525.Az

"Ay çiçək" müəllifindən üç şeir


 

"Ay çiçək" müəllifindən üç şeir<b style="color:red"></b>

Petro İqnatyeviç Qoretski 1919-cu ildə Ukraynanın Marinski rayonunun Maksimovka kəndində anadan olub.

1939-cu ildə hərbi xidmətə çağırılıb, Azərbaycanın Astarxanbazar (Cəlilabad) rayonunun Prişib (Göytəpə) qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasında qulluq edib.
 
Gənc yaşlarından şeir yazmağa başlayan P.Qoretski sonralar Azərbaycanın tanınmış ədiblərindən Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rüstəm, Nəbi Xəzri və digərləri ilə yaxın dostluq münasibətləri saxlayıb.

Səməd Vurğunun, Süleyman Rüstəmin, Əhməd Cəmilin, Mirvarid Dilbazinin, Rəsul Rzanın, Zeynal Cabbarzadənin, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin poeziyasından nümunələr onun tərcüməsində dəfələrlə Ukraynanın ədəbi almanaxlarında dərc olunub.

Petro Qoretskinin yaradıcılığının əsas mövzusunu Azərbaycanın əsrarəngiz təbiəti, zəhmətsevər insanları təşkil edir. Onun Xalq şairi Nəbi Xəzri tərəfindən tərcümə olunan "Ay çiçək" şeirinə yazılmış mahnını müğənnilərimiz bu gün də sevə-sevə ifa edirlər.

Şairin "Ay çiçək" adl şeirlər və poema kitabı Nəbi Xəzrinin tərcüməsində 1984-cü ildə "Yazıçı" nəşriyyatında çapdan çıxıb.

P.Qoretski 1997-ci ildə Belarusun paytaxtı Minsk şəhərində vəfat edib. Xatirəsinə ehtiram ifadəsi olaraq, P.Qoretskinin 3 şeirini öz tərcüməmdə "525-ci qəzet"in oxucularına təqdim edirəm.

Ağaddin Babayev
AYB-nin üzvü. Lənkəran

Petro QORETSKI
(Ukrayna)
   
LƏNKƏRANDA SƏHƏR
     
Dəniz çağlayırdı duman içində,
Dalğalar uzaqda köpüklənirdi.
Əsgərlər nizamla ötüb keçəndə
Yaşıl Lənkərana nur ələnirdi.

Al-əlvan çiçəklər görürdüm ki, mən,
Orda da, burda da işıq saçırdı.
Sanki planetin hər tərəfindən
Bizim qarşımızda güllər açırdı.

Çiçəklər cürbəcür - qırmızı, sarı,
Heyva, nar gülünü hələ demirəm.
Sözlə demək olmur bütün bunları,
Rəssamlıq etməyi bilsəydim nə qəm.

Xoş ətir tutmuşdu yaşıl şəhəri,
Coşurdum baxdıqca çiçəyə, gülə.
Qızıl Lənkəranın gözəl səhəri
Fikrimdə, ruhumda nur saçır hələ.
VURĞUNU DİLİMƏ ÇEVİRƏNDƏ MƏN

Evimə işıqlı bir bahar gəlir,
Dəyişir dünyada hər şey təzədən.
Qəlbimdə bir şirin nəğmə yüksəlir
Vurğunu dilimə çevirəndə mən.

Əzəmətli Şuşa durur önümdə,
Dağların döşündə nəğmə yuvası.
Külək şıltaqlıqla ötür yanımdan,
Dolur ciyərimə təmiz havası.

Yenə də çinarlar verib səs-səsə,
Arpaçay suyundan içirəm yenə.
Yenə də duyğular gəlib həvəsə,
Cumuram suların dərinliyinə.

Görürəm bu yerlər mənə tanışdır,
Surəti hələ də qalıb gözümdə.
Sərhəddə keşikçi bir vaxt qalmışdım,
Çapmışdım atımı Muğan düzündə.

Qəlbimə baharlı bir gənclik gəlir,
Yer tapa bilmirəm sonsuz sevincdən.
Dəyişir gözümdə hər şey təzədən
Vurğunu dilimə çevirəndə mən.

ZASTAVA

Günəşdən ağarmış
yovşanlı qayaların qaşında,
Dağların döşündə
Əzəmətli bir qala kimi
qalxır zastava.
Bax, orda - Muğanda,
Sədaqətli köhlən atlar bir anda
Bizi aparırlar səhərlərin aydınlığına,
Gecələrin qaranlığına.
Hər qarış yerinə bələd olduğum
Otlaqlardan daha səs-səmir gəlmir.
Yenə də zastava girir yuxuma,
Görürəm sərhəddə keşik çəkirəm.

 





05.04.2017    çap et  çap et