style="color:red"></b>

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar jurnalisti, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filminə baxış keçirilib.

Filmin nümayişindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli millət vəkili, yazıçı Aqil Abbasın müasir Azərbaycan tənqidi realist ədəbiyyatının tanınmış nümayəndələrindən biri olduğunu vurğulayıb, onun ”Batman qılınc”, ”Ölülər”, ”Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” və başqa əsərlərinin ideya-bədii xüsusiyyətlərindən bəhs edib. Qeyd olunmuşdur ki, yazıçının müharibə mövzusunda yazdığı ”Dolu” romanının motivləri əsasında çəkilən eyniadlı film müharibə dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini, Qarabağ müharibəsindəki müvəqqəti məğlubiyyətlərin əsl səbəblərini açan, gəncliyin milli rəşadət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir. “Dolu” milli kino salnaməmizə müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən biri kimi daxil olacaq.

Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas pedaqoji kollektivi, tələbələri salamlayaraq böyük tarixi şəxsiyyətlərin, ədəbi simaların, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin dünyaya gəldiyi Naxçıvanda, buradakı tanınmış ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, universitet rəhbərliyinə minnətdarlıq edib.

Sonra film nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasının 2012-ci ildə çəkdiyi ”Dolu” filmi Qarabağ müharibəsində hər şeyə rəğmən Vətən uğrunda son damla qanlarına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərov, bəstəkarı Polad Bülbüloğludur. Gərgin döyüş anları, qəhrəmanlıq və şücaət səhnələri ilə dolu ”Dolu” filmində istedadlı aktyor heyəti iştirak edir. İnsanda mübarizlik və döyüşkənlik ruhu, torpaqlarımızın tezliklə azad olunacağına, qələbəyə böyük inam, milli qürur aşılayan film böyük maraq və həyəcanla izlənib.

Filmin nümayişindən sonra Aqil Abbasla görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüblər, yazıçı öz kitablarını onlara hədiyyə edib.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri

 





25.04.2013    çap et  çap et