525.Az

“Qətl günü” Türkiyədə oxuculara təqdim olundu


 

 “Qətl günü” Türkiyədə oxuculara təqdim olundu<b style="color:red"></b>

Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb.

Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.

Layihə üzrə Yusif Vəzir Çəmənzəminli “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” kitablarının ardınca bu il Yusif Səmədoğlunun “Qətl günü” romanı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi “Qətl günü” romanı qardaş ölkədə maraqla qarşılanıb.

Qeyd edək ki, Yusif Səmədoğlunun humanist ideyaları təbliğ edən “Qətl günü” tarixi, psixoloji romanı bədii-estetik və sosial-ictimai mahiyyətinə görə son dövr nəsrimizin dəyərli nümunələrindəndir. Əsərdə üç müxtəlif dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Ədəbiyyatşünaslar “Qətl günü” romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edirlər.

 





08.04.2017    çap et  çap et