525.Az

Regionların sosial-iqtisadi inkişafına diqqət daha da artırılır


 

PAMBIQÇILIĞIN İNKİŞAFI MƏŞĞULLUĞUN ARTIRILMASINA VƏ REGİONLARDA YAŞAYAN İNSANLARIN HƏYAT SƏVİYYƏSİNİN YAXŞILAŞDIRILMASINA XİDMƏT EDİR

Regionların sosial-iqtisadi inkişafına diqqət daha da artırılır<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, martın 28-də Saatlıda prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib.

Dövlət başçısı müşavirədə çıxış edərək son dövrlər regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərdən danışıb, qeyri-neft sektorunda mühüm istiqamətlərdən biri olan pambıqçılığın inkişafı ilə bağlı məsələlərə toxunub, bu istiqamətdə işlərin ardıcıl və sürətli aparılmasıyla bağlı mühüm tapşırıqlarını verib.

Prezident bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsi Azərbaycanda yeni reallıqlar yaradıb: "Azərbaycanda müasir infrastruktur yaradılıb, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunur, kənd və magistral yollar tikilir. İnfrastrukturun yenilənməsi biznes üçün daha yaxşı şərait yaratmış, sosial-iqtisadi inkişafa təkan verilib. Təkcə bu il kənd yollarına dair 40-dan çox layihə icra edilir və bu layihələrin icrası sayəsində yüzlərlə kənd birləşdiriləcək".

İlham Əliyev qeyd edib ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır: "Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülüb. Rayonun infrastrukturu tamamilə yenidən qurulub. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemindən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir".

Prezident bildirib ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var: "Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişdik. Bunun bir neçə səbəbi var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Burada əyləşən vətəndaşlar, yoldaşlar bilirlər ki, pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik. Digər tərəfdən, biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik. Çünki sovet vaxtında ümumittifaq sənaye-iqtisadi kompleksi mövcud idi, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük inkişaf edirdi, meyvə-tərəvəz istehsalı artırdı. Ancaq biz ərzaq məhsullarını başqa respublikalardan - Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik. Yəni, böyük bir asılılıq mövcud idi. Ona görə biz ilk növbədə çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik. Bu gün biz özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə təxminən 80-90 faiz təmin edirik. Sovet dövründə bu, belə deyildi, biz tam asılı vəziyyətdə idik. Müstəqillik dövründə Azərbaycanda meyvə-tərəvəz istehsalı bir neçə dəfə artıb və bu, bizim üçün böyük ixrac potensialıdır, böyük ixrac imkanlarımızdır. Ona görə biz daha çox ərzaq təhlükəsizliyi məsələlərinə diqqət göstərirdik. Texniki bitkilər - pambıqçılıq, tütünçülük, baramaçılıq isə bir qədər diqqətdən kənarda qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri itirirdik. Onu da açıq deməliyəm ki, pambıqçılığa dövlət dəstəyi çox zəif idi".

Ölkə başçısı hesab edir ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub: "2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik".

Ümumiyyətlə Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir. Bu məqsədlə Azərbaycanda dövlət sahibkarlara kömək göstərir. Azərbaycan prezidenti sahibkarlara siyasi dəstək göstərir, onlarla görüşür, problemlərinin həllinə çalışır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər iş adamlarına 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıb. 2017-ci ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Azərbaycanda fermerlər üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. 2016-cı ildə Azərbaycanda tütünçülük və baramaçılıqda ciddi dönüş yaranıb. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı artır. Qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı əsas vəzifədir.

Azərbaycanda təhlükəsizlik təmin edilir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Bu mənada, prezident müşavirədə vurğulayıb ki, xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir: "Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, dayanıqlı inkişafı təmin edəcək. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik".

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üvzü Vahid Əhmədov "525"ə bildirib ki, prezident İlham Əliyev strateji yol xəritəsini təsdiq etdikdən sonra ölkədə qeyri-neft sektorunun inkişafıyla bağlı fəaliyyətə başlanılıb və müəyyən işlər görülüb: "Ölkə başçısı 2016-cı ildən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, bu sahədən daha çox gəlir əldə olunması üçün bu sahəyə diqqəti artırır. Baramaçılıq, ipəkçilik, pambıqçılıq, meyvə-tərəvəz əkini bu sahənin əsas istiqamətlərini təşkil edir. Sadaladığım istiqamətlərdən xeyli sayda gəlir götürülməsi üçün ciddi sərmayə yatırımı edilir. Bu da öz növbəsində ciddi inkişafa yol açır".

Bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də mütəmadi olaraq müşavirələr keçirdiyini deyən V.Əhmədov qeyd edib ki, icra hakimiyyəti başçılarına verilən tapşırıqlar, görülən əsaslı tədbirlər nəticəsində artıq nəzərə çarpacaq dərəcədə böyük irəliləyişlər əldə olunub: "Əgər 2015-ci ildə pambıq yığımı 30 min ton idisə, 2016-cı ildə artıq bu göstərici 90 min tona çatıb. Bu il isə daha çox pambıq yığımının əldə olunacağı gözlənilir. Yəni, bu sahəyə diqqət artırılır".

Bu məqsədlə prezident İlham Əliyevin Saatlıda müşavirə keçirdiyini deyən deputatın sözlərinə görə, ölkə başçısı əhalinin həm işlə təmin edilməsi, həm pambığın istehsalından yüksək gəlir götürülməsi üçün vacib göstərişlərini verib: "Bu mənada, pambığın qiyməti əvvəlcədən ödənilir, əlavə subsidiyalar verilir və digər zəruri tədbirlər həyata keçirilir. Bu ondan ötrüdür ki, Azərbaycanda pambıqçılıq inkişaf etsin".

Bir vaxtlar Azərbaycanda 1 milyon tona yaxın pambıq tədarük olunduğunu deyən V.Əhmədov onu da qeyd edib ki, əsas məqsəd bu göstəriciləri yenidən təkrarlamaq və kvotanı daha da artırmaqdır: "Ümumilikdə isə bütün bunlar qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə neftdən aslılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir. Qeyri-neft sektoru kənd təsərrüfatı, sənaye, turizm kimi sahələri özündə cəmləşdirir. Bir sözlə, bu sahədə böyük işlər görülür. Yəqin ki, qarşıdakı illərdə biz bunun mühüm nəticələrini görəcək, əldə olunan böyük uğurların şahidi olacağıq".

Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki,  pambıqçılığın inkişafı məsələləri ilə bağlı keçirilən müşavirə regionların sosial-iqtisadi inkişaf məsələlərinin ölkə başçısının daim diqqətində olduğunu göstərir: "Təsadüfi deyil ki, 2003-cü İlham Əliyevin prezident seçilərək səlahiyyətlərinin icrasına başladığı dövrdə atdığı ilk addım regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi olub. Hər 5 ildən bir bu proqramlar yenilənir və özündə əvvəlkilərdən daha böyük məqsədlər birləşdirir".

A.Mirzəzadə qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi isə tək aqrar sahənin bir hissəsinin inkişafı olmayıb, zəncirvari olaraq böyük bir istehsalat şəbəkəsinin inkişafı olacaq: "Bu ümumilikdə yeni iş yerlərinin açılmasına, əmək haqlarının artmasına, ölkə iqtisadiyyatının böyük inkişafına, neftdən aslılığın minimuma endirilməsinə gətirib çıxaracaq. Ən əsası isə dövlət burada çox aktiv iştirak edəcək. Baxmayaraq ki, bizdə azad sahibkarlığa əsaslanan bazar iqtisadiyyatıdır, amma bununla belə dövlət bu məsələdə özünün krediti, təşkilatçılığı, moderatorluğu ilə böyük bir rol oynamaq istəyir. Bu, indiyə qədər dövriyyədən kənarda qalan torpaqların istifadəyə verilməsinə, ənənəvi pambıqçılığın dirçəldilməsinə gətirib çıxaracaq".

Deputat deyib ki, prezident İlham Əliyevin artıq ikinci dəfə pambıqçılığın inkişafı məsələləri ilə bağlı müşavirə keçirməsi bu sahənin inkişafı ilə bağlı dövlətin çox ciddi nəticələr əldə etmək istəyini ortaya qoyur: "Pambıqçılıq elə bir sahədir ki, bir ilin yekununa görə artıq müəyyən nəticələr var. Artıq bu ilin axırına həm hazır məhsul satışı,  həm də artıq qalan məhsulun xarici bazarlara çıxarılıb əlavə gəlir əldə olunmasıyla bağlı konkret nəticələr ortaya qoyulacaq".

Ceyhun ABASOV

 





30.03.2017    çap et  çap et