525.Az

Bir “körpü”nün həqiqətləri


 

SƏYYAD ARANIN “SANDIQDA QALAN MUŞTULUQ” HEKAYƏLƏR TOPLUSU ÜZƏRİNƏ

Bir “körpü”nün həqiqətləri<b style="color:red"></b>

Səyyad Aranla ədəbiyyata bir vaxtda gəlmişik; intəhası, o – Yazıçı kimi, mən isə Oxucu kimi. Yəni: onun ilk (və uğurlu!) hekayələr kitabı “Körpü” 1983-cü ildə çapdan çıxırkən, mən Universitetin filolojisini təzəcə bitirirdim və yetkin Oxucu demək olardı artıq mənə. O göy rəngli, yığcam formatda, “Müəllifin ilk kitabı” seriyasından Səyyad Salahlı imzasını da elə o vaxtlar cızmışdım “tənqid dəftərçəm”ə...

“Körpü” adında və eyni adlı hekayədə (1979) bir rəmzilik də vardı; baxmayaraq ki, o zaman 24 – 30 yaş arası hekayələr müəllifi gerçək həyat mənzərələrinə daha həssas idi, olanların təfərrüatlı təsvirinə son dərəcə təşnə görünürdü. Əhvalat belədir ki: kəndin “böyüyü”nün əmri ilə köhnə körpü bir qaldırıma sökülür, təzəsinin qurulacağı vədi ilə. Camaat, o tərəf – bu tərəf, uşağı-məktəblisi, gənci-yeniyetməsi, yolda və gözü yolda olanı narazı-naəlac-səksəkədə qalır... Gözünə döndüyüm Əsəd qəfil, xəbərsiz, köhnə “hay-hayı gedib vay-vayı qalmış qır maşını” ilə gəlib arxa düşür, iki tay arasında təbii körpü “qurur”. Və həmən bu sınıq-salxaq kuzovdan keçib, hamı, hər kəs həyatına davam edir...

Səyyad Salahlı da “Körpü”dən keçib yazıçı oldu, Səyyad Aran oldu (1996-cı ildə çıxmış “Soyuq günəş” kitabında artıq bu imza dururdu). Həmən o “gerçəklərə təşnəliklə” daha da uzaqlara getdi, ictimai-siyasi xadim oldu, millət vəkili oldu, Vətəni uzaqlıqda təmsil edən konsul oldu... Bir müddət və sonra tamlıqda onu Ədəbiyyat üfüqlərində itirdim; belədir, həyat həmişə daha zordur... Təzəlikcə, Səyyad Aranın “Sandıqda qalan muştuluq” hekayələrdən ibarət bütöv bir kitabını (Bakı, “Qanun”, 2012; 276 səhifə!) görəndə, bilmirəm niyə, yaman sevindim. Hekayələrdən birincisinin altında: 1976, sonuncusunda isə “2012, iyul” tarixi dururdu! Bəlkə ona görə ki, yanıldığımıza rəğmən: bəs müstəqillikdən beləsinə Ədəbiyyatımızda böyük bir zaman boşluğu var... – o (Ədəbiyyat) bu və ya digər Fərdiyyətlərdən qayıdıb da yerini tutmada...

lll

Yalan sözdür ki: guya Səyyad Aranın hekayələrində Zaman, “zaman təyinatı” yoxdur. Bəs o halda burdakı “təfərrüatlı təsvir”in ləzzətləri necə olsun; o sıradan “Kommunal Təsərrüfatı İdarəsi”, “koptorq” (kooperativ ticarət), kolxoz (kollektiv təsərrüfat), “Kolxozun İdarə Heyəti”, “Taara bazası idarəsi” və s. kimi ani məfhumları nə təhər tərcümə edək müasir oxucuya; ilk hekayələrində “universam”dan (“Küdrü”) sonda “supermarket”əcən gəlişən Zamanın izləri-ləpirlərinə nə deyək: “Gedək marketimə. Birdən deyərsən ki, tripaçlıq edib market deyir, mağaza demir. Mağazalar sovet dövründə olurdu, özü də məhdud və konkret təyinatla. Amma məndə quş südü də istəsən, taparsan...” (“Dərs”). Çox şey “sovet dövrü”ndə qaldı, bəli; və əslində, yazıçının “sandıqdan çıxan” hekayələrinin önəmi-effekti də elə bunda: bizə qalıb-qalmayanları “muştuluqlaya” bilməsindədir. O ayrı söhbət ki: İnsan elə bütün cəmiyyətlərdə İnsandır; və sənətin də missiyası – İnsan içindən boy verib görünən həqiqətlərə bələdçilik etmək...

Bu ki: Səyyad Aranın hekayələrində, əksinə, kəskin zaman hissi var. Ucundan tutub, həmin bu ap-adi əhvalatlarda böyük bir ölkənin çökməsi tarixçəsini, milli cəmiyyət həyatında metastazlarını, ardıyca gətirdiyi insan faciələrini izləmək olur. Bu baxımdan “Küdrüdə tennis oyunu” toplu(m)da yeganə hekayədir ki, hələ nikbin ovqata köklənib. Hələ 1976-cı ildir, Sevgi dolu bir ailənin xoşbəxt olmaq haqqı və sərgüzəştlərindən söz açır hekayə: necə Sədəf xanım əri Samirin uyduğu, univermağın təzə müdiri “Mil ceyranı” Cilayəni ağlı və hünəriylə məğlub edib, əlinə su tökməyə vadar edir. Və oxucu omonimdən məmnun qalır: “əlinə su tökməyə” layiqdir də!

Amma elə buradaca sosial bərabərsizlik mühitinin doğurduğu xəstə ab-hava da aşkar, detallarda yuva salmış: “Bağça uşaqları “əli ətəyimin altındadır” sözlərini tamamilə anlamasalar da, qaravayına başa düşdülər ki, avtoinspektorun Vüqarın atasına işi düşür...”; “Açılıb-qatlanan yumşaq stulda, gözədəyən yerdə əyləşmiş “koptorq” Eldarın zər-zibalı arvadı elə bil toya gəlmişdi...”; “Başqa şeylər də eşitmişdi: ...Filankəs ölmür-utanmır, filankəsə qoşulub yeyib-içməyə gedir; Bəhmənkəsin toyu siftə Küdrüdə olub və s. və i.” – kəndin bəhsabəhs dolu mənəvi atmosferini təqdim edir.

Doğrudur, bu dəfə Sevgi, mehr-ülfət, saf mənəviyyat qalib gəlir. Amma həmişə və hər kəs üçün belə olmur; xəstə toplumda sağlam həyat sevincləri yaşamaq heç də mümkün deyil. “Bayramdan bir gün qabaq” (1976) Əsədin ailəsinin keçirə bilmədiyi xoş bayram-axşamısı kimi. Bu həmən Əsəddir ki: qır maşını, hamının şəbədə qoşduğu “traxtır”ı həm də elə dağılıb-gedən quruluşu simvolizə edir. Qadını Nəzifənin etirazları, uşaqlarının şadyanalığına göz yumub, müdirin tapşırığı ilə soyuq dekabr günündə qır dalınca Bayıla yola düşən Əsəd, sarsılmış, zəmanə və yoldan ötən harın insanlar (mazuta bulaşmış maşın sahibləri) tərəfindən döyülmüş, çarəsiz bayramı elə yoldaca keçirməli olur: “Sonra düz-dünya başına hərlənə-hərlənə aşağı düşdü, kapotu qaldırdı və məlum oldu ki, ilişmə muftası qırılıb. Geri dönəndə gördü ki, arxasınca elektrik məftili yoğunluğunda mazut şırnağı uzanıb gəlir...”

İnsafən, amma müdiri də qınayası deyil; bir yandan “yoldaş Xalıqzadənin dos-doğma bacısı oğlu”nu iş dalınca buyura bilmir, gümanı Əsədə gəlir; digər tərəfdən: “Müqaviləyə görə dünən xəstəxananın bütün qızdırıcıları işləməliydi. Səhərdən axşamacan baş həkimlə çənə-boğazda... Bu gün də yanmasa, aləm qarışacaq bir-birinə. Demaqoq oğlu ikimizi də çəkəcək raykoma...” dərdi. Məsələ dağılıb-gedən ictimai sistemin özündədir...

Həmincə xəstə mühit, mənəvi deqradə dünyası “Məzahim kişinin bu il onuncunu bitirmiş oğlu Ziyahim”in həyatına, çox qəribədir ki, dünyanın gözdən uzaq, üzdən iraq bir yerində, “mal nobatı” zamanı girir (“Ziyahimin peşmançılığı”, 1980). Yenə də detallara sığınmış: bir yanda dükançı Qasımın oğlu və şəhərdən gəlmə Bəbirə xas dördfara “Jiquli”li, “Vesna” maqnitofonlu, qara eynəkli, qızlı-aşnalı, həsiri basma dolan gəl, “Dünyaya gəldik bir kərə...” deyə balıq kimi sürüşüb əldən çıxan, sürtük, zatıqırıq, maddiyyat aləminin sehrli cazibəsi; digər yanda saf, sadəzəmir Ziyahimin əliyalın, çılpaq mərdlik illüziyası: “İçi göynədi. Yana-yana hönkürdü. Başını əlləri ilə tutub “niyə?”, “niyə?” deyərək inildəyirdi. Ağladıqca səhərdən içinə yığılıb qalmış dilxorçuluq, yorğunluq, üzücü günün ağırlığı göz yaşları formasında canından çıxır, nisbətən yüngülləşirdi...”

“Əfəl”də (1978) “xəstə mühit”i – sədrin dəbdəbəyə aludə ailəsi, dörd ətrafı; bu saxtalığa, bərbəzəyə üsyanı isə şəhərdən gəlmiş balaca bacısı qızı Ülkər təmsil edir. Uşaq dünyası saflığa tamarzıdır; bütün kəndin məzə yerinə, “zarafat selbəsi”nə çevirdiyi dəli İbişin saf, təmiz, insani duyğuları yalnız “İlkər”in təmənnasız, səmimi ülfəti sayəsində oyanır və elə buradaca “xəstə mühit” tərəfindən tapdanır, təhqir olunur: “-İlkər, ay İlkər!.. Hardasan? Sabah ora gələssən?.. / Qarnı üstə hasarın başına sərələnib için-için ağladı. Göz yaşları yanaqlarından süzülüb istidən təndir kimi qızmış daşların üstünə düşürdü: “Cızzz!” “Cızzz!..”

“Ay Simurq quşu” hekayəsində də (1988) böyüklərin saxta, ikiüzlü, sırf pul münasibətləri üzərində qurulmuş dünyası “uşaq prizması”ndan ifşa olunur. Baratın qaynı dükançı Qasım “ilişdiyindən”, yeniyetmə oğlunu da götürüb “uzaq qohumu, karlı yerdə işləyən” Əlişin görüşünə Bakıya gəlir. “Qasım Baratı göndərmişdi ki, Əliş orada lazımi adamlara saqqal tərpətsin, dil bulasın. Sonra Qasım durub, Əliş durub da! Avans üçün bir çamadan pay-püş, bir də qədərini heç Baratın özünün də bilmədiyi, yapışqanla dörd bir tərəfdən suvanmış zərflə qəttəzə əskinaz göndərmişdi...” Hadisələr hələ ana uşağı olan, bərkə-boşa düşməmiş oğlanın nəzərindən nəql olunur; tanımadığı uzaq qohum qarşısında atasının əyilməyi, onu “nökərindi” deyə təqdim etməsi, hələ fürsətdən istifadə edib guya oğulun gələcək instituta girmək məsələsini də həll etməsi, üstəlik bütün bunlara Əlişin oğlu Sahibin də şahid olması ( “-Qorxma, alə, papam hər şeyi cağbacağ düzəldəcey. Belə şeylər papamın əlində bir stəkan çexski pivədi./ ... –Mənim atamın heç bir işi-zadı yoxdur./ –Bəs onda nöş belə yalvarır?..”) – atanın üzünə qayıdan oğulun həyatda ilk yediyi mənəvi zərbə olur: “-Kəs, kopoyoğlu!/ Barat qolaylanıb oğluna bir sillə çəkdi. Oğlan irəli-geri valay vurdu... Yaşlı gözlərinin dumanı arxasından gördü ki, küçədən keçən bir neçə adam atasını ortalığa alıb təhdidlə ona nəsə deyirlər...”

lll

S.Aranın hekayələrində bir qayda: ağlayan qəhrəmanlara heç əbəs diqqət çəkmirəm. İstər uşaq, yeniyetmə nəzərlərindən, ya da cəmiyyətin bu və ya digər məqamda incitdiyi insanların taleyində olsun, yazıçının özünün diqqəti hər yerdə məhz buna – “ağladan” sosial mühit mənzərələri, “qayğıları”nadır. Həm də zamanla bu ab-hava daha da qatılaşır, sabiq cəmiyyətin sanki son, ölüm əsəri-əlamətlərindən xəbər verir: “Nağı toz-torpağın içində – əzabdanmı, ağrıdanmı, Allah xofundanmı – eşim-eşim eşələnirdi. Elektrik plitəsinin üstündəki çaynik çatdayıb çilik-çilik olmuşdu. Köşk od almışdı. Çırtaçırt yanırdı. Alov yeşiklərə tərəf gəlirdi...” 1988-ci ildə qələmə alınmış “Brak” hekayəsinin sonluğu belə bitir..

Hekayənin əvvəlində də bir gərginlik, ictimai ajiotaj, məcazi “yanmaqlıq” havası varsa da, bəs: “Taara bazası idarəsi müdirinin günü bu yay qara gəlmişdi. Yolun harasındasa yeşik taxtaları gətirən vaqonun “təkəri deşilmişdi”. Hamı “yanırdı”: idarə də, sifarişçilər də, qapısında tonlarla pomidoru gözgörəti tələf olan icarədarlar, kəndlilər də. Camaatın əli göydə idi...” – bütünlükdə xoş, işgüzar, hətta zarafat ovqatında gəlişən əhvalat heç də bəd sonluq vəd eləmir. Belə ki, vaqon da gəlib çıxır, taara bazasında şıdırğı iş də başlayır; ara yerdə, müdiriyyətin iş etibar etdiyi Nağı “uşaq-muşaqdan sezon briqadaları” yaradıb, 20 qəpikdən yeşik tədarük etməklə qaz vurub qazan doldurur, qəsdən “brak”a çıxarmaqla (çıxdaş etməklə) hər fəhlənin halal zəhmət haqqından filan qədər kəsir də. Amma bütün bunlar “yanmaqda olan” cəmiyyətin üzünə çəkilən bir pərdədir, bircə detal bəs edir ki, yırtıla... İşləyənlər içərisində bir yeniyetmə qız uşağı da var; dükanda gördüyü 20 manatlıq donu almaq üçün durmadan çalışır, “barama qurdu kimi dörd bir yanını yeşiklərdən hörür”... Bax, həmin bu əzmi-istəyi “brak”a çıxarmaq Nağı üçün bir müşkülə dönür; və qara nəfsindən xaniman od tutub-yanmağa başlayır...

S.Aranın daha bir hekayəsində münaqişənin sonu təsadüfi yanğınla nəticələnir – “İlin axır çərşənbəsi”ndə (1984). Səbəblər ayrıdır sanki; Zalxabəyim “üçüncü uşaq üstündə tələf olmuş” gəlininin qırxı çıxmamış, Ayna arvaddan “dədə-baba adəti ilə Səbinəni Sərvinazın yerinə istəyir”. Bu, ailələr arasında narazılığa, soyuqluğa gətirib-çıxarır, Zalxabəyim az qala dəlilik həddinə gəlib-çatmış Ayna arvadı iki nəvəsinin üzünə həsrət qoyur ... Amma digər hekayədə olduğu kimi, burda da yanğın son həddin, aşırı insan əməllərinin göstərisi, əlaməti kimi təzahür edir...

Yazıçının “son”u xəbər verən obraz-simvollarından daha biri – uyuq-müqəvvadır; eyniadlı hekayədə (“Uyuq”, 1988-1990) cəmiyyətin mənən yadlaşdırıb, sovurub-sovurub müqəvvaya çevirdiyi insan taleyindən söhbət gedir. “-İnsan kimi yaşamaq, fərli gün görmək istəyirəm. Yoxsa... Səhər naxıra, axşam axura. Həmin yol, həmin pambıq, gözümü açandan gördüyüm sədr...” – hekayənin qəhrəmanı Ziyad lap əvvəldən cəmiyyətdə yer tutmağın yolunu məlum-asan düsturda: “mən elə qız alacam ki...” həqiqətində görür, dəfə-dəfə buyruq qulu olarkən, başqalarının əli altında çalışarkən bunun başqa bir yolu olmadığına əminlik hasil edir. Nəticədə, böyük vəzifə sahibi Zeynalovun qızı Zərinəyə evlənir də, qaynanası Zinyət xanımın dediyi ilə oturub-durur da, əla vəzifəsi də olur, pul da yağır başından, ailəsi ilə birgə dünya səyahətinə çıxır, Fransada olur; “yaşıdlarının, tay-tuşlarının, o vaxt ona nökər yerinə “sil-süpür” işi gördürənlərin heç birində olmayan “Volqa”sı acığa göz deşir: “düdüklər, durun indi qabağımda” – qanad açıb uçmaq istəyir də: “Görün indi siz hardasız, mən hardayam!” Amma əvəzində... Bir zaman atasının istehzayla buyurduğu kimi, bəs: “adam olanda qayıdar”, günlərin bir günü, doğma yerlərə qayıdarkən, qarlı çölün düzündə uyuq misalı quruyub-qalır... Bu bir ömür, həyat tərzi deyil ki; bostan uyuğu qorxutmaq üçün olan bir müqəvvadır sadəcə, metaforanın açması dərin, ibrətamizdir: “Ağız-burun, qulaq – kim nə gəldi yapdığından, quraşdırdığından əcaib bir şey alınmışdı...”

lll

Səyyad Aranın hekayələrində Zamandan da, zəmanədən də üstdə duran İnsandır, – dedik. “Qeybullanın qazancı” hekayəsində (2000-2001) Zaman sanki başqa zamandır; əzilən, zəmanədən-dövrandan barına bilməyib zülm görən fərd-İnsan isə həmən olaraq qalır. Fəvvarələr bağında fotoqraf kimi çalışan Balağa və onun naturaçı – Şaxta baba kimi çalışdırdığı Qeybulla bir qarın çörəyin əsiridirlər. Yaxşı qazanc üçün təbiətdən qar diləyən qəhrəmanlar eləcə saf təbiətlərinə bənzər qarın da qurbanı olurlar; yorğunluq və soyuqdan Şaxta baba – Qeybulla oturduğu skamyadaca qar adama dönüb, donur: “Kənardan baxan görüntüsündən bilərdi ki, get-gedə yumrulaşan qar topası hər halda bəni-adəmdir, daha uşaqların düzəltdiyi müqəvva-filan deyil...” Hekayənin acı pritçası aydındır: bir zamanlar cəmiyyət İnsanı mənən sümürüb uyuğa-müqəvvaya çevirirdisə, indi o, (İnsan!) maddi-sosial çətinliklər, dolanışıq ucbatından elə canlı müqəvva timsalıdır ki, durubdur...

Nədən belədir? – təzadlar, təzadlı mənzərələr üzərində düşündürməklə yazıçı bu suala cavab axtarır. Hələ 1991-ci ildə qələmə aldığı “Qətl” hekayəsində qanlı yanvar gecəsindən tükürpədici bir səhnənin yaxından, bütün vəhşəti ilə təsvirilə o, bir qələm sahibi olaraq, müstəqilliyin bizə necə baha başa gəldiyini təsbit etmişdir. Uşaq marağıyla “Azadlıq səngəri”ndə duran böyük qardaşları Ağaismayılın yanından uzaqlaşmaq istəməyən Ağababa və Atababa son halda qanlarına qəltan olurlar; “ləhcəsindən rusa oxşamayan saqqallı əsgərlər” İnsanlığa zidd, amansız cinayətlərindən iz-şahid saxlamamağa çalışırlar. Şahid isə vardır: “İsti qan soyuq yanvar gecəsində buğlanırdı. Ağacların, yarpaqların, daşların gözləri önündə möcüzə baş verirdi. Dan yeri ağardıqca asfalt başdan-başa qırmızı güllərə bələnirdi. Birisi gün bunları dərib şəhidlərin qəbri üstünə səpəcəkdilər...”

Bəs nədən Müstəqilliyin özü, Azadlığını qazanıb da sanki firavan həyata qovuşmuş milli cəmiyyət başdan-başa təzadlı mənzərələrlə doludur? – “Dərs” hekayəsinin (2011, noyabr) qəhrəmanı Mürsəl üstündən 20 il ötəndən belə yenə eyni dilemma qarşısındadır: “Həyat: dünən və sabah...” Daimi opponenti, “məktəb yoldaşı, sonra iki il fərqlə tələbə dostu, İqtisad İnstitutunun qiyabiçisi, vaxtilə “əks cəbhənin nümayəndəsi”, indi eşitdiyinə görə, tanınmış tacir, mədəni dildə desək, biznesmen” Səttar “taxtdan düşmüş” İqtidara həyat fəlsəfəsi öyrədir: “Bilirsən, sənin də, oturub-durduqlarının da ən böyük səhvi ondadır ki, elə bilirsiniz, həyat yalnız bu gündən ibarətdir. Xeyr, əziz sinif arkadaşım, həyat daha çox sabahlardan ibarətdir. Yaşadığımız hər gün saat 12-dən sonra tarixdir, dünəndir. Sabahlar isə naməlum və qorxuncdur. Nə sürpriz hazırlanacağı yaradandan başqa heç kəsə məlum deyil...” Eləcə dilemmanı ürəyinin ağrı verən çatlarında heç cür çözə bilməyən qəhrəman həyatı ilə üzülüşməli olur: “...O imtahana, o məhşər gününə hazırsanmı?”

lll

Vaqif Yusiflinin Səyyad Aran nəsri barədə dəqiq müşahidələri var: “...onun təsvir etdiyi kənd çağdaş Azərbaycan nəsrində məxsusi koloriti, adət-ənənələrinin, insan xarakterlərinin canlı sərgisi ilə seçilir. Bu kəndin konkret bir adı, ünvanı olmasa da, təsvirlərin hədəfindən, detalların konkretliyindən hiss edirsən ki, bura Aran kəndidir”. Ümumən, Səyyad Aranın “kənd hekayələri”nin aurasında Aran torpağının istisi, insanlarının istiqanlığı aşkardır. Həm də bu halda məsələ heç də ideya-məzmunda, xarakterlərin pozitiv, ya neqativ mündəricəsində deyildir. Hər bir Azərbaycan kəndi kimi, burda da icmadaxili münasibətlər, sosial mühitin rəngləri, insanlar-fərdlər arasında qohumluq-qonşuluq, dostluq-hampaçılıq, şadlıq-yadlıq notları-çalarları həyat yüklüdür. Hətta “mənfisi-müsbəti” ilə bir çox hekayələrdən keçən “daimi” personajlar da var: dükançı Qasım və onun İdbar oğlu, Qeysər müəllim, sürücü Əsəd, Təhməz kişi, sədr Həmid və sürücüsü Vəliş kimi... – hər biri nəsi-necəsi-kimliyiylə xarakterində sabit, yerində möhkəmdirlər. “İstilik” bu auraya həyatdan, həyatın mündəricəsindən, insanların nə baş verir-versin, hansı əməlin sahibi olurlarsa-olsunlar: yaşamaq həvəsi-ehtirası-mücadiləsindən sızır...

Və sanki Səyyad Aranın nasir qələmi də eləcə bu torpaqdan-həyatdan-mündəricədən, min illərin yaşam həqiqəti-müdrikliyindən gələn gücü-həzzi-əxlaqı yazmaq, bununla qürrələnmək üçün hesablanmışdır. Bir “Yay gecəsinin qəziyyəsi”ndə (1987) suçu Talıb kişinin pritçası kimi; “aylı-ulduzlu bir gecə”də “göyün üzündə ulduzlardan, sərin havadan savayı” bir şeyin olmadığı hündür talvarda Talıb kişi qəfil peyda olan gürzə ilə həyat-ölüm əlbəyaxasında məhz ona görə qalib olur ki: həyatında “ayağını qıdıqlayan bu ilıq su” var, “hərdən suyun ilıq və yuxu gətirən şırıltısı” var, həmən suyu “nəhəng suçəkən kimi bir anda canına çəkən torpaq” var, göydə ulduzlarla bəhsabəhsə girib hər dəfə “bir topa qaranlığın atasına od vuran kənd evlərinin işığı” var; zəhməti-cəfası ilə birgə bu dünyanın həm də əvəzsiz naz-neməti var: “Bu pendir. Bu da yəqin, səhər tezdən nehrədən çıxan yağdı. Bu da... bəh, bəh! Təzə təndir çörəyi! Ay sənə malım qurban, Saray!”. Ən nəhayət: həmin gecə yuxusunu qatışdırıb, sədrin də yuxusuna haram qatan, sürücü Vəlişlə onun harayına yetən Saray kimi qadını var... Adi əhvalatdır, amma məxsusi bir şövqlə gündəlik həyat mündəricəsi içrə sanki itib-batmış, “görünməyən” İnsanın gücünü danışır, nümayiş etdirir: “Səhər-səhər mal-qaranı naxıra ötürənlər sədrin Villisini görüb özlərini yığışdırır, üzlərinə xoş görkəm verərək salam verməyə hazırlaşırdılar. Amma Vəlişin yerində Talıb kişini, sədrin yerində isə Saray arvadı görüb gözləri bərələ qaldılar, bir də baxdılar, iki də baxdılar, amma gözlərinə inanmadılar...”

Yaxud “Külçə” hekayəsində (1980), torpaq yox yerdən qızıl yetirir; həm də əşhəddü-ehtiyacı olan, yurd yeri götürüb kümə salan cavan bir ailənin, dünyaya övlad gətirməyə hazırlaşan hamilə Çimnazın qarşısına çıxarır bunu. “Yox yer”i biz hekayə boyu görür, izləyirik: “Vasif narahat idi, ürəyi tez-tez vururdu. Çimnaz bunu apaydın hiss edirdi. Ərinin ona tanış və məhrəm iyinə torpaq iyi də qarışmışdı: Gör neçə vaxtdı əziyyət çəkir. Sağlam olanda nə olar... Allaha şükür, beş-üç manat qazancımız olur, qazanımız hər gün qaynayır, amma ev tikdirmək hasand iş döyül. Tutaq ki, min manat ata, min manat da qardaş əl tutdu. Axı bunnarnan başa gəlmir. Bunun taxtası var, şiferi var, hörgü pulu, rəng – azınnan beş yüz kilo, özü də gərək xarici olsun... Bir ətək yox, on ətək pul lazımdır”. Bununla belə, Çimnaz halal qismətini gizlicə “arıq çəlimsiz” qardaşı Qabilə tərk edir; bu səs ona ani, instinktiv, məhz icma-torpaq əxlaqı ilə gəlir: “kənddə elə arxalı, qollu-budaqlı nəsil deyildilər”, üstəlik atasız qalmaları, “analarının nə zülmlə onları ərsəyə çatdırması”... “Çimnaz qəti qərara gəlmişdi ki, külçə qardaşına çatmalıdı. Allah da belə məsləhət görər yəqin”.

lll

Səyyad Aranın qəhrəmanları, bir qayda, mənəviyyat sahibidirlər. Amma necə olursa, hər dəfə feyzindən çox, bunun bədəlini çəkməli olurlar. “Gül iyi” hekayəsinin (1982) qəhrəmanı Şahilə kimi; anasının ölümündən sonra iki balaca bacı-qardaşına analıq edən, dəmir-dümür ustası Zərgər Əlinin evinin dirəyi Şahilə az qala namərd Qasımın oğlunun güdazına gedə: “Yaxşı, ay it oğlu, köpək oğlu, meymun oğlu, nəyə gəlmisən? Kişi də papaqsız evə qədəm qoyarmı? Rədd ol xarabanıza. İndilərdə dədəmin gələn vaxtıdır...” Əslində, necə olur: hər şey mənəviyyatsızlıqdan başlanır; S.Aranın hekayələrində bu obrazın öz adı yoxdur, o eləcə harınlığın, qudurğanlığın, pul əxlaqının yetirməsi – Qasımın oğludur, sosial bəladır. Əgər Qasım kənddə hələ hər kəsin yerini, “hamının dilini bilir”sə, oğlunda hər şey əksinədir: Zərgər Əlinin başını maşınını düzəltməyə, yeyib-içməyə, aludəçisi olduğu arağa qatışdırıb, günün-günorta çağı evinə soxulur...

“-Axı mən köpəyoğlu nağayrım, başıma haranın daşını salım? Sən Həmid kişiyə min dəfə dedim ki, ora mənim yerim deyil, başqasına tapşır. Dedim, demədim?” – “Qarpız” hekayəsinin (1979) qəhrəmanı Təvəkkül qəfil düşdüyü gözlənilməz bəladan haray qoparır; sədrindən, sədrin qonaqlarından tutmuş, “əmioğlular, dayıoğlular, bibi nəvələri, atasının əmisi oğlunun xalası uşaqları və s. və i. a.” – kənd camaatının elliklə yediyi, iş-işdən keçəndən sonra isə “vaqonu doldurmaq üçün” dörd ton əskik qarpızın yerini doldurmaq üçün heç kəsin yaxın gəlmədiyinin bədəlini təklikdə çəkməli olur. Vicdanları sanki azca tərpənirsə də, son halda, himayəsində “üç uşaq, bir qoca ana, xəstə arvadı olan” qəhrəmanın köməyinə gələn olmur...

“Şeytanın qurbanı” hekayəsinin (1984) qəhrəmanı Təhməz kişinin mənəvi imtahanı daha ağır olur; çün bu – ətraf  aləmlə, mühitlə deyil, birbaşa iç mübarizəsidir. Təhməz kişinin sosial mühitlə işi çoxdan qurtarmışdır; üç oğul böyütmüş, yaxşı-pis, Bakıda, “rayonda hansı idarədəsə” və uzaq “rayonların hansındasa” bir işin-vəzifənin qulpundan yapışıb, yerlərini eləmişlər. Dürnisə arvad rəhmətə gedəndən sonra bu dünyada məhz Təhməz kişinin yeri tapılmır, nə oğullarının həyatında, nə də “öz ocağının başında, öz işığının altında”. Ani boşluqdan qonşu Töhfə arvad sanki Təhməz kişinin həyatını doldurmağa can atırsa da, amma Şeytana uyduğunu anşırıb, bacılığının ardınca o da dünyasını dəyişir; növbə Əzrayıla öc vermək istəməyən Təhməz kişiyə çatır: “...özü ilə bağlı xudanın sirrini ondan bir həftə əvvəl duymuşdu”.

lll

Səyyad Aranın hekayələri 1960-1980-ci illərə xas sosial-psixoloji nəsrin ən bariz, orijinal nümunələrindəndir. Bir qayda olaraq, ayrıca fərd ətrafında “qurulub”, qəhrəmanı gərgin psixoloji situasiyada haqlayır, amma məqalə boyu vurğuladığımız təki: həmin situasiyalar mütləqa sosial motivlənmiş olur. “Sandıqda qalan muştuluq” hekayəsinin (1986) qəhrəmanı Dünyamalı mühitin qurbanıdır; vaxtilə “bədxərcliyin, kefcilliyinin ucundan, hər yoldan ötənə “qurbandır!” deyib seçmə erkəkləri bir-bir səpələyəndə yıxmışdı dədəsinin evini. Bir də gözünü açıb gördü ki, fermada evdən gətirdiyi bir həsir qalıb, bir də qoca çoban Məmmədnəsir...” İndi budur, qəhrəman müddətini başa vurub, həbsxanadan doğma kəndinə qayıdır. Hekayə onu böyük sevinc, intizar ərəfəsində hədəfə almış; üç gün qabaqdan “dostlar”a, ayrı-ayrılıqda, adbaad beş teleqram vurmuş, qabağına çıxacaqlarını, anasını muştuluqlayacaqlarını gözləyir. Heyhat, Dünyamalının illüziyalarına rəğmən, kənd onu ağır sükutuyla “muştuluqlayır”; ta ki həyətlərində qəfil, üç “yetim” balası, anası və qadını qabağına çıxanacan. Və yalnız bu zaman qəhrəman hər növ ictimai məngənədən qurtulub, əsl azadlığın qoxusunu alır: “O ki var ağlayıb, ürəyini boşaltdı. Ağladıqca yüngülləşirdi, havası çoxalırdı...”

Amma Səyyad Aran hekayəçiliyinin sosial-psixoloji məxrəcində bir özəllik də var; belə ki: nə gəldi-gedər sosial rənglərə çox aludədir – onun hekayələrində bu, məcburi ictimai fondur; nə də fərdin-İnsanın uzun-uzadı iç özünü-təhlili, özünü-tanımasına –onun qəhrəmanları lap əvvəldən mənən süslənmiş olur, situasiyadan “yaranmır”, situasiyanı yaradırlar... Səyyad Aran hekayəçiliyi birmənalı olaraq mənəvi diskursa köklənib; cəmiyyətdə-mühitdə, ətraf atributika dünyasında məhz mənəvi olanın, mənəvi məqamın tərpəndiyi yerdən başlanır, büsbütün onu ifadə edərək Oxucunu ağrıdır-sevindirir-düşündürə bilir...

Bu mənada, əlbəttə, Səyyad Aran üçün mövzu plankası yoxdur. O hekayələrinin mövzu-süjet çeşidini (milli) mənəviyyat ərazilərinin sabitqədəm olduğu nöqtələrdən alır. Bu həməncə: torpaq-iş-zəhmət əxlaqıdır, bu – ailə-el-oba-qövmi dəyərlər, adət və gələnəklərdir, bu – kənd-icma-birgəlik məqamıdır (diqqət etsək, hekayələrində şenlik, toplantı, “bayramlar”a necə həssaslıq var!); ən nəhayət, bu – İnsan-şəxsiyyət amili, sevgi-ülfət-dostluq, çağdaş kommunikasiya-ünsiyyət dünyasında İnsan mövzusudur...

lll

Yaşar Qarayevin S.Aran nəsri haqqında maraqlı bir qeydi var, deyir: “Səyyad Aran... bədiiliyi maraqlı həyat hadisəsi hesabına deyil, adi həyat hadisəsini bədiiliyin, istedadın hesabına həm maraqlı, həm də ibrətamiz etmək bacarığı ilə diqqəti cəlb edir...” Yazıçının son hekayələrindən biri eləcə “Günün günorta çağı” (2012, aprel) adlanır və birbaşa Günün mənzərələrinə açılır. Reportajvari qurulmuş, sanki bədii oçerki xatırladan hekayədə Günümüzə dair nə istəsən informasion xülasəsi var: ölkənin inkişaf tempi də (“Allah verən payı sərf edirik abadlığımıza, yollarımıza, tikintilərimizə...”), “Avroviziya-2012” keçirən cəmiyyətin aşkar görünən mədəni boyartımı da (“Daa... Posledniye qodı azerbaydjantsı oçen vozvısilis...”), özgələrin gözgötürməzliyi fonunda gerçək ictimai geo-politika da (“Öz gözlərində tiri görmürlər, bizimkində tük axtarırlar. Biz sizin kimi özgə xalqlara xox gəlib dirsək göstərmirik ki!”), toplumun rifah halı (“Cürbəcür qiyafəli, müxtəlif fizionomiyaya malik adamlar idi ki, belədən-belə, elədən-elə normal, asta-asta, yüyürə-yüyürə, iti-iti,qaça-qaça, dabrıya-dabrıya yeriyirdilər, gedirdilər, qaçırdılar... ”), rahat-qane-patriotik duyğusallığı da...

Təbii, Səyyad Aran nəsrinin artıq bələd olduğumuz təhkiyə tərzi, detallaşdırma poetikası da buna tam rəvac verir: bir yanda Dənizkənarı Parka sevişməyə gəlmiş cavan qız-oğlan; o yanda “Bulvarın nərd oynayan daimi sakinlərindən biri Həsənağa” və oyundaşı Bəybala; onların qulağının çaldığı, internasionallaşmış Bakının (“Yenə də cürbəcür rəngdə insanlar keçib gedirdilər: ağ, qara, sarı, qəhvəyi, boz... Deyəsən, əksəriyyəti bulvara yaxın otellərdə qalanlar idi...”) iki əcnəbi qonağının söhbətləri; ailəlikcə parka istirahətə gəlmiş əlil Qoca, oğlu-gəlini-nəvəsi... və s. daha da təfərrüatlı çizgilər-ştrixlər...

Amma yox, bütün bu ürəkaçan mozaikanı bir yerə yığan heç də Vətənimin seyrinə çağırıram elləri! – deyə qürrələnmək istəyən sənədli qələm deyil; yenə də mənəvi diskursdur. Burda bir hekayə süjeti və daşıdığı mətləb var; cərəyan edən mənzərələr bu və ya digər personajın içindən, iç nəzərlərindən təhkiyə olunur. Skamyaya oturduqları dəmdən qızın ehtirası-coşqunluğu-şıltaqları oğlana nə qədər xoşdursa da, eyni qədər də bu açıq-saçıqlıq onu çimkindirir. Qarşı skamyadakı qınadıqları “heykəl” Qocanın kor olması üzə çıxırkən, bu mənəvi narahatlıq daha da artır, ürək ağrılarına keçir. Oğlanın da anasının ölümündən sonra, nə vaxtdır baş çəkmədiyi, “lap uşaq kimi inciyən, küsən” atası var, eynən bu Qoca kimi “hətta ağlayır da”...

Yazıçını bayaqdan bəri təsvir elədiyi Şəhərin isti mənzərələri fonunda insanların bir-birinə qarşı soyuqluğu-biganələyi, hətta açıq bir acıqla mənəviyyatsız davranışı heç də qane etmir. Sonda uzaqlaşan taksinin fonunda Oğlanın qəfil yıxılması, sürücünün laqeydliyi bu ictimai kontrastı daha da qabardır: “Əşi, nəyimə lazımdır. Mənimki kliyent daşımaqdır. Birdən həmin oğlan olar, qız da vay-şüvən salar, bayılar, bədbəxtçilik olar. Onda gərək düz bir il polisə gedəm. Başlayacaqlar ki, sən görəndə oğlanın vəziyyəti necəydi, hadisə baş verəndə gündüzdü, ya gecəydi? Qız oğlana nə dedi, oğlan qıza nə dedi? Eehh, at gedib, örkən aparacaq. Bas qaza ee!!!” İnsanların içində aşkar bir cəmiyyət xofu var...

Nədən belədir? – sualına daha bir cavabı yazıçı “Girov” hekayəsində (2012, iyul) arayır. Tarixi bir əhvalatı qələmə götürən mətn bir zaman Kişilərin bir-birinə inamı-etibarından söz açır; o qədər ki, hətta bütöv mənəvi varlıqlarını, “saqqal girovu” şəklində risk edər və ona xəyanət etməzdilər. Mənəvi dünyamızda yaranmış böyük boşluqlar yanında yazıçı tarixi dəyərlərə üz tutmalı olur; hekayə yenə də S.Aran nəsrinə xas bütün atributlarıyla, təsvir-təfərrüat dürüstlüyü, tədricən gərilən hadisə-xarakter gücü, mənəvi qəhrəman örnəkləri ilə: babalarımız belə olub, bəs biz nədən özgə olmalıyıq?! – deyir.

lll

Öz dediyinə görə, Səyyad Aran daim cəmiyyətin içindədir. Bir zaman bir tayından ayaq basıb, durmadan o yanlara adladığı körpülərdə(n) hər növ dərdlərimizə əyandı, xoş günlərimizə şayan. Necə ki, hekayələri bizə xəbər verir: şadlıq və yadlıq həmişə iç-içədir; göz istəyir hüdudlarını çözə, içi qabıqdan ayıra bilə...

Ayırdıqmı, sevinməyinə dəyər. Sandıqdan çıxan hər muştuluğa sevindiyimiz kimi.

 





29.04.2013    çap et  çap et