525.Az

Ermənistanda hakimiyyət dəyişmədi, bəs mövqelər necə?


 

"DÜŞMƏN ÖLKƏDƏ SEÇİCİLƏRİN İRADƏSİ YOX, İNZİBATİ RESURSLAR, PUL KİSƏLƏRİ ƏSAS ROL OYNADI"

Ermənistanda hakimiyyət dəyişmədi, bəs mövqelər necə?<b style="color:red"></b>

Aprelin 2-də dünya birliyi Ermənistanda seçki saxtakarlığının növbəti nümunəsi ilə tanış oldu. Bəzi güclər buna sərt mövqe bildirdi, bəziləri isə susmaqla kifayətləndi. Ayrı-ayrı beynəlxalq qurumlar, xarici dövlətlər də Ermənistandakı seçkiləri sərt tənqid ediblər.

Reallıq isə budur ki, növbəti dəfə düşmən ölkə parlementində işğalçı təfəkkürlü qüvvələr yer alacaq. Bunlar hakim "Respublika" Partiyası, "Çarukyan" bloku,  "Yelk" ("Çıxış" bloku) və "Daşnaksütyun" Partiyasıdır. Onların əsas rəqibləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə atışmada öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi "Xalq" partiyasının birgə təmsil olunduğu blok və sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyanın başçılıq etdiyi "Ohanyan-Raffi-Oskanyan" bloku, o cümlədən, Azad Demokratlar Partiyası, Ermənistan Kommunist Partiyası, Erməni Dirçəlişi Partiyası parlamentdən kənarda qaldı. Əksəriyyət etibarilə bu, həmin qüvvələr idi ki, Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının işğalının Ermənistan üçün acı nəticələr vəd etdiyinin fərqinə varmışdılar.

Seçkilərdə iştirak edən xarici və yerli müşahidəçilər səsvermə prosesindən narazılıqlarını dilə gətirib, bu barədə hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edilib. Söhbət texniki vasitələrin nasazlığından, insanların bir yerə toplaşmasından, səsvermə sirrinin pozulmasından, seçkiqabağı rüşvət verilməsi hallarından gedir. Müşahidəçilərin bəyanatında vurğulanıb ki, seçki prosesində yeniliklərin seçicinin etimadını bərpa edəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, bu, baş vermədi. Seçkilərdə "qalib gəlməklə" hakimiyyətini daha da möhkəmləndirən Serj Sarkisyan əhalinin ona qarşı olan nifrətini daha da artırdı.

L.T.Petrosyan, Robert Koçaryan və digərləri yekdilliklə seçki prosesinin saxtalaşdırıldığını, Sarkisyanın qanunsuzluğa əl ataraq, Ermənistan vətəndaşlarının səsvermə hüquqlarını tapdalayaraq qələbə qazandığını bəyan edirlər. Bundan sonra, Ermənistanda kütləvi etiraz aksiyaları və qarşıdurmaların növbəti dalğasının başlayacağı qaçılmaz görünür.

Seçkilərdən əvvəl aparılmış rəy sorğusunda da Sarkisyanın "Respublika" partiyası 22 faiz göstərici ilə ikinci yerdə gedirdi. Amma total saxtakarlıq nəticəsində prezident Serj Sarkisyanın partiyası seçicilərin 50 faiz səsini toplayıb. Sorğunun nəticələrinə görə, "Daşnaksütyun" partiyası da parlamentə keçməməli idi. Lakin daşnaklardan aldığı ənənəvi dəstəyə görə Sarkisyan onların hesabına 7 faizdən çox səs yazdı. Oliqarx Haqik Tsarukyan isə xərclədiyi pullar və Sarkisyana bağlılığına görə parlamentdə xeyli yer ala bildi. Parlamentə düşən "Çıxış" bloku da elə hakimiyyət tərəfindən idarə olunur.

Ümumi mənzərə aydındır: Ermənistanda hakimiyyət dəyişmədi. Əksinə, Serj Sarkisyan rejimi daha da möhkəmləndi. Əsas sual isə budur: hakimiyyətini möhkəmləndirən Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi dəyişəcəkmi?

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən "Konstitusiya" Araşdırmalar Fondunun sədri, politoloq Əliməmməd Nuriyev qeyd edib ki, kütləvi informasiya vasitələrindən əldə olunan məlumatlara görə, Ermənistandakı seçkilərin kütləvi qanun pozuntuları ilə yadda qalıb: "Ermənistanın Baş Prokurorluğundan da bildirilib ki, mindən artıq qanun pozuntusu ilə bağlı faktlar var. Səslərin hesablanması zamanı da saxtakarlıq halları müşahidə olunub. Bütün bunlar göstərir ki, Ermənistanda parlament seçkiləri təzyiq altında, seçkilərin ələ alınması üsulu ilə həyata keçirilib, normal rəqabət imkanları olmayıb. Namizədlər qeyri-bərabər şəraitdə mübarizə aparıblar. Hətta Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib ki, bu seçki pul kisələrinin mübarizəsini xatırladıb. Bu o deməkdir ki, seçkilərdə kimin daha çox pulu var idisə, onlar da daha çox səs əldə edərək parlamentdə təmsil olunma haqqı qazanıblar. Burada seçki prosesində rüşvət amili önə çıxır".

Ə.Nuriyevin sözlərinə görə, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi hakim "Respublika" partiyası daha çox səs əldə etsə də, sonrakı yerlərdə oliqarxlardan təşkil olunmuş partiya və bloklar parlamentdə təmsil olunma imkanı qazanıblar: "Bu onu göstərir ki, real olaraq Ermənistandakı seçkilərdə seçicilərin iradəsi yox, inzibati resurslar, pul kisələri əsas rol oynayır".

Politoloq qeyd edib ki, artıq müxalif partiya və bloklar seçkilərin qeyri-legitim olduğu haqda bəyanatlar səsləndirirlər: "Xüsusilə bildirilir ki, Ermənistandakı parlament seçkilərində müharibə partiyaları qalib gəliblər. Bu da o mənaya gəlir ki, Ermənistan işğal olunmuş ərazilərdən sülh yolu ilə çıxmaq fikrində deyil. Buna görə də, Azərbaycan ciddi şəkildə müdafiə qabiliyyətini gücləndirməli, status-kvonun dəyişdirilməsi istiqamətində daha sərt addımlar atmalıdır. Çünki Ermənistan Dağlıq Qarabağ danışıqlarından yalnız imitasiya məqsədilə istifadə edir. Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmaq üçün nə iradəsi, nə də gücü var. Təəssüflər olsun ki, biz beynəlxalq təşkilatlar, həmsədr dövlətlərin də bu istiqamətdə Ermənistana ciddi təzyiqlərinin şahidi olmuruq".

Fond sədri hesab edir ki, Sarkisyan rejimi ilə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması  istiqamətində aparılan danışıqlarda irəliləyişin əldə olunması real görünmür: "Azərbaycan həmsədrlərin fəaliyyəti ilə bağlı öz iradlarını dəfələrlə bildirib. Düşünürəm ki, prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan öz torpaqlarının düşmən işğalından azad edilməsinin bütün mümkün imkanlarını yenidən nəzərdən keçirməlidir. Bu mənada, ordumuzun daha da gücləndirilməsinə ehtiyac var. Təsadüfi deyil ki, bir neçə gün əvvəl prezident İlham Əliyev "Hərbi vəziyyət haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Bu da onu göstərir ki, Azərbaycan ərazilərinin işğalı ilə barışmaq fikrində deyil. Heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin  yaradılmasına imkan verilməyəcək. Bunu beynəlxalq təşkilatlar, həmsədr dövlətlər də aydın şəkildə başa düşməlidirlər. Minsk qrupu status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı sadəcə bəyanatlar səsləndirməkdənsə, münaqişənin sülh yolu ilə həllini sürətləndirən real iş ortaya qoymalıdır".

Ceyhun ABASOV

 





07.04.2017    çap et  çap et