525.Az

Dövlət kənd təsərrüfatı və sənayenin inkişafına əlverişli şərait yaradıb


 

“QARŞIYA QOYULAN TAPŞIRIQLARIN İCRASI AZƏRBAYCANIN İNKİŞAFINI SÜRƏTLƏNDİRƏCƏK, VƏTƏNDAŞLARIMIZ DAHA YAXŞI YAŞAYACAQ, İQTİSADİYYATIMIZ DAYANIQLI OLACAQ”

Dövlət kənd təsərrüfatı və sənayenin inkişafına əlverişli şərait yaradıb<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, martın 28-də Saatlıda prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Müşavirədə Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək ölkədə pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən işlər, bu sahəyə dövlət dəstəyinin artırılması, eyni zamanda, kənd təsərrüfatı, sənaye, üzümçülük və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə bağlı konkret təkliflər irəli sürüb, bu istiqamətdə işlərin ardıcıl və sürətli aparılmasıyla bağlı mühüm tapşırıqlarını verib.

Dövlət başçısı qeyd edib ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır: “Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük.  Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülübdür. Rayonun infrastrukturu tamamilə yenidən qurulubdur. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlarına fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir”.

Prezident bildirib ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var: “Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişdik. Bunun bir neçə səbəbi var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Burada əyləşən vətəndaşlar, yoldaşlar bilirlər ki, pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik. Digər tərəfdən, biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik. Çünki sovet vaxtında ümumittifaq sənaye-iqtisadi kompleksi mövcud idi, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük inkişaf edirdi, meyvə-tərəvəz istehsalı artırdı. Ancaq biz ərzaq məhsullarını başqa respublikalardan - Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik. Yəni, böyük bir asılılıq mövcud idi. Ona görə biz ilk növbədə çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik. Bu gün biz özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə təxminən 80-90 faiz təmin edirik. Sovet dövründə bu, belə deyildi, biz tam asılı vəziyyətdə idik. Müstəqillik dövründə Azərbaycanda meyvə-tərəvəz istehsalı bir neçə dəfə artıb və bu, bizim üçün böyük ixrac potensialıdır, böyük ixrac imkanlarımızdır. Ona görə biz daha çox ərzaq təhlükəsizliyi məsələlərinə diqqət göstərirdik. Texniki bitkilər - pambıqçılıq, tütünçülük, baramaçılıq isə bir qədər diqqətdən kənarda qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri itirirdik. Onu da açıq deməliyəm ki, pambıqçılığa dövlət dəstəyi çox zəif idi”.

Ölkə başçısı hesab edir ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub: “2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik”.

Prezidentin sədrliyi ilə baş tutan müşavirə ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Rüfət Quliyev qeyd edib ki, Azərbaycan artıq özünün iqtisadi siyasətini konseptual formada qeyri-neft sektorunun inkişafı üzərində qurub. O, “Trend”ə bildirib ki, prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib: “Qeyri-neft sektorunda əsas diqqət ixracyönümlü məhsulların istehsalına yönəlməlidir ki, bu məhsullar “Made in Azerbaijan” brendi ilə xaricə çıxarılsın və ölkəmizə valyuta gəlsin. Bu gün Azərbaycan məhsulları dünyanın 60-dan çox ölkəsinə ixrac edilir. Artıq Azərbaycan öz milli brendləri ilə də dünyada tanınır, etibarlı tərəfdaşa çevrilib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını qeyri-neft sektoru hesabına qurub inkişaf etdirə bilər. Qeyri-neft sektorunun inkişafı iqtisadi məsələ olmaqla yanaşı, eyni zamanda sosial yönümlü məsələdir. Bu sektorun inkişafı yeni iş yerlərinin açılmasına səbəb olur, insanların məşğulluğu artır, sosial vəziyyətləri yaxşılaşır”.

Deputat vurğulayıb ki, vaxtilə üzümçülük, toxumçuluq, pambıqçılıq və digər bu kimi sahələr Azərbaycanda ənənəvi sahələr olub: “Azərbaycan yenidən bu sahələrin inkişafına böyük diqqət ayırır. Aydındır ki, onlar həmişə gəlirli sahələr olub. Üzümçülük, toxumçuluq, pambıqçılıq sahələrinin inkişafı digər sektorların, o cümlədən emal, toxuculuq sənayesinin inkişafına da şərait yaradır”.

R.Quliyev qeyd edib ki, qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılıb: “Sahibkarlar da fəal olmalıdır, yaradılmış imkanlardan maksimum yararlanmalı, bu sahələrin inkişafında yaxından iştirak etməlidirlər”.

Deputat Azər Badamov isə qeyd edib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir və bu istiqamətdə uğurlu nəticələr əldə olunur. O, SİA-ya bildirib ki, bu uğurların əldə olunmasının təməlində regionların sosial-iqtisadi inkişafı dayanır: “Məhz bu illər ərzində regionlarda icra olunan bir çox sosial layihələr bu gün regionlarda kənd təsərrüfatının və sənayenin inkişafına əlverişli şərait yaradıb”.

Deputatın sözlərinə görə, yeni su anbarların və suvarma sistemlərin tikilməsi, yol infrastrukturunun yenidən qurulması, enerji stansiyaların və nəql xətlərin müasirləşməsi, yeni texnikaların alınması və sair icra olunması, regionlarda pambıqçılığın, baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına təkan verib: “Bu, həm də ölkədə işsizlik probleminin birdəfəlik həll olunması üçün yeni imkanlardır. Prezidentin qeyd etdiyi kimi, pambıqçılığın inkişaf etdirilməsi hər şeydən əvvəl sosial layihədir, sonra iqtisadi. Əgər 100 minlərlə insan pambıqçılıqla məşğul olaraq evinə qazanc apara bilirsə, bu, insanların güzəranının yaxşılaşmasına xidmət etmək deməkdir. Müşavirədə ölkə başçısı qeyd edib ki, yeni təşəbbüslər və islahatlar dayanıqlı inkişafı təmin edəcək. Burada əlavə torpaq sahələrin dövriyyəyə buraxılması, pivot sitemlərin ölkədə istehsalı, pestisitlər və dərmanların istehsalı, peşə məktəblərin genişləndirilməsi və kadrların hazırlanması, yüngül sənayenin inkişaf etdirilməsi və pambığın son məhsulunu ixrac etməyi, yeni bazarlara çıxışının təmin olunması və başqa islahatların aparılması nəzərdə tutulub. Düşünürəm ki, bütün bu işlərin icrası Azərbaycanın inkişafını sürətləndirəcək, vətəndaşlarımız daha yaxşı yaşayacaq, iqtisadiyyatımız dayanıqlı olacaq”.

Ceyhun ABASOV

 





01.04.2017    çap et  çap et