525.Az

Prezident çağırış etdi: sahibkarlar daha da fəal olmalıdırlar


 

"ÖLKƏ BAŞÇISI İŞ ADAMLARINA SİYASİ DƏSTƏK VERİR, ONLARLA GÖRÜŞÜR, PROBLEMLƏRİNİN HƏLLİNƏ ÇALIŞIR"

Prezident çağırış etdi: <b style="color:red">sahibkarlar daha da fəal olmalıdırlar</b>

Məlum olduğu kimi, martın 28-də Saatlıda prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib.

Dövlət başçısı müşavirədə çıxış edərək pambıqçılığın inkişafı ilə bağlı məsələlərə toxunub, bu istiqamətdə işlərin ardıcıl və sürətli aparılmasıyla bağlı mühüm tapşırıqlarını verib.

İlham Əliyev qeyd edib ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır: "Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük.  Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülübdür. Rayonun infrastrukturu tamamilə yenidən qurulubdur. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir".

Prezident bildirib ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var: "Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişdik. Bunun bir neçə səbəbi var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Burada əyləşən vətəndaşlar, yoldaşlar bilirlər ki, pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik. Digər tərəfdən, biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik. Çünki Sovet vaxtında ümumittifaq sənaye-iqtisadi kompleksi mövcud idi, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük inkişaf edirdi, meyvə-tərəvəz istehsalı artırdı. Ancaq biz ərzaq məhsullarını başqa respublikalardan - Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik. Yəni, böyük bir asılılıq mövcud idi. Ona görə biz ilk növbədə çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik. Bu gün biz özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə təxminən 80-90 faiz təmin edirik. Sovet dövründə bu, belə deyildi, biz tam asılı vəziyyətdə idik. Müstəqillik dövründə Azərbaycanda meyvə-tərəvəz istehsalı bir neçə dəfə artıb və bu, bizim üçün böyük ixrac potensialıdır, böyük ixrac imkanlarımızdır. Ona görə biz daha çox ərzaq təhlükəsizliyi məsələlərinə diqqət göstərirdik. Texniki bitkilər - pambıqçılıq, tütünçülük, baramaçılıq isə bir qədər diqqətdən kənarda qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri itirirdik. Onu da açıq deməliyəm ki, pambıqçılığa dövlət dəstəyi çox zəif idi".

Ölkə başçısı hesab edir ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub: "2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik".

"Made in Azerbaijan" brendinin artıq dünyaya yayıldığını deyən prezident bildirib ki, yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət missiyaları fəaliyyətə başlayacaq. Bu mənada, sahibkarlar daha da fəal olmağa çağıran ölkə başçısı bildirib ki, iş adamları öz məhsullarını təbliğ etməlidirlər.

Prezident İlham Əliyevin sədrliyi ilə baş tutan müşavirəylə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilmiş respublika müşavirəsi və müşavirədə Prezident İlham Əliyevin çıxışı ölkədə pambıqçılığın inkişafına çox böyük təkan verəcək. O, "Trend"ə bildirib ki, prezident müşavirədə pambıqçılıq sahəsində qazanılan nailiyyətləri təhlil edib, həm də qarşıda duran vəzifələri müəyyənləşdirib.

Deputat qeyd edib ki, Azərbaycan iqtisadiyyatında pambıqçılıq mühüm yer tutur: "Pambıqçılıq sahəsində məhsuldarlığın artırılmasına diqqət yetirilməli, bu sahə inkişaf etdirilməlidir. Pambıqçılıq iqtisadi sahə olmaqla yanaşı, həm də minlərlə insanın iş yeridir. Pambıq eyni zamanda, ölkəyə valyuta gətirən məhsuldur".

T.Rzayev vurğulayıb ki, Azərbaycanda pambıqçılığın inkişafı üçün yaxşı potensial var: "Suvarma texnologiyaları yaxşılaşdırılıb, ölkədə sahibkarlığa şərait yaradılıb, texnika gətirilib, gübrələr və toxumların gətiriliməsində və digər məsələlərdə sahibkarlara köməklik göstərilir".

Deputat onu da qeyd edib ki, pambıqçılığın inkişafı digər sahələrin də inkişafına təkandır: "Pambıqçılığın inkişafı toxuculuq, emal sənayesinin inkişafı, digər fabriklərin yaradılması və inkişaf etdirilməsinə zəmin yaradır. Artıq Azərbaycanda bu istiqamətdə işlərə başlanılıb. Ölkədə yeni müəssisələr tikilir. Bu müəssisələrdə minlərlə insan yeni iş yerləri ilə təmin ediləcək. Bütün bunlar isə ölkədə sosial rifahın inkişafına təkan olacaq".

Siyasi ekspert Bəhruz Quliyev isə qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, prezidenti isə xalq seçir. O, SİA-ya bildirib ki, prezident daxili və xarici siyasətində xalqın maraqlarından çıxış edərək, fəaliyyətinin əsas istiqamətini xalqın daha firavan yaşamasına yönəldir:
 
"Dövlətin apardığı siyasətin təməlində xalq-iqtidar birliyinin möhkəmləndirilməsi amili dayanır. Əlbəttə, ölkəmizdə mövcud olan çoxsaylı inkişaf faktorları var və onlardan biri də kənd təsərrüfatı, eyni zamanda pambıqçılıq sahəsidir. Hətta bu sahə ənənəvi tarixə malik olub. Ancaq bütövlükdə biz, ölkə başçısının çıxışlarından da belə nəticəyə gəlirik ki, o, əsas olaraq prioriteti kənd təsərrüfatı da daxil olmaqla, qeyri-neft sektoruna yönəltməkdədir. Burada isə insan amili əsas rol alır. İstər sahibkarlar, istərsə də sahibkarlara məxsus müəssisələrdə işlə təmin olunan vətəndaşlarımız dövlətin qayğısını hər zaman öz üzərlərində hiss edirlər. Əgər bu gün Azərbaycanda dövlət sahibkarlara kömək göstərirsə, Azərbaycan prezidenti sahibkarlara siyasi dəstək verirsə, onlarla görüşür və problemlərinin həllinə çalışırsa, artıq bunun özü xalq-iqtidar vəhdətinin göstəricisi kimi qiymətləndirilə bilər".

B.Quliyev prezident İlham Əliyevin daha bir mühüm fikrini şərh edərək deyib ki, ölkə başçısı çıxışında pambıqçılığın inkişafının məşğulluğun artırılması və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparıldığını da vurğulayıb:

"Yəni, İlham Əliyev burada məhz xalqın sosial rifah halını düşünərək, pambıqçılığın inkişafını sosial layihə kimi inkişaf etdirməyi qarşıya məqsəd kimi qoymaqdadır. Söz yox ki, sağlam düşüncəli xalq, ictimai rəy anlayır və qəbul edir ki, dövlət hər zaman onun yanındadır. Ona görə də daim xalqın yanında olan dövlət bu məsələdə xalq-hakimiyyət birliyini daha da möhkəmləndirmiş olur. Ümumiyyətlə, Azərbaycanda yürüdülən bu siyasi model həm də vətəndaşın təhlükəsizliyinin təminatında uğurlu nəticələrini verməkdədir.

Artıq Azərbaycan modeli beynəlxalq aləmdə bir siyasi-iqtisadi brendə çevrilib. Hətta öz müşahidələrim kontekstində çıxış edərək, onu da deyərdim ki, xarici ölkələrin bir çoxu bu kimi siyasi modeldən bəhrələnmək üçün ölkəmizdən örnək götürməyə çalışır. Baxın, dünyada cərəyan edən qlobal böhranlar, siyasi-iqtisadi tənəzzüllər baş verərkən, Azərbaycanda sözügedən birliyin mövcudluğu nümunə rolunu oynamaqdadır. Dövlət həm ölkə vətəndaşının təhlükəsizliyini qorumasını təmin edir, həm vətəndaş həmrəyliyini möhkəmləndirir, həm də sosial-iqtisadi inkişafla bağlı regionların inkişafını sürətləndirir, xalqın yaşam səviyyəsinin yüksəlməsi üçün uğurlu siyasət yürüdür. Ona görə də, xalq-iqtidar birliyi ölkənin uğurlu inkişafını şərtləndirən əsas amil kimi qiymətləndirilməkdədir. Əlbəttə, belə davam edərsə, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, dayanıqlı inkişafı təmin edəcək. Bu, prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin, uğurlu işin real və məntiqi nəticələridir".

Ceyhun ABASOV

 





31.03.2017    çap et  çap et