525.Az

Akif Çovdarovun vəsatəti təmin edilmədi


 

Akif Çovdarovun vəsatəti təmin edilmədi<b style="color:red"></b>

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov onun holter aparatı vasitəsi ilə müayinə edilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məhkəmənin səlahiyyətinə aid deyil.
 
Vəkil Sadiq Rəsulov jurnalistlərə deyib ki, bir müddət əvvəl A. Çovdarov aclıq aksiyası keçirən zaman Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində ona holter aparatı ilə müayinə təklif olunub. Həmin vaxt A. Çovdarov aclıq aksiyası keçirdiyindən bundan imtina edib, bildirib ki, müayinənin nəticəsi düzgün olmayacaq: "Biz indi Tibb Baş İdarəsinə müraciət edərək müayinənin keçirilməsini istəyirik. Lakin onlar bunun üçün məhkəmə qərarı tələb edirlər. Məhkəmə isə bunun onların səlahiyyətinə aid olmadığını deyir".

Daha sonra iclasda zərərçəkmiş şəxslərdən "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin (Azər Quliyev vəfat edib, onu hüquqi varisi təmsil edir) epizodu üzrə MTN-nin əməkdaşı olmuş Əziz Əzizov şahid qismində ifadə verib. O, Səlim Məmmədovun göstərişi ilə bir dəfə "Azərtikinti ATF" şirkətində olduğunu deyib.

Proses günün ikinci yarısında davam edəcək.

 





27.03.2017    çap et  çap et