525.Az

Ürəkdən su içən fikirlər


 

Ürəkdən su içən fikirlər<b style="color:red"></b>

Yazıçı-publisist 

Mənzərə Sadıqova ilə tez-tez görüşməsək də bu, mənəvi yaxınlığımıza mane ola bilmir. Hamımız öz həyat ritminə, sürətinə qoşulub səhərin, gündüzün necə axşam olduğunu  hiss etmirik. Yaradıcı insanlar daim axtarışdadır, fikirlərinin sürətinə qoşulmaq istəyir. Onlar hər gün öz qəhrəmanları, arzuları ilə görüşməyə daha çox can atırlar.  Vaxt isə bizimlə hesablaşmır...

Bu yaxınlarda Mənzərə xanımın mənə hədiyyə etdiyi “Yaşam” adlı kitabı ilə söhbətləşməyə, dərdləşməyə vaxt ayırdım. Kitabda “Yaşam” adlı kitabının iç dünyasında yaşadıqca bir-birinə bənzəməyən tale qapıları açıldı üzümə. Bu qapılar arxasında Mənzərə  xanımın səsini eşidirəm: “Sözümü üzə deyənəm. Hərdən məəttəl qalıram ki, qəlbimdə o qədər kövrəklik varkən, necə belə sərt ola bilərəm?” Axı, mərhəmət ağılda deyil, qəlbdədir. Ağıl isə hər bir işdə yüz ölçür bir biçir. Sərtlik deyil bu, ədalətdir, buna görə özünü qınamağa dəyərmi?”

Mən onu daha çox Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında müxbir fəaliyyətindən tanıyırdım. O illərdə Mənzərə xanım böyük coşqunluqla maraqlı  reportajlar aparır, zamanın nəbzini tutmağa çalışırdı. Onun nitqinin səlisliyi, fikir yükünün ağırlığı tamaşaçısını özünə cəlb edirdi. Çünki bu səs ürəkdən gəlirdi. Qəlbinin səsi ilə danışırdı.

1994-cü ildə “Azərbaycan qadını” jurnalında onun haqqında yazdığım məqaləmi kitaba daxil etdiyi üçün minnətdarlığımı bildirirəm. Məqalə “Qız qardaşım” adlanırdı. O vaxtdan 19 il keçməsinə baxmayaraq, Mənzərə xanım eyni həvəs və məsuliyyətlə öz işinə, yaradıcılığına yanaşır: “...Müxbir-vətəndaş kimi hadisələrə, Milli Məclisdə çıxışlara onun öz münasibəti var. Siyasi mövzularda rəsmi qəbullardan hazırladığı reportajlarda Mənzərə xanımın dəsti-xətti aydın seçilir...Mənzərə xanımın “cəmiyyət və şəxsiyyət” konteksində araşdırıb oxuculara, dinləyicilərə təqdim etdiyi mövzular öz aktuallığı ilə diqqəti cəlb edir”.

Kitabda “jurnalist ömrünün salnaməsi”ndə yazır: “...uşaqlığıma dair  bütün xatirələrimdə qarşımda kitab, əlimdə kağız-qələm var. Gözlərimi yuman kimi O Qızı görürəm”. O qızın gözləri ilə kaş bu gün də dünyanı müharibəsiz, qansız görmək mümkün olaydı... İndi yurd həsrəti onun gözlərindən keçmişə boylanır: “Bədənimdə o yerlərin dost-doğmaca küləyindən, günəşindən, mehrindən hörülmüş gözəgörünməz tor köynək gətirmişəm. Əynimdədir. Dədə-baba ocağından aldığım nur qəlbimdədir.” Həsrət də insanın əyninə biçilərmiş?! Həsrət yolları bizə təzədən yaşamaq öyrədir. Dözüm qocaldıqca isə düşmənə qarşı kin də böyüyür. Mənzərə xanımın qəlbinə dolan yaralı xatirələr kitaba sığsa da bir ömrə sığarmı? Mənim “Fikir qatarı” mənsur şeirimdə belə sətirlər var: “Doğulduğum gündən ölən günədək fikir qatarım məni ötəcək...Qəbrimdə də yarımçıq arzularım çəmən tək göyərəcək. Qəbrim səbrim olacaq, son sözüm olmayacaq”.

“Həyat hikməti”ndən “...Xalq da ağaca bənzər, kökünə yadlaşmayınca məhv olmaz. Öz soy-kökündən ayrı düşməyən xalqı qırmaqla qurtarmaz. Ölən igidlərin  yerində  daha cəsurları  baş qaldıracaq.  Artacaq, çoxalacaq. Öz milli mənini təsdiq edəcək. Soy-kökünə bağlı xalqa zaval yoxdur. Kökündən su içən ağaca ölüm yoxdur”.

Müəllif yazır ki, cəmiyyətin sosial sifarişi dəyişib, əsl sənət olmayan yerdə mədəniyyət cılızlaşır, müasir insanın durumu gərgindir. Bəli, şəxsiyyət və cəmiyyət arasında harmoniya  itirsə,  mənəvi sağlam fikirlər bir araya gələ bilmirsə, ümidsiz arzular  insana  nə verə bilər ?

Kitabda “Düşüncələr”  fəslində “Qələmin ağır məsuliyyəti”, “Tərs mütənasiblik” yazılarında toxunulan mövzu məni də həmişə düşündürüb. Şəxsiyyət ilə sənət arasında bəzən harmoniya pozulur.  Mənzərə xanım bu hallara qarşı qəti barışmaz mövqedədir. Bu haqda yazır: “Bəzən əsərlərinin vurğunu  olduğun ədiblə təsadüfi tanışlıq bütün təəssüratlarını alt-üst edir. Yaradıcılığında təlqin etdiyi uca məramların müqabilində yazarın özünün nə qədər cılız adam olduğu meydana çıxır. Sarsılırsan”.  Yaxud  “Özündə olmayan keyfiyyətləri poeziyasında, nəsrində, publisistikasında təbliğ edən sənətkara  həyat hikmətlərini yazdıran hansı qüvvədir?  Qələmin qüdrəti, istedadın gücü, yoxsa ilham pərisi? Bəlkə də bir insan kimi şəxsiyyətindəki naqisliyi  kompensasiya etmək ehtiyacı?!” Sədi Şirazi belə insanlar haqqında deyib: “Yazdığına əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir”. Mənzərə xanım öz təbiətinə uyğun olaraq, səmimiyyəti həyatda hər şeydən uca tutur. Şəxsiyyəti bütöv olmayan insanlar nədən yazırsa-yazsın onun sözləri də ölüdür, səmimi hissiyyatdan məhrumdur.

Sözün uzunu, qısası, çəkisi, rəngi var, ən əsası isə sözün ruhu olsun, həyat kimi canlı olsun, yalana xidmət etməsin. Kitabdan müəllifin seçmə fikirlərini oxuculara təqdim edirəm: “İçimdə bir sevgi intihar etdi. Onu dəfn etməyə ülvi məkan tapmadım. Məzarı ürəyim, başdaşı beynim oldu”. “Dünyanın yükünü çiynində daşıyar tənha qadın. Özü kimsəyə yük olmaz...Zaman keçdikcə anlar ki, dəyişən hər şey yerində qalıb. Bircə onun gəncliyindən savayı”. “Qayıq harada xoşbəxtdir?..Qayığın yaşadığı iki məkan vardı: biri sahil, biri dəniz”. “Dünən kədəri-qəmi silib-süpürüb atdım evimdən. Silkinib qalxdım uğursuzluqların uçqunları altından.” “Sevgilərin ən yanğılısını mənə verdin. Vətən dərdi, Ana məhəbbəti, ailə ocağının həsrəti gizli-gizli, için-için yandırdı”. “Gözlərimə sataşan qırmızıyanaq , sarımtıl alma mənə ideya verir. Həyatıma bir az şirinlik gəlsin deyə, bu gözəlin yanağını dişləyirəm...Görəsən, alma qazandı, yoxsa məyusluğumun badına getdi”.. “Hamı gileylənir ki, dünyanın mizan-tərəzisi pozulub. Əgər hərəmiz bir yandan əyiriksə, bu dünya necə düzəlsin?” “Həyatda hər şeyi güc həll edir-gözəlliyin, ağlın, elmin, silahın, pulun gücü. Baxır harda hansı qalib gəlir”.

Mənzərə xanımın son fikirləri əslində kitaba epiqraf da ola bilərdi. Doğrudan da bunlardan biri, bəlkə də bir neçəsi cəmiyyətimizdə hakim mövqedədir. Lakin ən ümdə olanı ağıldır. Həmin ağıl ki, gözəlliyi qiymətləndirə, elmin zirvələrini fəth edə, müharibəyə “yox” deyə, qələmi silaha çevirə və puldan  səmərəli istifadə edə bilər.

Mənzərə xanım zərif qəlbiylə, sərt ağlıyla əlbir çalışır, hər ikisinə hörmətlə yanaşır. Çünki onlar həyatı dərk etməkdə, yaxşı və pis günlərdə onun ən sadiq dostlarıdır. Onun istər bədii, istərsə də publisist yazıları süni boyalardan, ifrat tənqid və tərifdən uzaqdır. Qız  qardaşım həqiqətlə üz-üzə, göz-gözə dayanıb  onunla cəsarətlə danışmağa həmişə hazır mövqedədir. Burda qələmin gücü, hökmü də danılmaz həqiqətdir. Kitabda dövrün gerçəkliyindən  doğan qənaətlərində,  mənsur şeir və miniatürlərində, 90-cı illərin problemlərində, ədəbi qeydlərində Mənzərə xanımı fəlsəfə doktoru, jurnalist, yazıçı, həssas qəlbli azərbaycanlı xanımı kimi qəlbinə, zərif hisslərinə, vətəndaş mövqeyinə daha yaxından bələd oluruq. Müəllifdən:  “...həyat da güzgü kimidir. Sən ona nikbin yanaşanda, o da sənə gülümsəyir. Sən həyatdan küsəndə, o da səndən üz döndərir”. O, cəmiyyətdə gedən proseslərdə, insanların mövqeyində dominantlıq edən pozitiv keyfiyyətləri, münasibətləri daha yüksək  qiymətləndirir. Müasir əsrimiz  XX əsrin davamı olsa da, təki müharibələrin davamçısı olmasın. Müharibə insanları doğma, şirin xatirələrindən, xoşbəxt arzularından ayırır. “Necə xoşbəxt olaq?” sualına silahlar sərt cavab verir.

Mənzərə xanım arzularının səhərinə və gündüzünə can atsa da, axşamın qaranlığında günəşin istisini, işığını duymağı bacarır. “Mən tənhalığımda möhtəşəməm” deyərək, sanki üzücü sükutun bağrını yarır.

“Düşüncələr” fəslində “Soyqırım” və “İşğal” yazıları xüsusilə diqqətimi cəlb etdi. Həyatda nəinki insanların hətta ağacların da soyuırımı, işğala məruz qalması mümkündür. “Soyqırım”ın fəryadları: “Şəhərdə ağacların soyqırımı  başlanmışdı.Yaşına, barına, faydasına baxmadan amansızcasına qırırdılar ağacları. Xüsusilə, gecə saatlarında. Tikinti şirkətləri ağaclara qənim kəsilmişdilər...Buldozerlərin tapdağına məruz qalan qocaman ağaclarsa hələm-hələm ram olmurdular...Xüsusilə, may ayında, yaz günü kəsilən ağacların ah-naləsi yeri-göyü yandırırdı...Ağacların soyqırımı genişlənirdi”. “İşğal”ın həyəcanlarında isə yerli ağacların yerinə çox vaxt xaricdən gətirilmə  ağacların salınması, “işğalı” Mənzərə xanımı çox rahatsız edir. Alimlər sübut edib ki, bir ağac ildə 120 kiloqram oksigen ayırır. Axı, ağaclar təbiətin ağ ciyərləridir.  Şairlərimizin vəsf etdiyi, nəğmələrdə dillər əzbəri olan ağaclar həyatımızın bir parçası, tarixidir. Babalarımız həmişə deyərdi ki, ağacı kəsmək günahdır. Qədimdə elə ağaclar vardı ki, ona pir kimi yanaşırdılar. Afrikada bitən baobab ağacının torpağımızdakı işğalına kim şeir qoşub ondan ilham alacaq? Yönlü qol-budağı da yoxdur.

Mənzərə xanımın daha qlobal problemlərlə bağlı yazılarını oxuyandan sonra  fikirləşdim ki, doğrudan da böyük faciələr əslində gündəlik həyatda fərqinə varmadığımız kiçik hadisələrdən yaranır. Necə ki, ağacların “soyqırım” və “işğal” ından.

Ömür  fikirlərin uzanıb getdiyi  yolların uzunluğuna  bərabərdir. Fikirlər  Mənzərə xanımın ürəyindən su içib yola çıxır, qarşısında yeni-yeni cığırlara inamla yol açır.  “Yaşam” kitabının “Düşüncələr” fəslində Mənzərə xanım əsrlər boyu insanlara tale yazan xeyir və şər yolların “dünya  xəritəsini” görmək istəyir...Düzgün yolun yolçusu olmaq isə ən çətin yoldur. Bu, Mənzərə xanımın seçdiyi  yoldur. “Yol”un duaları qəbul olsun: “Yol ver, Yolun möhtəşəmliyini dərk edək, ey Yol sahibi! Bizi ömür boyu müşayiət edən problemin həllində- “yol tapmaqda” qüdrətimizi və acizliyimizi  etiraf etmək  böyüklüyünə qovuşdur”. Amin!

 





26.04.2013    çap et  çap et