525.Az

Ulu öndərimiz xatirələrdə yaşayır


 

Heydər Əliyev-90

Ulu öndərimiz xatirələrdə yaşayır<b style="color:red"></b>

Respublikanın əməkdar jurnalisti
“Qızıl qələm” mükafatı laureatı
Azərbaycan Yazıçılar Birliyinin üzvü 

Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin bu ilin may ayının 10-da anadan olmasının 90 illiyi tamam olur. Ölkəmiz bu möhtəşəm yubileyə ciddi hazırlıq işləri görür.

Yeni Azerbaycanın banisi, memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, zəmanəmizin böyük siyasi və dövlət xadimi, mətbuatımızın  böyük himayədarı, xeyirxah rəhbər, hamımızın dərin hörmət və rəğbət bəslədiyimiz, xalqın böyük oğlu Heydər Əliyev cismən aramızda yoxdursa da qəlbimizdə – millyonların qəlbində yaşayır. O, bizi siyasi-iqtisadi və mədəni inkişaf yolu ilə gələcəyə doğru inamla aparırdı.

Nadir zəka və fitri istedad sahibi olan Heydər Əliyevin həyat yoluna qısaca olaraq nəzər salsaq, görərik ki, o, 1967-ci ildən başlayaraq respublikamızda beş ən mühüm dövlət vəzifələrində həmişə birinci şəxs olub. Bu, başqa heç kəsə nəsib olmayıb.

Heydər Əliyev 1967-1969-cu illərdə respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 1969-1982- ci illərdə Azərbaycan KP MK-nın birinci katibi, 1983-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 1991-1993-cü illərdə Naxçivan MR Ali Məclisinin sədri, 1993-cü ilin iyin-oktyabr aylarında Azərbaycan Respublikasının Milli Məclisinin sədri olmuşdu. 1993-cü ilin noyabrından dünyasını dəyişənə kimi isə Azərbaycan Respublikasının Prezidenti idi.

Bu müddətlərdə ulu öndərimiz respublikamızın hərtərəfli inkişafı və çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması, demokratik, hüquqi, dünyavi, unitar dövlət quruculuğu, gənc müstəqil respublikamızın dünya birliyinə qovuşması, beynəlxalq aləmdə geniş tanıdılması və s. yolunda gördüyü işlər tükənməzdir, sadalanmaqla bitməzdir. Xalqımız haqqlı olaraq qoyub getdiyi irsi, onun daxili və xarici siyasətini, iqtisadi və təhsil islahatlarını, habelə bütün uğurlarını qoruyub müdafiə edir.

Fərəhli və sevindirici haldır ki, xalqımızın böyük oğlu, dahi rəhbərimiz və yenilməz sərkərdəmiz, ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətləri tərəfindən müvəffəqiyyətlə davam etdirilir...

Heydər Əliyevin SSRİ rəhbərlərindən biri kimi Moskvada işlədiyi dövrdə də biliyi, bacarığı, hünəri, cəsarəti, potensial enerjisi, böyük təşkilatçılığı, səriştəli idarəetmə qabiliyyəti ilə, gördüyü, həyata keçirdiyi işlər də indi tarixə çevrilib. Heydər Əliyevin özünün dediyi kimi: “Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın səlnaməsi, həyat yoludur”. Bu müdrik sözləri elə Heydər Əliyevin özünün də tükənməz fəaliyyətinə şamil etmək olar.

Qeyd etdiyim kimi, Heydər Əliyev dünya şöhrətli siyasətçi, görkəmlidövlət xadimi, böyük nüfuz sahibidir. O, respublikamıza rəhbərlik etdiyi istər birinci, istərsə də xalqımızın arzu, istək və tələbi ilə hakimiyyətə gəldiyi ikinci mərhələdə elə iş qurur, fəaliyyət göstərirdi ki, dünya onunla hesablaşmalı olurdu. Buna aid “Moskovski komsomolets” qəzetində o vaxtlar dərc olunmuş “Virtuoz” adlı məqalədən yadımda qalan bir cümləni xatırlatsam, məncə kifayət edər: “Heydər Əliyev Simurq quşu kimi yenidən pərvazlanaraq bütün dünyanı onunla hesablaşmağa məcbur etmişdi”. Heç də təsadüfü deyildir ki, onun gördüyü işlər, yeritdiyi müdrik siyasət dünyanın tanınmış, görkəmli siyasətçiləri, dövlət rəhbərləri tərəfindən bəyənilir, yüksək qiymətləndirilirdi... Heydər Əliyevin fəaliyyətinə verilən yüksək qiymətlərdən biri də Mustafa Kamal Atatürk adına Beynalxalq Sülh mükafatıdır.

Heydər Əliyevin səmərəli fəaliyyətini bütün azərbaycanlılar kimi, biz ağdamlılar da ürəkdən dəstəkləyir və müdafiə edirdik. Ulu öndərin Ağdamla bağlı çoxlu fikirləri var.

2 avqust 1996-cı ildə Ağdamla bağlı bunları söyləmişdi: “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox muhum rol oynamışdır... 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, bu münaqişənin ilk qığılcımını Ağdamda hiss etmişlər... Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, böyük itkilər vermişdir”.

Məqsədim heç də ulu öndərimizin çoxşaxəli fəaliyyəti barədə yazmaqdan ibarət deyil, buna heç güc də çatmaz. Məqsədim Heydər Əliyev barəsində yaddaşımda qalan bəzi xatirələri nəzərinizə çatdırmaqdı. Bu xatirələr mən Ağdam Rayon Partiya Komitəsində təbliğat və təşviqat şöbə müdiri, rayonda çıxan qəzetin redaktoru işlədiyim zamanlarda onun rəhbərliyi ilə keçirilən büro iclaslarında, plenumlarda, fəallar yığıncaqlarında zona müşavirələrində, kənd əməkçiləri ilə görüşlərində yaxından iştirak etməyimdən, parlaq nitqlərinin və çıxışlarını dinləməkdən, onunla şəxsən bir neçə dəfə yaxından görüşməyimdən qaynaqlanır. 

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev bir neçə dəfə Ağdamda olub, şəhərimizi, kəndlərimizi gəzib, əmək adamları ilə görüşüb. Onun 1973-cü ilin payız fəslində Ağdama gəlməsi, təsərrüfatlarımızda olması, əmək adamlarının güzaranı ilə maraqlanması, onlarla səmimi hal-əhval tutması, zarafatları indi də yaxşı yadımdadır. O nə qədər diqqətli və qayğıkeş idi. Onun rayonun Karl Marks adına kolxozunun pambıqçı qadınları ilə söhbətindən bir epizodu nəzərinizə çardirmaq istəyirəm.

Heydər Əliyev:

– İçərinizdə çoxuşaqlı ana varmı?

Qadınlardan biri  irəli çıxaraq  dedi:

– Mənəm.

Heydər Əliyev:

– Neçə uşağınız var?

Qadın:

– On.

Heydər Əliyev:

– Nəyə ehtiyacınız var? Bakıdan bura gəlmişəm, çəkinməyin, deyin.

Qadın:

– Sizin sağlığınıza yaxşı dolanırıq. Allah sizin də, sədrimizin də canını sağ eləsin (sədr Sosialist Əməyi Qəhrəmanı Məleykə Quliyeva idi). İkimərtəbəli evimiz, qapımızda maşınımız, mal-qaramız var. On uşağın yeddisi məktəblidir. Amma onlara kitab tapmaqda çətinlik çəkirik.

Heydər Əliyev:

– Azərittifaqın sədri burdadırmı?

Azərittifaqın sədri xırda arxın üstündən hoppanaraq dərhal müntəzir oldu, bəli, burdayam, – dedi.

Heydər Əliyev:

– Mənim adımdan bu ailəyə bir kitab bağlaması göndərərsən.

Heydər Əliyev qadınlara müraciətlə daha kimdir çoxuşaqlı ana?, – deyə soruşdu.

Qadınlardan bir nəfəri də irəli çıxaraq mənəm, – dedi.

Heydər Əliyev:

– Sizin neçə uşağınız var?

– Doqquz uşağımız var.

Heydər Əliyev:

– Sizin nəyə ehtiyacınız var?

– Biz də yaxşı dolanırıq. Heç bir şeyə ehtiyacımız yoxdur. Sizin sayənizdə hər şeyimiz var. Amma bizim də yeddi uşağımız oxuyur, onlara kitab tapa bilməmişik. Nədənsə dərslik tapılmır.

Heydər Əliyev Azərittifaqın sədrinə bu ailəyə də kitab bağlaması göndərməyi tapşırdı. Sonra gülərək həmin qadından soruşdu:

– Deyin görüm, o qadından niyə geri qalmısınız? Ona çata bilərsinizmi?

Həmin qadın:

– Siz deyəndən sonra niyə çatmıram.

Qadının bu cavabına Heydər Əliyevlə yanaşı hamımız gülüşdük.

Heydər Əliyev cənablarının 1981-ci ilin iyulunda rayonumuza gəlişi biz ağdamlıların ən unudulmaz günlərindən biridi. O, Ağdamda keçirilən zona müşavirəsində iştirak etmək üçün gəlmişdi. Müşavirədən öncə o, rayonumuzun bir çox təsərrüfatlarında olmuş, şəhərimizdə təşkil edilmiş “Əmək şöhrəti” memorialının açılışında iştirak etmiş, qırmızı lentini kəsmişdi,

Heydər Əliyev ilk səfərini rayonun ən böyük üzümçüluk təsərrüfatı olan H.Hacıyev adına sovxozdan başlamışdı.

Yeri gəlmişkən deyim ki, sovxoz rəhbərliyi əziz və hörmətli qonağın şərəfinə ilin əvvəlində qəbul etdikləri öhdəliklərini beş min ton artıraraq, dövlətə 25 min ton üzüm təhvil verəcəklərinə söz vermişdilər. Dahi rəhbərimiz adlı-sanlı üzümçü Oktyabr Bayrağı, Qırmızı Əmək Bayrağı ordenli, respublikanın dövlət mükafatı laureatı, raykomun büro üzvü Əkbər Abdullayevin briqadasının bol məhsullu bağında olarkən yarpaqları ayırtlanmış bir tənəyin üstündə bol üzüm salxımlarını görüb, elə hesab etmişdi ki, bu salxımlar başqa tənəklərdən gətirilib asılmışdır. O, tənəyə yaxınlaşıb onu yoxladıqdan sonra gördü ki, bu doğrudan da həmin tənəyin məhsuludur. Sonra Əkbər Abdullayevlə xeyli zarafatlaşdı... Üzümçülərlə xatirə şəkli çəkdirdi. Adamlar şəkil çəkdirdikdən sonra dağılmaq istədikdə Heydər Əliyev onlara dedi:

– Dayanın, qoyun, yerli fotomüxbir də öz işini görsün.

Bax, bu da ulu öndərimizin region mətbuatına göstərdiyi diqqət və qayğının təzahürü idi.

Sonra ulu öndərimiz  son illərdə üzümçülüyü intensiv inkişaf etdirən Dzerjinski adına sovxozda Əkbər Quliyevin başçılıq etdiyi gənclər briqadasında  hər hektardan 500 sentner məhsul uğrunda mübarizə aparan qızların plan və öhdəlikləri ilə maraqlanmışdı. Qızların xahişi ilə onlarla xatirə şəkli çəkdirmişdi. Heydər Əliyev  sonra 6 dəfə ümumittifaq sosializm yarışının qalibi olmuş, adı SSRİ XTNS-nın şərəf kitabına düşmüş Qərvənd kəndindəki kolxozda da pambıqçılarla səmimi söhbət etmiş, xoş təəssüratlarla ayrılmışdı.

Mən “H.Ə.Əliyev yoldaş rayonumuzda” sərlövhəli reportaj yazdım.Heydər Əliyevin köməkçisi Arif Mustafayev mənə dedi ki, Heydər Əliyevin tapşırığıdır, sən yazını gətirərsən, Heydər Əliyev oxuyandan sonra çapa verərsən. Mən də reportajı hazırlayıb Mərkəzi Komitəyə gəlib, həmin yazını Arif Mustafayevə verdim və onun dediyi vaxta gedib yazını götürdüm. Baxdım kı, vur-tut iki söz əlavə olunub. Arif Mustafayev dedi ki, Heydər Əliyevin xoşuna gəldi, apar olduğu kimi çap et.

Bir maraqlı epizodu da qeyd etmək istəyirəm: Xındırıstanda partiya-təsərrüfat fəalları yığınçağında  nazirlər, ətraf rayonların birinci katibləri çıxış edtikdən sonra dövlət başçımız zala müraciət edərək soruşdu ki, daha kim çıxış etmək istəyir. Bu zaman rayon qəzetlərinin birinin redaktoru (rəhmətə getdiyi üçün adını çəkmək istəmirəm) yerindən qalxaraq söz istədi: o, özünü təqdim etdikdən sonra tribunaya qalxdı. Dərhal Xındırıstan kəndinin Qasım bəy Zakirin yurdu olduğunu deyib, onun  bir şeirini söylədi. Bu şeir heç yerinə düşmədi. Odur ki,  Heydər Əliyev üzünü zala tutaraq dedi:

– Bəlkə, bir oynamaq istəyən də var?

Zalda bir gülüş qopdu... Sonra  Heydər Əliyev dedi:

Yox, bu da lazımdır, amma yerində.

Daha bir epizod: – Müşavirələrin birində ilk çıxış edən rayonun qadın olan rəhbəri imkanlardan üç dəfə artıq öhdəlik götürdü və böyük alqışlarla qarşılandı. Bundan sonra söz Ağdam Rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayevə verildi. Sadıq müəllim əvvəlki qəbul edilmiş öhdəliyin üstündə dayandı. Söz yox ki, bu da dövlət başçısının ciddi iradına tuş gəldi. Bu zaman Sadıq müəllim çox müdrikcəsinə çıxış yolu tapıb dedi ki, o, on dörd qardaşın (on dörd pambıq əkən rayonun) bir bacısıdır, biz istəyirik ki, o, qabağa getsin. Bu zaman zalda gurultulu alqışlar qopdu. Ulu öndərimiz də bu alqışlara qoşuldu və barmağını silkələyərək gülə-gülə dedi: – Vəziyyətdən çox ustalıqla çıxdın.

Bu da dövlət başçımızın ədalətinə dəlalət edir. O, həmişə deyirdi ki, mənə halal məhsul, halal rəqəm lazımdır, şişirdilmiş rəqəmlər bizə lazım deyil.

Heydər Əliyev Azərbaycan dövlətinin banisi və qurucusudur, böyük filosofdur, milli qürurumuzdur. O, ömrünü Azərbaycanın xoşbəxtliyinə həsr edən böyük insandır.

Özbəkistan prezidenti İslam Kərimov onun barəsində demişdi: “Kimin xoşuna gəlsə də, gəlməsə də, bu gün dünya Heydər Əliyevi tanıyır və o, Azərbaycanın ... dünyada yüksəldən qanuni liderdi”.

Mən, Heydər Əliyev məktəbinin yetirmələrindən biri kimi, özümü xoşbəxt sanıram ki, Heydər Əliyev əsrinə çevrilmiş XXİ əsrdə, ulu öndərimizin qurub-yaratdığı və fəaliyyət göstərdiyi, hazırda gündən-günə çiçəklənən bir ölkədə yaşayıram.

 





25.04.2013    çap et  çap et